Zakir Qaralov baş prokuror oldu
08:11 29-04-2015
CƏMİYYƏT
Zakir Qaralov baş prokuror oldu
"Lavrov mənşəcə erməni olsa da, soyuqqanlıdır"
"Əlbəttə, biz həmişə Rusiya məkanında fəaliyyət göstərən Azərbaycan təşkilatlatlarının güclənməsini istəmişik. "Milyarderlər İttifaqı" dağılandan sonra isə azərbaycanlıların mədəni muxtariyyətləri arasında parçalanma gücləndi". Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.
O bildirib ki, Rusiya mediasında, maliyyə sektorunda mənşəcə erməni olan insanlar çoxdurlar. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da mənşəcə erməni olduğunu xatırladan deputatın sözlərinə görə, o, soyuqqanlılığı ilə seçilir. Zahid Oruc qeyd edib ki, Rusiyadakı Azərbaycan təşkilatları güclənməlidir.
"AŞPA-da "erməni
soyqırımı"na dəstək
verənlərin Azərbaycana gəlib-getməsi
məhdudlaşdırılmalıdır"
Bunu Milli Məclisin iclasında Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa deyib.
Deputat Avropa Şurası Parlament Assambleyasında ermənilərin "soyqırımı" ilə bağlı 171 imza toplamasına da diqqət çəkib: "Məlumdur ki, onlara dəstək verən qüvvələr var. Təklif edirəm ki, Xarici İşlər Nazirliyində bununla bağlı bank yaradılsın. Qondarma soyqırımına dəstək verənlərin Azərbaycana gəlib-getməyinə məhdudiyyət qoyulsun".
Spiker Oqtay Əsədov isə deyib ki, AŞPA da ermənilər imza toplasa da, hər hansı qərar qəbul olunmayıb.
Deputatlar Ələkrəm Hümmətovun
cəzalandırılmasını
tələb etdilər
Milli Məclisin iclasında 1993-cü ildə özünü "Talış-Muğan Respublikası"nın lideri elan edən Ələkrəm Hümmətovun qondarma erməni soyqırımı ilə bağlı bəyanatı müzakirəyə çıxarılıb.
Deputat İqbal Məmmədov onu xəyanətkar adlandırıb. Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə isə bildirib ki, Ələkrəm Hümmətov Azərbaycana qarşı xəyanət edib və o xaricdə ölkəmiz əleyhinə kampaniya aparır.
Deputat qeyd edib ki, Xarici İşlər Nazirliyi və Azərbaycan diasporu məsələni diqqətdə saxlamalı və ciddi tədbirlər görməlidir. "O, Avropanın verdiyi hüquqlardan istifadə edərək, Azərbaycanı parçalamağa yönəlik çıxışlar edir. Hökmən o bu addımlarına görə cəzalandırılmalıdır. Bununla bağlı beynəlxalq təşkilatlara müraciət olunmalıdır".
Onun sözlərinə görə, xəyanətkar Ələkrəm Hümmətov xarici təşkilatların əlində oyuncağa çevrilib.
Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, Ələkrəm Hümmətov kimi separatçı, xəyanətkar birini fetişləşdirməyə ehtiyac yoxdur. "Ümumiyyətlə, onun səviyyəsi yoxdur. O, Azərbaycana xəyanət etmiş adamdır".
"Ermənilər AŞPA-da qondarma soyqırımla bağlı heç bir tədbir
keçirə bilmədilər"
"Bu sessiyada ermənilər bir neçə cəhd göstərdilər. Ancaq onların istəkləri alınmadı. Avropa Şurasının nümayəndələrinin imzasını toplamaqla dünyaya beynəlxalq sənəd təqdim etmək istəyirdilər. Əslində bu ermənilərin yeni təbliğat cəhdi idi".
Bunu Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Milli Məclisin iclasında deyib. Onun sözlərinə görə, AŞPA-da sənəd qəbul olunması çox mürəkkəb prosesdir.
Səməd Seyidov qeyd edib ki, sadəcə, imza toplamaqla bunu reallaşdırmaq mümkün deyil. "Sözügedən sənədin heç bir gələcəyi yoxdur. Azərbaycan və Türkiyə nümayəndə heyəti bunun qarşısını aldı. Onlar qondarma soyqırımla bağlı AŞPA-da heç bir tədbir keçirə bilmədilər. Bu, ermənilərin sessiyadakı uğurunu yox, məğlubiyyətini göstərdi. Ermənilər ölkələrin içərisinə girərək onları parçalamaq niyyətini güdüblər. Azərbaycan nümayəndə heyətinin iki üzvü - Sahibə Qafarova və Sevinc Fətəliyeva Avropa Şurasının faktiki ombudsman müavini səviyyəsinə yüksəldilər. Sahibə xanım qadınlara zorakılıq kampaniyasına qarşı, Sevinc xanım isə uşaqlara zorakılıq kampaniyasına qarşı Avropa Şurasının bütün gördüyü işlərin koordinasiyanı aparacaq. Bizim xanım nümayəndələrimiz bu vəzifələrə müddətsiz gətirilib.
Azərbaycan nümayəndə heyəti sessiyada bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Gürcüstanda, Ukrayna və Moldavada olan münaqişələrdən fərqləndirilməsin. Mins qrupu Qarabağ münaqişəsini Azərbaycan torpaqlarının işğal olunmuş ərazilər kimi qəbul etməlidir. Artıq bu istəyimizə nail olmuşuq. Monitorinq Komitəsinin qərarı ilə xüsusi alt komitə yaradıldı. Komitədə "Avropa Şurası ölkələri içərisində münaqişələr, konfiliktlər və Dağlıq Qarabağ münaqişəsi" ifadəsi "Azərbaycanın Dağlıq Qarabağ və başqa 7 rayonun işğalı nəticəsində zəbt olunmuş torpaqlar" kimi qeyd edilib".
Siyavuş Novruzov
cəmiyyətdə aqressiyanın artmasından danışdı
"Elə məhsullar var ki, ölkədə istehsal olunmadığı üçün xaricdən gəlir. Bu məhsullara nəzarət olmalıdır, çünki onların genetik kodu dəyişdirilir".
Bunu Milli Məclisin iclasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
O, cəmiyyətdə aqressiyanın artması barədə danışarkən bildirib ki, bunun əsas səbəblərindən biri də informasiya ilə bağlıdır.
"Burada məsələlər qaldırıldı ki, aqressiya artır. Ancaq burada informasiya da rol oynayır. Televiziyalar da başda kriminal xəbərlər verirlər, insanın insanı necə qətlə yetirməsini göstərirlər. Eləcə də saytlarda, internetdə insanın özünü necə asmalı olduğunu göstərirlər. Məncə, sosial reklamlar olmalıdır. Törədilən cinayəti xüsusi anonsla vermək lazım deyil. İnsan nə qədər ağır informasiya qəbul edirsə, bir o qədər də aqressivləşir. Əlbəttə, burada dini cəryanların qızışdırma amilləri də var".
Siyavuş Novruzov qeyd edib ki, Azərbaycanda tarixən tolerantlıq olub və bundan sonra da belə davam edəcək. "Azərbaycanda milli ayrı-seçkilik heç vaxt olmayıb və həmişə bir qardaş kimi yaşamışıq. Odur ki, Ələkrəm Hümmətov kimi şəxslərin nə deməsindən asılı olmayaraq bu birliyimizi və monolitliyimizi davam etdirməliyik".
Millət vəkili
ölümdən döndü
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı bir neçə gün öncə ciddi avtomobil qəzası təhlükəsi ilə üzləşib.
Bu barədə millət vəkili F.Ağamalı Milli Məclisin keçirilən iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bazar günü iki avtobus onun olduğu maşını araya alıb sıxaraq ciddi bir qəza vəziyyəti yaradıblar: "Sözün əsl mənasında Allah bizi qurtardı. Yaxınlaşıb polisə deyirəm ki, bu marşrut sürücüsü barəsində tədbir görsünlər. Amma polis də deyir ki, heç nə edə bilmərəm, onları himayə edənlər elə adamlardır ki, gücümüz çatmır". Axı kimdir bunlar? Hansı imtiyaz verilib ki, adi sürücüyə də söz deyə bilmirlər?"
