Məmur uşaqları ilə bağlı yeni ilginc iddialar
11:55 05-05-2015
CƏMİYYƏT
Məmur uşaqları ilə bağlı yeni ilginc iddialar
Onlar indi də Bakıda gecələr "Niva"larla avtoxuliqanlıq edirlər
Avtomobil həvəskarları əksər hallarda avtomobilin markasının nə olmasından asılı olmayaraq, bahalı, daha doğrusu, diqqətçəkən nömrəyə üstünlük verirlər. "Zerkalni nömrə" deyib dad-aman edənlərin sayı kifayət qədər çoxdur...
avtosfer.az-ın internet məkanından tapıb topladığı bu fotolara baxdıqda da məlum olur ki, bəzən sürücülər aldıqları maşının dəyərindən baha olan nömrə ilə fəxr edirlər, bu nömrələrlə maşın sürməyi qəhrəmanlıq sayırlar. Əlbəttə, başa düşürük, hər kəsin bir zövqü var, hər kəs bir şeydən ləzzət alır, onunla özünü başqalarından üstün tutmağa çalışır. Amma zaman keçdikcə anlayacaq ki, nömrənin o qədər də önəmi yoxdur. Bir adam ki, nömrə ilə özünə hörmət qazandığını düşünür, nömrəyə görə başqalarından hörmət gözləyir, deməli, belələrinin təfəkkürü yanlış istiqamətdə inkişaf edib. Ancaq kiminsə imkanı varsa, istədiyi nömrəni alıb maşına vurursa, bunu normal qəbul etmək lazımdır. Məsələ burasındadır ki, bu gün imkanı olan da, olmayan da bahalı nömrə arxasınca qaçır. Adam var ki, bankdan 5 min manat kredit götürərək rəqəmləri 200 olan nömrə alıb. Onun düşüncəsinə görə, 200-lə olan nömrələrin böyük "hörməti" var.
Fotolarda qiyməti 2-3 min dollara olan maşınlar da var ki, onların üzərindəki nömrənin qanuni dövlət rüsumu 1500-2500 manat arasındadır. Amma təcrübədən də məlumdur ki, belə nömrələr qat-qat bahadır. İşin maraqlı tərəfi budur ki, belə ucuz maşınların üzərində bahalı nömrələr olanda həmin avtomobillərin sürücüləri cana-boğaza yığılır. Çünki "zerkalni nömrə" həvəskarları belə maşınları gördükdə dərhal maşını saxlatdırıb nömrənin satılıb-satılmaması, neçəyə satılması ilə maraqlanırlar. Əksər vaxtlarda sövdələşmə baş tutmur. Və həmin maşın sahibləri də heç nədən vaxt itirirlər.
Digər avtomobillər arasında üstünlük "Niva"dadır. "Niva"ların üzərindəki 99---999 nömrələri heç də sadə nömrələr deyil. Belə nömrələr üçün onminlərlə manat pul xərcləməyə hazır olanlar var. Və heç şübhəsiz ki, elə bu nömrələrə də dövlət rüsumu kimi 2500 manat yox, qat-qat artıq pul xərcləyiblər. Bazarda 10-13 min manat dəyərində olan "Niva"nı özündən qat-qat bahalı nömrə ilə idarə edənlər də əksər hallarda sadə adamlar deyil.
avtosfer.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, belə avtomobillər arasında məmur övladlarının da maşınları var. Nömrələrə diqqət edilsə, təxmini söhbətin kimlərdən getdiyi məlum olar. Bu adamlar 100 minlik maşınlarla Bakıda maşını istədikləri kimi sürüb adrenalin çıxardıqda regonans doğurur. Bahalı maşınlar o saat diqqət çəkir və media bu məsələni araşdırıb ühə çıxarır ki, 100 minlik, yarım milyonluq dəyəri olan maşınlarla şəhərdə "avtoş"luq edənlər kimlərdir.
Bu vəziyyətdən çıxmaq üçün indi həmin məmur uşaqları "Niva"ya keçiblər. Təsəvvür edin ki, 13 min manata alınan "Niva"ya ondan qat-qat baha olan nömrə taxmaq hər adamın işi deyil. Üstəlik, "Niva"nı tüninq edib elə bir hala salırlar ki, təxminən "inomarka" halına gəlir. Bunun da dəyəri ən yaxşı halda 5-10 min manata başa gəlir. Sizcə, orta statistik azərbaycanlı maşın almaq üçün 20-50 min manat toplamış olsa, gedib "Niva" alıb, bahalı nömrə taxmaqla tüninq etdirib şəhərdə "at oynadar", yoxsa "Prado" filan alıb, özünü göstərər? Axı bizim mental xüsusiyyətlərimiz də var. 10 min manatlıq maşina 20-30 min xərc qoymaq hər halda sadə adamın işi deyil. Bunu o adam edə bilər ki, "Niva"dan ötəri dəli-divanə olsun. Yoxsa, bu fotolardakı "Niva"ların hamısının sahibinin "Niva" üçün dəli-divanə olduğunu düşünürsünüz?
Bir neçə ay əvvəl sosial şəbəkələrdə bir gənc 99 TT 99 nömrəsini 230 manata satışa qoymuşdu. Polis həmin şəxsi həbs edib. Lakin sonradan o da məlum oldu ki, 99 --- 999 nömrəsi üçün 80-100 min manat verməyə hazır olanlar var. İndi fotolara diqqətlə baxın! Görəsən, 99 SS 999 nömrəsi "Niva"nın üzərinə neçəyə başa gəlib?
Digər nömrələrə nəzər salaq. 10---010, 10 --- 100, 90 --- 100, 90 --- 010 və digər bu kimi nömrələr sadə avtomobillərin üzərindədir. Təcrübədən bilirik ki, bu nömrələr hər adama verilmir. Qiymətləri də kifayət qədər bahadır. Əslində, 010 seriyasının qanuni qiyməti 22 manatdır. Amma bu gün kimsə durub desə ki, mən 010-la olan nömrəyə 22 manat vermişəm, heç kim ona inanmaz. Eləcə də, 100, 001 kimi nömrələrə də hər adam sahib ola bilmir. Lakin mümkündür ki, Azərbaycan yeni nömrə sisteminə keçəndə, yəni, 90-cı illərin əvvəllərində "zerkalni" nömrə dəbdə deyildi və sırf təsadüf nəticəsində bu gün dəyəri 2 min manata olan avtomobilin üzərində qat-qat bahalı nömrələr var. Məsələn, fotolardan birindəki "VAZ-2106" markalı avtomobilin üzərində 01 --- 001 nömrəsi var. Hansı ki, bu nömrənin qanuni qiyməti 1500 manatdır.
avtosfer.az-ın müxtəlif mənbələrdən əldə etdiyi məlumata görə, bu cür bahalı nömrələri olan "Niva" və "VAZ" markalı maşınların bəziləri polis əməkdaşlarına məxsusdur. Yəni, onların şəxsi maşınlarıdır.
Ötən il belə maşınlardan biri cərimə meydançasına gətirilərkən məlum olmuşdu ki, yol polisi əməkdaşı "Niva"nın nömrəsi 281 olduğu halda, 8 rəqəmini tam qara lentlə bağlayaraq 201 edib. Həmin polis əməkdaşının sonrakı taleyindən xəbərimiz olmasa da, bu məsələ ATV kanalında efirə getmişdi...
Günel Əkbər
Digər Xəbərlər
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43