"Bayer həqiqəti deməyə çalışır, Uorlik isə çaşdırıcılıq ilə məşğuldur"
15:21 25-04-2015
CƏMİYYƏT
"Bayer həqiqəti deməyə çalışır, Uorlik isə çaşdırıcılıq ilə məşğuldur"
ABŞ-ın "erməni soyqırımı" və Dağlıq Qarabağ məsələlərinə münasibətində ciddi hesab ediləcək dəyişiklik baş verib. Ümumiyyətlə, rəsmi Vaşinqtonun erməni məsələlərinə münasibətində ikitirəlik daha da güclənib. Bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Mərkəzin direktoru qeyd edib ki, "Erməni soyqırımı"nın 100 illiyində iştirak edəcək ABŞ nümayəndə heyətinin tərkibi ən sonda təsdiqləndi. Diqqət çəkən məsələ budur ki, nümayəndə heyətinə ABŞ-ın maliyyə naziri başçılıq edəcək:
"Prezident Barak Obama bununla Türkiyəyə aydın mesaj verdi ki, ABŞ üçün Ermənistanda əsas məsələ Vorotan SES-lə əlaqəli müqavilənin imzalanmasıdır. ABŞ nümayəndə heyətinin tərkibi təsdiqlənən gün Ermənistan hökuməti iclasını çağırıb Vorotan SES-lə bağlı müqavilənin imzalanmasına hazır olduğunu təsdiq etdi və imzalamaq səlahiyyətini energetika naziri Y.Zaxaryana verdi. İndi bəlli olur ki, Ermənistan ABŞ-dan nazir səviyyəsində nümayəndə gətirmək üçün sövdələşib və Vorotan SES-in müqaviləsi imzalanacaq. Vorotan SES ilə əlaqəli müqavilənin imzalanması Ermənistanın Rusiya və İranla münasibətinə təsirsiz qalmayacaq. Ermənistanın enerji sektoru Rusiyanın monopoliyasındadır. ABŞ bu sahəyə nüfuz etməklə Rusiyanı sıxışdırıb çıxarmağın bünövrəsini qoymaq niyyətindədir. Digər tərəfdən, Vorotan SES İran-Ermənistan sərhədində yerləşir. ABŞ buradakı qurğulardan və ərazidən İrana qarşı elektron-casusluq qurğularının yerləşdirilməsi üçün istifadə edə bilər".
Politoloq bildirib ki, ABŞ prezidenti B.Obamanın "soyqırım" terminini işlədib-işlətməyəcəyi hər il aprelin 24-dək həyəcan və mübahisə mövzusu olaraq qalırdı: "Amma "erməni soyqırımı"nın 100-cü ilində prezident Obamanın səlahiyyətli iki köməkçisi – Ağ Ev əməkdaşları aparatının rəhbəri Denis Makdonou və prezident köməkçisinin müavini Ben Rods ABŞ-dakı erməni təşkilatlarının rəhbərlərini xəbərdar edib onlara bildirdilər ki, Obama bu il "erməni soyqırımı" terminini işlətməyəcək. Obama nəinki "soyqırım", heç "mets yegern" terminini də işlətmədi. ABŞ-dakı ermənilərin və Ermənistanın narazılığı yaransa da bu, Vorotan SES-lə bağlı sazişin imzalanmasına əngəl yaratmadı".
Mərkəzin direktoru hesab edir ki, ABŞ-ın Dağlıq Qarabağ tənzimlənməsinə də mövqeyi dəyişib: "ABŞ dəyişən mövqeni ATƏT-dəki səfir Daniyel Bayer vasitəsilə bəyan etdi və itkin düşən şəxslərin siyahısının dəqiqləşdirilməsinə çağırdı. ABŞ bildirdi ki, etimad tədbiri kimi tərəflər arasındakı dialoqun güclənməsini arzulayır. Bu, rəsmi Vaşinqtonun Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoquna çağırışıdır. Amerika Böyük Sülh Sazişinin hazırlanmasına rəsmən başlanmasını tövsiyə edir. Hər üç məsələ Azərbaycanın maraqlarına cavab verir. Azərbaycan bu üç məsələdən ötrü həmişə çalışıb, ermənilər isə bunları həmişə rədd ediblər. Nəhayət ki, ABŞ Dağlıq Qarabağ tənzimlənməsində ortalığa belə aydın mövqe qoydu".
M.Əhmədoğlu deyib ki, "erməni soyqırımı" məsələsində ABŞ-ın erməniləri qane etməyən mövqeyinin davamlı olacağına sübhə yoxdur: "Baxmayaraq ki, ABŞ-ın dövlət strukturlarında "erməni soyqırımı"nın ABŞ tərəfindən tanınmasına çalışan xeyli məmur var. Konqresdə isə "erməni soyqırımı"nı tanımaq istəyənlərin sayı hədsiz çoxdur. Amma Ağ Ev Administrasiyası "erməni soyqırımı"nın tanınması istiqamətində çalışan qüvvələri neytrallaşdırmağı bacarır. ABŞ-dakı ermənilərin hiperaktivliyi Ağ Evi bezdirib. Türkiyənin iştirakı olmadan belə ermənilər Ağ Evdə özlərinə qarşı nifrət yarada biliblər. Amma bu fikirləri ABŞ-ın Dağlıq Qarabağ tənzimlənməsi ilə əlaqəli mövqeyinə aid edə bilmərik. Çünki Dağlıq Qarabağ tənzimlənməsi ilə Ağ Ev deyil, ABŞ Dövlət Departamenti məşğuldur. ABŞ-ın ATƏT-dəki səfirinin bəyanatından bir həftə keçməsinə baxmayaraq hələ də ABŞ-dan olan həmsədr Ceyms Uorlik ABŞ-ın ATƏT-dəki səfirini Dağlıq Qarabağ tənzimlənməsi ilə əlaqəli obyektiv, həqiqətə mümkün qədər yaxın rəsmi bəyanatına tvitində reaksiya verməyib. Çünki Bayerin mövqeyi Uorlikin bu vaxtadək bəyan etdiyi mövqeyinin tam əksinədir. Bayer həqiqəti deməyə çalışır, Uorlik isə çaşdırıcılıq ilə məşğuldur. Beynəlxalq ictimaiyyətə ABŞ-dakı azərbaycanlı icmasını Dağlıq Qarabağın azərbaycanlı icması adı ilə soxuşdurmaq istəyir. Guya Uorlik icmalararası dialoqla məşğuldur. Yada salaq ki, ABŞ-ın eks-səfiri C.Hefferin də ABŞ adından bu cür əməlləri ilə Ermənistan-Türkiyə münasibətlərinin yaxınlaşmasına imkan vermədi. Çünki bu, ermənilərin arzularına uyğun idi. Uorlik də Dövlət Departamentinin bir qrup əməkdaşı ilə birlikdə ermənilərin arzularına uyğun hərəkət etmək istəyir. Ermənistan-Türkiyə münasibətlərinə ABŞ-ın mövqeyi ilə bağlı eks-səfir Hefferinin cəhdləri nəticəsiz qaldı. C.Uorlikin də ermənipərəst arzularının səmərəsiz olacağını ümid edirik".
Digər Xəbərlər
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05