Müxalifət niyə nala-mıxa vurur?

Müxalifət niyə nala-mıxa vurur?

Hakimiyyətlə dialoq danışıqlarına başlayan düşərgənin bəzi nümayəndələri aranı qatmağa çalışırlar

Məlum olduğu kimi, may ayının ortalarında növbəti iqtidar və müxalifət görüşünün keçiriləcəyi gözlənilir.Artıq bir çox siyasi partiyaya görüşdə iştirak etmək üçün dəvət gəlib. Budəfəki görüşdə əsas müzakirə mövzusu I Avropa Oyunları olacaq.
Amma nədənsə, müxalifət düşərgəsində təmsil olunan bəzi qüvvələr bu görüşə qatılmaqda tərəddüd edirlər. Ciddi arqument gətirə bilməsələr də, görüşün mövzusunun siyasi məsələlərlə bağlı olduğunu deməklə, yaxalarını kənara çəkirlər.
Bu barədə "Unikal"a açıqlama verən ADP sədrinin müavini Taliyət Əliyev bildirib ki, hələlik müəmmalı bir vəziyyət olduğundan qəti bir söz deyə bilməyəcək: "Bu barədə mətbuatdan eşitmişik. Bizə rəsmi dəvət hələ ki, daxil olmayıb.Verilən məlumata görə hakimiyyət "I Avropa Yay Oyunlarına münasibət" mövzusunda müxalifətlə görüş təklif edir.Ona görə də bu görüşün ölkənin siyasi həyatında hansısa müsbət nəticələrə gətirib çıxaracağına ümid etmirəm".
Azərbyacan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə isə bunları deyib: "Görüşdə iştirak etmək üçün dəvət almışıq. Bizə öncə görüşün mayın 12-si və 16-sı tarixləri arasında olacağı deyilmişdi. Sonradan bildirildi ki, görüşün vaxtı dəqiqləşdiriləcək. Mətbuatdan isə oxudum ki, format dəyişdirilib. Azərbaycanda fəaliyyət göstərən, qeydiyyata alınan və alınmayan bütün siyasi təşkilatlar ora dəvət olunub. Görüşdə I Avropa Oyunları məsələsi müzakirə olunacaq. Belə olduğu halda bu dəyirmi masa olacaq. Dəyirmi masanın ayrı-ayrı xətləri olur. