XXI əsrin "Şeytanları": qapıları bağlayın, onlar yenə gəlir
07:44 28-04-2015
CƏMİYYƏT
XXI əsrin "Şeytanları": qapıları bağlayın, onlar yenə gəlir
Dostoyevski "Şeytanlar" romanının əsas mənfi personajı Nikolay Stavroginə əclaf deyirdi və o, iblisin özü idi. Adi ailə dramından yola çıxan dahi rus dünyanın siyasi səhnəsini göz önünə sərir. Nihilistlərdən (qərbçilər, liberallar - red.) və onlarla eyni səviyyədə dayanan əclaflardan bəhs edir.
Və bu gün dünyanın siyasi nizamında yaşanan "dram" XIX əsrin Rusiyasına çox bənzəyir.
Əclaflar: Onlar inqilab afişası altında xalqları aldadır, birjalardan başlayaraq insanların ciblərinə qədər girir, müharibələr, qanlar tökür.
Nihilistlər (qərbçilər): Onlar yalnız inqilab afişalarının asıldığı çubuqları tutur, tərifini belə düz-əməlli anlamadan "azadlıq" deyə qışqırır. Onlar "Şeytanlar"dakı Pyotr Stepanoviç (real insan olan Neçayev adlı inqilabçı gəncin personajıdır - red.) və dostlarına çox bənzəyir, insanlara yalnız anarxiya gətirirlər.
İndiki dünyanın siyasi sistemində Nikolay Vsevolodoviçlər realdır. Onlar özlərini Allah hesab edir, diktə etməyə çalışır, planlar qurur, təbliğatlar aparır... Onların hədəfi boyun əydirməkdir.
Çoxumuzun xəbəri olmadan bu təbliğatlar qapımızı döymədən evimizə qədər girə bilir və qulağımıza pıçıldayır: "Səhər yeməyi gün ərzində qida qəbulunun ən mühüm olanıdır". Heç dəxli var?!
Lakin hər zaman kimlərsə bizə öz evimizdə baş verənlərdən xəbərsiz olduğumuzu sübut etməyə çalışır. Mənzərə tanışdır. Cəmi 3 il öncə "Eurovision-2012" Bakıda keçirilərkən bizə "Xəzər suyunun duzlu olmadığı" kimi nəsnələri sübut etməyə çalışırdılar və inananlar da tapılmışdı. Çünki bu təbliğatçılar çox mahirdir. Heç nə olmasa belə, nəsə tapmağı bacarırlar.
Qapıları bağlayın,
onlar yenə gəlir
Bu günlərdə "Bakı-2015" I Avropa Oyunları ilə bağlı Amerikanın "EurasiaNet.org" saytı da bir məqalə yayımlandı. Sayt Avropa Oyunlar zamanı qonaqlara verilən səhər yeməyini "turizm azadlıqların məhdudlaşdırılması" kimi dəyərləndirir və yazır: "Mətbəx Azərbaycan mədəniyyətini beynəlxalq səviyyədə tanıtmağa hesablanmış bu missiyanın bir hissəsidir. Səhər yeməyi gün ərzində qida qəbulunun ən mühüm olanıdır. Ancaq "Azerbaijan Breakfast"ın tərkibinə nə daxildir? İdeyanın cəlbedici olmasına baxmayaraq, Mədəniyyət və Turizm Nazirliyi hələ bunu müəyyənləşdirməyib. Dövlət Patent Komitəsi də heç nə bilmir. İddia etmək çətindir ki, "Azerbaijan Breakfast" patentləşdirilməyə layiq olacaq dərəcədə qeyri-adidir. Bir qayda olaraq bu yeməyə qoyun pendiri, bal, yoğurt, meyvələr, pomidor-yumurta, çörək və çay, çay, çay... daxildir. Məzmun regionun digər ölkələrindən fərqlənmir".
Məqalədə həmçinin otellərdə televizorlarda yalnız yerli kanallar göstəriləcəyi və məqsədin qonaqların yalnız Azərbaycan hökumətinin mövqeyini əks etdirən xəbərlərə baxmalı olduğu iddia olunur. Sayt Azərbaycanda jurnalistlərin və fəalların həbs olunduğunu da iddia edir.
"EurasiaNet.org" saytının bağlı olduğu dairəni araşdıranda hər şey ortaya çıxır və Dostoyevskinin "Şeytan"ının başı görünür. Söhbət "inqilab ixracatçısı", birjaçı, filantrop hesab olunan Corc Sorosdon gedir. Azərbaycan insanı üçün bu ad çox şey deməkdir. Lakin bu adın iki anlam daşıdığı da məlumdur. Cəmiyyətin çox az hissəsi, hansı ki, C. Sorosa bağlı fondlarda, təşkilatlarda işləyənlər onu demokrat, əksəriyyət isə "xaosun banisi" hesab edir.
O, Nikolay Vsevolodoviçə çox bənzəyir. "Pul" - bəzən onun Allahının məhz bu amil olduğu deyilir. O, "inqilabçıdır", lakin ötən əsrin inqilabçılarından fərqlənir. Bu qoca "inqilabçı" Çe Gevara kimi inqilab dalınca Boliviyaya qədər getmir. Hədəfdə olan və boyun əyməyən ölkəni qarışdırmaq üçün özünün "qladiatorlarını" göndərir, getdikləri ölkələrdə afişa çubuğunu tutanları məmnun etmək üçün ciblərinə yaxşı pul da qoyur.
