Azərbaycan-ABŞ münasibətlərində gərginlik
12:41 02-05-2015
CƏMİYYƏT
Azərbaycan-ABŞ münasibətlərində gərginlik
Azərbaycan hansı addımları ata bilər?
ABŞ Dövlət Katibi Con Kerrinin Azərbaycanla bağlı tutduğu mövqe, onun aparatının Azərbaycanda siyasi stabilliyi pozmağa cəhd etməsi gündəmi dəyişdirdi. Bununla bağlı Azərbaycan hakimiyyəti kifayət qədər sərt bəyanatlarla çıxış etdi və hesab etmək olar ki, bu proses davam edəcək. Çünki ortada konkret faktlar var və bu faktlar ondan ibarətdir ki, ABŞ-da müəyyən qüvvələr Azərbaycanda daxili sabitliyi pozmağa çalışırlar.
Azərbaycan isə güzəştə getmək niyyətində deyil və deməli ortada aydınlaşdırılmalı məsələlər var. Maraqlıdır, bəs proseslər bu şəkildə inkişaf edərsə Azərbaycan hansı addımları ata bilər? Ekspertlərin rəyinə görə Azərbaycan hakimiyyəti ilk növbədə ABŞ konqresində təmsil olunan respublikaçılarla lobbiçilik fəaliyyətinə başlamalıdır.Çünki respublikaçıların hər zaman Azərbaycana isti münasibətləri olub.Digər tərəfdən isə Azərbaycan müttəfiq dövlətlərlə birgə xüsusi bəyanatla çıxış edə bilər. Bu günlərdə Üçüncü Beynəlxalq Bakı Forumu keçirildi və aydın oldu ki, Şərqi Avropa ölkələri də daxil olmaqla kifayət qədər dövlətlər var ki, onlar da ABŞ-ın Azərbaycana yönəli siyasətindən razı deyillər.Nəhayət Azərbaycan BMT-yə müraciət edə bilər və ABŞ-ın bir sıra dövlətlərin, o cümlədən Azərbaycanın daxili işlərinə qarışması ilə bağlı müzakirələrə başlaya bilər. Bu müzakirələr zamanı ən azından BMT-nin Təhlükəsizlik Şurasının iki daimi üzvü Rusiya və Çin Azərbaycanın mövqelərini dəstəkləyəcək. Ekspertlər hesab edir ki, eyni zamanda yəhüdi lobbisi faktorunu da unutmaq lazım deyil.Çünki illər boyu yəhüdi lobbisi Azərbaycana dəstək verib və indi də bu dəstəyi ala bilərik. Bunu da yada salaq ki, son zamanlar ABŞ-İsrail münasibətləri də gərginləşib və yəhüdi lobbisi həvəslə Azərbaycana dəstək verər. Analitiklər hesab edir ki, ABŞ-la İsrail İran məsələsinə görə üz-üzə gəliblər və bu proses daha da dərinləşəcək. Azərbaycan isə bu durumdan yararlanmaqla niyyətinə çata bilər. Başqa bir tərəfdən isə ABŞ-da Azərbaycana dəstək verən qüvvələr də var və onlar kifayət qədər söz sahibidirlər.Ən azından son on il ərzində Azərbaycan Əfqanıstanda, İraqda ABŞ sülhməramlıları ilə yanaşı antiterror mübarizəsində iştirak ediblər və bundan ABŞ-ın kifayət qədər ciddi qüvvələri razıdır. Hazırda bu proses davam edir. "Dövlət katibi Con Kerrinin aparatı Azərbaycana qarşı kifayət qədər neqativ münasibət bəsləyir və o, ölkəmizi müxtəlif bəhanələrlə "cəzalandırmaq" niyyətini gizlətmir".Bu barədə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyib.
Onun sözlərinə görə, Kerrinin Azərbaycan və Türkiyə haqda əvvəldən yaranmış mənfi rəyi və ermənipərəst mövqeyi var: "Hələ 90-cı illərdə onun müəllifliyi ilə Konqresin qəbul etdiyi "907-ci düzəlişi" hər kəs xatırlayır.Qondarma "erməni soyqırımı"nın ABŞ-da tanınması üçün fəal lobbiçilik edir. Bu baxımdan, onun ofisindən aparılan anti-Azərbaycan kampaniyası qıcıq doğursa da, təəccüblü deyil".Lakin R. Musabəyov hesab edir ki, bircə Kerriyə görə ABŞ-ı Azərbaycana düşmən etmək lazım deyil.
"Bəli, ənənəvi erməni lobbisi Dövlət Departamentində və Kapitoli təpəsində güclüdür. Lakin fakt budur ki, ABŞ-ın energetika nazirliyində, Pentaqonda, kəşfiyyat strukturlarında Azərbaycan və Türkiyənin mövqeləri qədər güclü deyil. Adətən, Dövlət Departamentinin və Konqresin mövqeyi, Azərbaycan və Türkiyəyə təsir edən ABŞ-ın hökumət müəssisələri, adətən, məxfi hərəkət edirlər. Lakin onlar böyük təsirə malik deyillər. Əsas odur ki, bu gün ABŞ və Azərbaycanın milli maraqları toqquşmur, əksinə, üst-üstə düşür. Bizim münasibətlərə süni əngəllərin yaradılması hər iki tərəf üçün ziyandır. Amerika hökumətinə qərəzli adamlar gəlir və gedirlər. ABŞ isə super dövlət olaraq qalır və bu, iqtisadi inkişafa nail olmaq və təhlükəsizliklə bağlı yaranan mürəkkəb problemləri həll etmək istəyən ölkələr üçün əhəmiyyətlidir", - deyə R. Musabəyov bildirib.
Beləliklə hesab etmək olar ki, ABŞ və Azərbaycan arasında yaranan bu gərginliyi çılpaqlığı ilə ortaya çıxartmaq lazımdır və bu ABŞ-ın özündə də birmənalı qarşılanmayacaq. Ən azından müəyyən güclər Con Kerri başda olmaqla erməni lobbisinin təsirində olan qüvvələrdən hesab sora bilərlər.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-29 13:22:29
2024-12-29 13:08:08
2024-12-29 12:58:14
2024-12-29 12:50:20
2024-12-29 12:35:05
2024-12-29 12:33:09
2024-12-29 12:33:05
2024-12-29 12:28:00
2024-12-29 12:26:08
2024-12-29 12:20:01
2024-12-29 12:12:12
2024-12-29 11:48:00
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00