Fransua Ollandın Bakı səfərində strateji maraqlar
07:54 29-04-2015
CƏMİYYƏT
Fransua Ollandın Bakı səfərində strateji maraqlar
Bu səfər əslində kəşfiyyat xarakterli idi
Bu günlərdə Fransa prezidentinin Bakıya səfəri birmənalı qarşılanmadı.Çünki Fransua Ollanda Yerevana erməni "soyqırım"ına görə getmişdisə, Azərbaycana səfəri əsasən Dağlıq Qarabağ probleminin müzakirəsi ilə bağlı oldu. Buna görə Fransua Ollandın Bakı səfəri daha maraqla qarşılandı. Qeyd edək ki, görüş zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olundu. Əlaqələrimizin dinamik inkişaf etdiyi bildirildi.
Son illərdə dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərin daha da inkişafına təkan verdiyi vurğulandı. Tərəflərin əlaqələrin daha da genişlənməsində maraqlı olduğu bildirildi və bunun üçün böyük imkanların mövcudluğu qeyd edildi.Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların son vəziyyəti ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollandın münaqişənin həlli istiqamətində göstərdiyi fəallıqdan məmnunluğunu ifadə etdi."Unikal"a açıqlama verən politoloq Ülkər Abdullayeva da hesab edir ki, Fransa prezidentinin Bakı səfəri daha effektli və strateji baxımdan maraqlı idi:"Qondarma "erməni soyqırımı"nın 100 illiyini qeyd etmək üçün Ermənistana gələn, ordan da Azərbaycana adlayan Fransa prezidenti Fransua Ollandın 2-ci Bakı səfəri bir neçə səbəbdən əhəmiyyətlidir. Cənubi Qafqazdakı münaqişəli məqamlar, xüsusilə də Rusiyanın təzyiqləri məsələsində vasitəçi rolu adətən Fransa üstlənir. Əgər xatırlayırsızsa, Gürcüstanla bağlı 2008-ci ilin avqust hərbi kampaniyasında Fransa həlledici rol oynadı. Əslində Gürcüstanın mövqelərini müdafiə etməli olan Paris bu hərbi münaqişədən Rusiya ilə enerji problemlərini həll etmək üçün istifadə etdi.
Fransa Ermənistanın nəzarətində olan Azərbaycan əraziləri ilə təmas xəttində son dövrlərdə yaşanan gərginlikdən narahatdır. Bu narahatlıq daha çox erməni silahlılarının və Ermənistanın taleyi ilə bağlıdır. Bizdə tez-tez sual verirlər ki, niyə Avropa, ABŞ geosiyasi baxımdan daha əlverişli olan, Avroatlantik inteqrasiyaya meyl göstərən Azərbaycanın deyil, Ermənistanın yanındadır?! Sualın cavabı çox bəsitdir. Onlar Azərbaycanın geopolitik oriyentasiyasından arxayındırlar. Amma bunu Ermənistan barədə demək olmaz. Qərb Rusiyanın forpostu olan Ermənistana bir şəkildə təsir imkanlarını saxlamaq istəyir. Burada isə siyasi və hərbi təzyiqlərə yer yoxdur. Qərb ermənilərin nəbzini tutmaq üçün onların "yaralı yerləri"ndən istifadə edir. "Soyqırım"ın ildönümünü qeyd etmək Avropaya lazım deyil. Amma Ermənistanı əldə tutmaq, lazımı məqamda ondan Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etmək lazımdır. Əlbəttə bura lobbilərin maraqlarını, Rusiyanı neytrallaşdırmaq siyasətini də əlavə etmək olar. Odur ki, Ollanda Azərbaycanın Ermənistanla bağlı hazırkı niyyətlərini bilmək lazım idi. O, bilmək istəyirdi ki, rəsmi Bakı konfliktə baxışında hansısa dəyişikliklər edib, ya yox. Bu tip səfərlərin məğzini tutan adam kimi isə deyə bilərəm ki, Azərbaycan prezidenti Ollanddan "soyqırım ziyarəti"ni nə üçün gerçəkləşdirməsinin səbəbini belə soruşmayıb. Adətən İlham Əliyevin statusunda olan prezidentlər spontan cavabları olan sualları verməyi xoşlamırlar.
Digər tərəfdən, Azərbaycan Avropa üçün hələ də etibarlı enerji tərəfdaşı olaraq qalır. Rusiyanın çılğınlıqlarını önləmək üçün alternativ enerji mənbələri sıralananda Azərbaycanın adı ən başda gəlir. Azərbaycanın belə situasiyalarda ən azı Gürcüstanı böhrandan çıxarmaq kimi təcrübəsi var. Olland inandırmalıdır ki, Azərbaycan onlar üçün lazımlı tərəfdaşdır və onu itirmək istəmir.
Üçüncü amil konkret Fransanın Azərbaycanın enerji daşıyıcılarından əldə etdiyi gəlirlərlə bağlıdır. Olland hələ ötən dəfəki Bakı səfərində iki ölkə arasındakı iqtisadi əlaqələrdən məmnunluğunu ifadə etmişdi. Fransa Azərbaycanla ticarət dövriyyəsinə görə ilk beşlikdə yer alan ölkədir (qarşılıqlı ticarət dövriyyəsi 4 milyard Avro təşkil edir). Azərbaycanda 30-dan çox fransız şirkəti fəaliyyət göstərir. Bu gün Fransanın bir neçə aparıcı neft şirkəti Azərbaycanda neft yataqlarının kəşfi, işlənməsi və neft hasilatı sahəsində işləyir. Və Fransa Azərbaycanın ən iri neft alıcılarından biridir. Odur ki, Fransa üçün Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyəti çox böyükdür. Azərbaycana Fransanın sənayeləşdirmə planı olan "Fransa-34"-ün önəmli iştirakçılarından biri kimi baxılır. Bunu Olland özü də etiraf etmişdi. Yeni energetika sahələrinin yaradılması, Xəzər hövzəsinin enerji daşıyıcılarının Avropaya yönləndirilməsi, diversifikasiyası Qərbin başlıca hədəflərindəndir. Bu baxımdan, Fransanın Ermənistanla ehtiyatla davranması həm də gələcəkdə planlaşdırılan strateji layihələrin hərbi təhlükə altına düşməməsi ilə bağlıdır. Fransa üçün münaqişənin həlli deyil, uzunmüddətli dondurulması önəmlidir. Ollanda lazım idi dəqiqləşdirsin ki, strateji əməkdaşlıqda Azərbaycanın qonşularla münasibətlərinin rolu nə qədərdir?
Rusiyanın Ukrayna siyasəti Qərbi Avropanın "yeni qonşuları" ilə bağlı siyasətə yenidən baxmağa vadar edir. Onlar bilmək istəyirlər ki, post-sovet ölkələri Rusiyanın son addımlarından sonra özləri üçün hansı dərsləri çıxarıblar, Avrasiya İttifaqı modelinə indi necə baxırlar, Rusiyayla bağlı qorxuları, gözləntiləri nədən ibarətdir. Bu arada son zamanlar Rusiya-Türkiyə yaxınlaşmasını da gözardı etməmək lazımdır. Çünki Avropa Türkiyənin Azərbaycan üzərindəki təsirini yaxşı bilir və bundan da narahat olmamış deyil".
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43