Azərbaycana savaş elan edildi
11:08 30-04-2015
CƏMİYYƏT
Azərbaycana savaş elan edildi
Güclərin pərdəarxası maraqları nədir?
ABŞ Azərbaycana qarşı ciddi proseslərə start verir və ilk növbədə ortaya belə sual çıxır. Nədən Azərbaycana qarşı? Bu sual ona görə yaranır ki,
-Azərbaycan ABŞ-la antiterror əməliyyatlarında sıx müttəfiqlik edir və ABŞ buna görə Azərbaycanı strateji ölkə hesab edirdi
- Azərbaycan ABŞ-la müttəfiqliyi dərinləşdirərək Qərbin enerji təhlükəsizliyində mühüm rol oynayır
-Məhz ABŞ-ın Avropada maraqlarını təmin edəcək proseslərdə Azərbaycan aktiv iştirak edir
- Azərbaycan ABŞ-ın Şərq siyasətinə əngəl yaratmır və uzun illər İsraillə əməkdaşlıq nəticəsində bu siyasətə müsbət təsirini göstərib. Amma bunların qarşılığında ABŞ tərəfindən belə bir plan ortaya çıxır. Haqqında söhbət açdığımız planın bəndlərinə baxdıqda isə bu layihənin hansısa bir təşkilat səviyyəsində olmadığını, əksinə ABŞ-ın Qərb siyasətinə prinsipial təsir etmə həvəsini görürük. Planda nəzərdə tutulan bəndlərə baxaq
- Hələ başlamamış Avropa Oyunları ilə bağlı korrupsiya və qanunsuzluqlara dair hesabatların hazırlanması;
- Azərbaycanda idmançılar və məşhur şəxslərlə əlaqə saxlamaqla kampaniya üçün səfirlər təyin edilməsi;
-Həbsdə olan şəxslərin hal anketlərinin, onların infoqrafika və şəkillərinin, media üçün informasiya paketlərinin hazırlanması
- ABŞ və Avropa rəsmiləri və siyasətçiləri ilə davamlı təbliğat işlərinin aparılması;
- İnternet səhifələrinin, bülletenlərin, bəyanatların, məktub və müraciətlərin hazırlanması;
- Əl-Cəzirə, BBC və Nordic Broadcastes mərkəz KİV-lər olmaqla kampaniyaya beynəlxalq media yardımının təşkil edilməsi;
- Azərbaycanda baş verən hər bir neqativ hadisədən öz məqsədləri üçün istifadə edilməsi;
- Avropa Oyunlarını boykot etmək üçün siyasətçilərdən, xüsusilə xarici işlər nazirlərindən xahiş edilməsi;
- İdmançıların bu kampaniyanın "xoşməramlı səfiri" olmağa cəlb edilməsi;
- Beynəlxalq Olimpiya Komitəsi, milli olimpiya komitələrinə müraciətlər hazırlanması və göndərilməsi;
- Xüsusi filmlərin hazırlanması və Avropa ölkələrində nümayiş etdirilməklə onların müzakirəsinin təşkili;
- Avropa Oyunlarında iştirak edən bütün ölkələrdə etiraz aksiyalarının keçirilməsi;
- Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq institutların bu qara kampaniyanın məqsəd və məramının həyata keçirilməsinə cəlb olunması;
- Jurnalistlər, yazıçılar və digər yaradıcı insanlarla işbirliyinin qurulması və s.
- Bütün bunların həyata keçirilməsi ilə paralel olaraq müxtəlif müraciətlər, bəyanatlar, on-line ərizələr, multi-media vasitələri və internetdə infoqrafika, parodiya xarakterli cizgi filmləri, satira və karikaturalar, dezinformasiya xarakterli məlumatlar yayılacaq, Twitter sosial şəbəkəsində gulaggames haştaqı ilə bağlı kampaniya aparılacaq, Trip Advisor da daxil olmaqla nüfuzlu turizm saytlarının imkanlarından istifadə ediləcək və s.
Gördüyünüz kimi Azərbaycana qarşı prosesin başlanması üçün tək hansısa dövlətlərin imkanlarından yox, həm də beynəlxalq təşkilatların imkanlarından yararlanmağa cəhdlər var. İndi isə gəlin bunun səbəblərinə baxaq.
ABŞ-ın daxili siyasətə yönəli addımları
Ekspertlərin fikrincə bu cür prosesin başlanmasının başlıca səbəbi ABŞ-da nəzərdə tutulan prezident seçkiləri ilə bağlıdır. Çünki qarşıdan gələn seçkilərdə artıq demokratların namizədi Barak Obama yox Hillari Klinton olacaq. Proqnozlara görə isə bu seçkilərdə respublikaçıların qalib gəlmə şansları daha çoxdur. Buna görə demokratlar indidən dünyada söz azadlığının, insan hüquqlarının müdafiəçisi rolunda çıxış etməyə başlayıblar və ilk hədəflərdən biri Azərbaycandır. Çünki demokratlar hakimiyyətdə olduqları müddətdə Ukrayna məsələsində məğlub duruma düşdülər, Yaxın Şərq inqilabları isə kütləvi şəkildə insan haqlarının tam pozulması ilə sona çatdı. Bütövlükdə götürəndə Barak Obamanın xarici siyasəti tam iflas həddinə çatdı. Bununla yanaşı hazırda Dövlət Katibi olan Con Kerri faktoru da unudulmamalıdır.Bu şəxs hər zaman erməni lobbisi ilə sıx əməkdaşlıq edib və vəzifədə olduğu son ildə erməni lobbisinə bir daha xidmətini nümayiş etdirir. Bu xidmət həm də qarşıdan gələn prezident seçkilərində erməni lobbisinin səslərinə demokratların sahib çıxmağa cəhdi kimi dəyərləndirilməlidir.
Türkiyə kartına zərbə
ABŞ-ın belə bir addım atmasının başqa bir səbəbi isə regional faktorla bağlıdır. Hazırda Türkiyə regionda ciddi resurslara sahib olan dövlətlərdən biridir. Buna görə artıq bir çox məsələlərdə,əsasən də Yaxın Şərq məsələlərində ABŞ-la ortaq məxrəcə gələ bilmirlər. ABŞ isə bununla razılaşmaq niyyətində deyil və buna görə Türkiyənin regionda təcrid olunma siyasəti həyata keçirilir. Hazırda Türkiyəyə regionda ən böyük dəstək verən, tranzit ölkəyə çevirən isə Azərbaycandır və deməli buna görə ilk növbədə Azərbaycana basqılar artırılmalıdır. Başqa bir tərəfdən ABŞ bu gün regionda əsas oyunçu olaraq İranı qabağa buraxır. Belə olan halda Azərbaycan və Türkiyəyə təzyiqlər artırılarsa istədiklərinə daha tez nail ola bilərlər.
Azərbaycanın Şərqi
Avropa siyasəti
Bu gün Azərbaycana basqıların başqa bir tərəfi isə Rusiya ilə ABŞ arasında baş verən proseslərdir. Belə ki, ABŞ və Rusiya Federasiyası maraqları arasında ciddi geosiyasıi münaqişələr mövcuddur. Moskva müxtəlif üsullarla Sovet ittifaqının parçalanmasından sonra yaranan vəziyyəti dəyişməyə çalışır.Ukrayna üzərində nəzarəti öz üzərinə götürərək Rusiya özünün gücünü bərpa edəcək ki, bu da Mərkəzi Asiyada münaqişəni alovlandıra bilər.Gürcüstana nəzarəti bərpa etməklə isə Qərbi həyati vacib enerji - Xəzər dənizi və Mərkəzi Asiyadan gələn Bakı-Tbilisi-Ceyhan boru kəmərindən məhrum edə bilər.Yəni, hazırda regionda Rusiya çox mürəkkəb siyasi manevrlər edir və bu manevrlər ümumilikdə Avropanın sabahını həll edə bilər. Bu arada isə aydın oldu ki, Azərbaycan Rusiya və ABŞ-dan kənarda öz regionlar siyasətini həyata keçirir və əsas məqsədi Şərqi Avropa bazarına sahiblənməkdir. Bu baxımdan prezident İlham Əliyevin Şərqi Avropa ölkələrinə son səfəri, o cümlədən bu günlərdə Bolqarıstan, Makedoniya prezidentlərinin Azərbaycana səfəri təsdiqlədi ki, Azərbaycan məqsədlərinə çatmağa çox yaxındır. Çünki Şərqi Avropa ölkələri də Ukrayna olaylarından sonra anladılar ki, daha real mövqe Azərbaycanın tutduğu mövqedir və onlar da siyasətini buna uyğunlaşdırırlar. Azərbaycan isə TANAP və TAP layihəsini reallaşdırmaqla Şərqi Avropaya olan diqqətini artıracaq. Amma unutmayaq ki, Şərqi Avropa eyni zamanda ABŞ və Rusiyanın da diqqət mərkəzindədir.Və bir müddət öncə Zbiqnev Bzejiniski bəyan etmişdi ki, ABŞ possovet ölkələrini nəzarətdə saxlamaq istəyirsə Şərqi Avropanı əldən buraxmamalıdır. Belə olan halda Azərbaycan ABŞ-ın qarşısına çıxan dövlətə çevrilir.