2003-cü ilin Tiflisi onu unutmayıb. "Qızılgülləri" gürcü paytaxtına məhz Soros gətirmiş və SSRİ qalığı hesab etdiyi Şevarnadzeni arxivə göndərmişdi. Əvəzində gürcülərə müharibə və torpaq itkisi verdi. 2004-cü ilin Kiyevini də "narıncıya" Soros boyamışdı. 9 il sonra Ukraynada "Maydan" açılmasında da onun rolu böyük oldu. Slavyanların asi oğullarının qisməti müharibə oldu.
"İnqilab müharibə və bədbəxtlik gətirir"
Sorosun bədbəxtlik gətirmək istədiyi ölkələrdən biri də Azərbaycan idi. Bakı küçələrinin şahidlik etdiyi "qızılgüllər" və "narıncıların", həmçinin, "ərəbləşmiş" Stepanoviç və dostlarının arxasında həmişə bu və ya digər formada onun başı görünürdü. Lakin bu, qoca "inqilabçı"nın boğazında sümük kimi ilişib qaldı. Corc Soros Azərbaycanda gerçəkləşdirmək istədiyi arzusuna çatmadı. O, öz uğursuzluğunu "Azərbaycan xalqının inqilaba hazır olamaması" ilə izah edir. Lakin bu qoca "bu xalqın öz taleyini özü seçdiyini və seçdiyi şəxsin arxasında sonuna qədər dayandığını" anlaya bilmir. O, yalnız öz prinsipi ilə düşünür, Nikolay Vsevolodoviçin düşündüyü kimi.
Son illərə qədər Corc Soros müxtəlif fondlar və təşkilatlar vasitəsilə Azərbaycanda fəaliyyət göstərir, ölkənin daxili işlərinə birbaşa, çağırılmamış qonaq kimi burnunu soxurdu. Bakı buna sonuna qədər dözümlü yanaşdı, nəhayət, hər şeyin sonu olduğu kimi Sorosun Azərbaycan "macəralarının" da sonu gəldi. Bundan sonra onun qisasçılıq hissi ilə geridönüşü gözlənilən idi. Lakin o, son təması qurmadan buna getmək istəmədi və Davosda Azərbaycan Prezidenti ilə görüşdü. Yayılan məlumatlara görə, dövlət başçısından Azərbaycanda fəaliyyətinin bərpa etməyi xahiş edib və razılıq alıb. Lakin bir şərtlə: ölkənin daxili işlərinə qarışmayacaq. Bu C. Sorosa sərf etmədi və həmin görüşdən dərhal sonra Azərbaycanla bağlı tənqidi bəyanat yaydı. Qoca "inqilabçı" qisasa başlamışdı. "Bakı-2015" isə bunun üçün əla müstəvi ola bilər. Məhz "turizm azadlıqlarının məhdudlaşdırılması" deyə səhər yeməyi təbliğatı bunun tərkib hissəsidir. Çox uğursuz başlanğıcdır. Görünür, 85 yaşlı "inqilabçı" başının yerinə mədəsi ilə düşünməyə başlayıb.
Lakin o da faktdır ki, Soros tək deyil və "Bakı-2015" üzərindən Azərbaycanla bağlı təbliğatın şaxələndirilmiş qollarında müxtəlif güclər dayanır. Bu, ümumi mənada geniş şəbəkədir və Soros bu hörümçək torunu hörənlərdəndir. Bir də bu hörümçək torunda artıqların qoxusuna toplaşan böcəklər var, hansı ki, sonda onlar da qurbana çevrilir…
"Ən təhlükəli düşmən ən yaxın düşməndir"
Onlar yalnız inqilab afişalarının asıldığı çubuqları tutur və...
Azərbaycanlı Stepanoviç və dostları bu gün siyasi səhnədə hörümçək torunu quranların "toruna" düşür, "Bakı-2015" üzərindən ölkəyə qarşı aparılan təbliğatda rol alır. Onlar yanlarında olmayanları xain hesab edir və bəzən bu ölkənin ən yaxın və ən təhlükəli düşmənləri kimi davranırlar.
Dostoyevski müasir siyasi leksikonun anarxist, radikal adlanan nihilistlərin "inqilab" və "utopiya" xəyallarının arxasında güclü bir iqtidar istəyinin olduğunu yazır. Onlar bunun üçün aralarında "xain" hesab etdiklərini (Şatov) parkda öldürüb cəsədini gölə tullamağa hər an hazırdırlar. Unutmayın Stepanoviç və dostları bu gün ölkənin siyasi partiyalarında, inqilab və gələcək demokratiya adı altında fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarında mövcuddur. Artıq başlanan təbliğatın tərkib hissəsində Stepanoviç və dostlarının inqilab afişalarının çubuqlarını tutan əlləri görünür...
Lakin təcrübə onların və əllərinə afişa verənlərin taleyini indidən bəlli edir. Hörümçək toruna toplaşan böcəklərin sonunda qurban olduğu kimi...
Asif Nərimanlı
Digər Xəbərlər
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:45:39
2024-11-27 09:19:14
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03