F.Ağamalı onu da bildirib ki, bəzi qurum əməkdaşları orta məktəblərin qarşısında pusquda dayanırlar, valideynlər maşını saxlayan kimi gəlib cərimə meydançasına aparırlar.
Deputat təklif edib ki, məktəblərin qarşısında xüsusi yerlər yaradılsın və orada maşınların 5-10 dəqiqəlik saxlanılmasına icazə verilsin.
Spiker Oqtay Əsədov isə təklifə narazılığını bildirib: "Bakıda yüzlərlə məktəb var, hər ailədə də 2-3 maşın var. Hər valideyn gedib saxlasa, gör nə qədər maşın edər. Xarici ölkələrdə də belə şey yoxdur. Orada hər kəs uşağını avtobusla aparır".
İclasda həmçinin yaşı 80-ə çatmış insanların avtomobil idarə etməsinin qadağan edilməsi təklifi də səslənib.
Qeyd olunub ki, bu yaşda artıq insanlarda diqqət zəifləyir, eşitmə və görmə hissləri pisləşir, reaksiya hissi aşağı düşür və bu da çox vaxt qəzalara səbəb olur.
Sabir Rüstəmxanlı
deputat
həmkarlarından inciyib
"Aprel ayının 18-də Dünya Azərbaycanlıları Konqresinin (DAK) 13-sü qurultayını keçirdik. Yüksək səviyyədə keçən qurultayda Türkiyə və İraqdan millət vəkilləri iştirak edirdi. Türkiyənin 20-yə yaxın televiziyası qurultayın gedişini dünyaya çatdırdı".
Bunu Milli Məclisin iclasında DAK sədri, deputat Sabir Rüstəmxanlı deyib. O, DAK-ın qurultayına laqeyd mövqelərinə görə azərbaycanlı deputatlardan incidiyini bildirib:
"Yaşımdan, Milli Məclisdə olan stajımdan istifadə edib bir incikliyimi və fikrimi çatdırmaq istəyirəm. DAK-ın qurultayına Qazaxıstandan başlamış Avstraliyadan, Amerikadan və bir çox ölkələrdən millət vəkilləri gəlmişdilər. Azərbaycandakı həmkarlarıma dəvətnamə vermişdim. Amma buna baxmayaraq, heç kim qurultaya gəlmədi. DAK İrana qarşı yaradılan təşkilat deyil. Bu, diaspor təşkilatıdır, müstəqildir, nə müxalifət, nə də iqtidardır. Yalnız milli birliyə xidmət edən bir təşkilatdır. Təəssüflər olsun ki, dəvətnamə verdiyim həmkarlarımın heç olmasa biri bir cümlə ilə də olsa, qurultaya görə təbrik səsləndirmədilər. Vaxtilə mərhum Heydər Əliyev DAK-ın Vaşinqtonda keçirilən qurultayına 60-a yaxın adam göndərmişdi. Başa düşə bilmirəm, indi bu nə laqeydlikdir? Bizim aramızda yoldaşlıq var. Biri-birimizin xeyir-şərində iştirak edirik, çox gözəl. Amma bu da bir milli hərəkatdır, milli işdir".
Zakir Qaralov prezidentə təşəkkür etdi
Milli Məclisin keçirilən iclasında Zakir Qaralovun yenidən Baş prokuror vəzifəsinə təsdiqlənməsi üçün prezident İlham Əliyevin təqdimatı müzakirə edilib. Nəticədə Milli Məclis növbəti 5 il üçün Zakir Qaralovu Baş prokuror vəzifəsinə təsdiqlənməsinə razılıq verib.
Bundan sonra çıxış edən Zakir Qaralov ölkə başçısına təşəkkürünü bildirib. Baş prokuror qeyd edib ki, rəhbərlik etdiyi qurumla Milli Məclis arasında həmişə səmərəli əməkdaşlıq olub.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43