İsa Qəmbərlə Arif Hacılı Vurğun Əyyubu da yola saldılar
11:51 05-05-2015
CƏMİYYƏT
İsa Qəmbərlə Arif Hacılı Vurğun Əyyubu da yola saldılar
Yeni rəhbərliyə qarşı çıxanların daha bir liderini Müsavatdan çıxartdılar
Müsavat Partiyasının son qurultayından sonra partiya daxilində yaranan çaxnaşma külminasiya nöqtəsinə çatıb.
"Unikal" olaraq, bir neçə gün öncə İsa Qəmbərlə Arif Hacılının yeni rəhbərliyə asi düşənlərin lideri olan Vurğun Əyyubu da partiyadan çıxaracaqlarını bildirmişdik.Nəhayət, yazdıqlarımız təsdiqini tapdı.Vurğun Əyyub üzvü olduğu partiyadan çıxarıldı.Amma ona qarşı fərqli taktika cızılıb. Belə ki, onu üzvü olduğu rayon təşkilatı partiyadan xaric edib. Səbəb isə olduqca orijinaldır.
Vurğun Əyyub Müsavat Partiyasının yerli təşkilatının sıralarından xaric edilməsi barədə verilmiş qərara münasibət bildirib.O deyib ki, ona partiya sıralarından çıxarılmaqla bağlı rəsmi məlumat verməyiblər:"Əslində burada gözlənilməz bir qərar yoxdur. Məni Müsavat Partiyasından çıxarmağa çoxdan hazırlaşırdılar.Hesab edirəm ki, bu qərar tamamilə nizamnamə tələblərinə ziddir. Mayın 2-si tarixində mesaj aldım ki, ayın 3-də saat 15:00-da özəyin iclası olacaq. Mayın 2-də mən tələbələrimlə şəhərdən kənarda idim. Fikirləşirdim ki, iclasa gedəcəm, ancaq səfərdən qayıdandan sonra soyuqlamışdım. Ona görə də ayın 3-də saat 12:00- da mesaj yazdım ki, xəstə olduğum üçün iclasda iştirak edə bilməyəcəm. Mənim iştirakım olmadan və iclaslara qatılmadığımı bəhanə edərək partiyadan çıxarmaq nizamnamə tələblərinə ziddir. Üzvlük haqqının ödənilməməsi məsələsinə gəlincə isə, əvvəla mənim Müsavat Partiyası üçün xərclədikləyim qədər bu adamlar həyatları boyu üzvlük haqqı verməyiblər. İkincisi, əgər üzvlük haqqlarının toplanması və xərclənməsi barədə partiyada hesabatlılıq və şəffaflıq yoxdursa, ora üzvlük haqqı vermək niyyətində də deyiləm. Bu, Müsavat Partiyası rəhbərliyini ələ keçirmiş bir qrupun Vurğun Əyyubdan intiqam almaq həvəsindən başqa bir şey deyil".
V.Əyyub qeyd edib ki, partiyadan çıxarılmağı ilə bağlı heç bir müraciət etməyəcək: "Çünki partiyanın indiki rəhbər strukturları qeyri- legitim şəkildə formalaşıb və sadəcə olaraq partiyanın başında dayanan adamların sifarişlərini yerinə yetirirlər. Bunların heç birinin ədalətli qərar verəcəyinə inanmıram və ona görə də onlara müraciət etməyəcəm".
Müsavat Partiyası başqanın müavini Osman Kazımov Vurğun Əyyubun partiyadan çıxarılması ilə bağlı qərara münasibət bildirərkən deyib. O bildirib ki, Vurğun Əyyubun fəaliyyəti partiyanın nizamnaməsinə ziddir: "Vurğun bəy sonuncu dəfə nə vaxt ödəyib üzvlük haqqını? Yadına düşürmü o tarix? İnsanları qərar qəbul ediləndən sonra qınamaq asandır. Amma hər kəs üzərinə düşən vəzifəni yerinə yetirməyə borcludur. Ortada reallıqlar var. Mən də dünən xəbərdar oldum ki, onu partiyadan çıxarıblar. Heç bu məsələ partiya rəhbərliyi səviyyəsində müzakirə olunmayıb. İclasa dəvət edirlər, həmin adam saymazyanalıq nümayiş etdirir, mesaj yazır deyir ki, xəstəydim. Qubad İbadoğlu da dəfələrlə Divana çağırılıb. Divanda iştirak etməyib və müxtəlif bəhanələr gətirib. Partiyanın nizamnaməsinə əməl etmək lazımdır. Qurultay keçirilib, artıq hər şey bitib. Nizamnaməyə uyğun hərəkət etmək lazımdır, sayğısızlıq nümayiş etdirmək, özünü hamıdan yuxarı tutmaq lazım deyil".
O. Kazımov qeyd edib ki, Vurğun Əyyub verilən qərardan narazıdırsa, şikayət etsin: "Bu qərarın ədalətli, ya da ədalətsiz, qanuni olub-olmamasını deyə bilmərəm. O qeyd edir ki, ömür boyu Müsavat Partiyasına köməklik edib. Bu o demək deyil ki, vaxtilə üzvlük haqqı verdiyinə görə indi verməməlidir. Üzvlük haqqı böyük bir məbləğ deyil ki? Bu sadəcə onun intizamsızlığıdır, nizamnaməyə hörmətsizlikdir. Partiya üzvü olan şəxs üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Yoxsa partiyada anarxiya, xaos olar. Üzvlük haqqının xərclənməsində şəffaflıq var. Partiyanın maliyyə hesabatı var, maraqlanıb yoxlaya bilər. Bu nə deməkdir ki, şəffaflıq yoxdur. Vurğun bəy sonuncu dəfə nə vaxt ödəyib üzvlük haqqını? Yadına düşürmü o tarix? İnsanları qərar qəbul ediləndən sonra qınamaq asandır. Amma hər kəs üzərinə düşən vəzifəni yerinə yetirməyə borcludur".
Göründüyü kimi, İsa Qəmbərlə Arif Hacılı öz niyyətlərinə tamamilə nail oldular.Vurğun Əyyubu partiyadan xaric etməklə qarşıdan gələn parlament seçkilərində rahat bazarlığa getmək imkanı əldə etdilər. Amma Vurğun Əyyubun partiyadan çıxarılması daha böyük səs-küyün yaranmasına da rəvac verə bilər.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-12-29 12:35:05
2024-12-29 12:33:09
2024-12-29 12:33:05
2024-12-29 12:28:00
2024-12-29 12:26:08
2024-12-29 12:20:01
2024-12-29 12:12:12
2024-12-29 11:48:00
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43
2024-12-29 10:41:35