Azərbaycanın
atacağı addımlar
Maraqlıdır, belə olan halda Azərbaycan hansı addımları atmalıdır? Bəzi analitiklər hesab edir ki, Azərbaycan Rusiya ilə münasibətləri daha da dərinləşdirməli və bununla ABŞ-ın qarşısına elə Rusiyanı çıxartmalıdır. Amma bu fikir özlüyündə qüsurludur və Azərbaycanın balanslı siyasətinə ağır zərbə vurar.Çünki Rusiya öz maraqları naminə istənilən an Azərbaycanı qurban verə bilər.Necə ki, bu gün ABŞ öz maraqları naminə Ukraynanı qurban verərək Rusiyaya basqıları pik nöqtəsinə çatdırıb. Həmçinin Azərbaycan iki gücün arasına düşərsə ABŞ çalışacaq ki, Azərbaycanda siyasi gərginliyi artırsın. Çünki amerikalı analitiklər hesab edir ki, Rusiyanın ətrafındakı dövlətlərdə durum nə qədər ağır olarsa Rusiya o qədər mürəkkəb duruma düşər və ətraf dəstəklərdən məhrum olar. Buna görə qeyd olunur ki, Azərbaycan öz yolundan yayınmamalı və xarici siyasətlə daxili siyasət arasında bir harmoniya yaratmalıdır. Hazırda reallıq budur ki, Azərbaycan müxalifəti çox zəifdir və hakimiyyətə qarşı alternativ ola bilməzlər.Amma xarici qüvvələr radikal dini qruplaşmalardan, separatizmə meyilli qüvvələrdən yararlanaraq gərginliyi inkişaf etdirə bilərlər. Buna görə də sosioloqlar hesab edir ki, Azərbaycan cəmiyyətinin ictimai aktivliyi artırılmalı və daxili müqavimət qabiliyyəti genişləndirilməlidir. Çünki cəmiyyət siyasi proseslərə seyrçi mövqedə qalarsa hansısa qüvvələr tərəfindən istifadə oluna bilərlər.Necə ki, Şərqi Asiya ölkələrində bunun şahidi olduq. Başqa tərəfdən verilən proqnozlara görə ABŞ Azərbaycanın iqtisadi məngənəyə düşməsinə də cəhdlər edəcək. Ən azından neftin qiymətinin aşağı düşməsi hesabına. Buna görə ekspertlər hesab edir ki, Azərbaycan təxirə salınmadan iqtisadi islahatları genişləndirməli və qeyri-neft sektorunun inkişafını sürətləndirməlidir. Yada salaq ki, artıq bu istiqamətdə işlərə start verilib və kənd təsərrüfatının inkişafı üçün real addımlar atılıb.
Son
Danılmaz faktdır ki, bir dövlətə kənardan olan təzyiqlər o zaman effektli olur ki, o ölkənin əhalisi siyasi maarifləndirmədən uzaq olsun, biganəlik ən yüksək həddə çatsın və kütlə psixologiyası ilə idarə olunsun. Azərbaycan xalqı isə Milli Azadlıq Hərəkatı kimi bir hərəkatı yaşamış xalqdır və son iyirimi ildə stabil siyasətə sadiqliklərini açıq şəkildə nümayiş etdiriblər. Buna görə əminliklə demək olar ki, qarşıdan gələn gərgin bir ildə uğurla sona çatacaq.Bu baxımdan bir ay öncə hakimiyyətlə müxalifət arasında dialoqların təşkilini də yada salmaq gərəklidir. Çünki siyasi anlaşma, ifrat qütbləşmədən imtina etmək ümumilikdə cəmiyyətin inkişafıdır.
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15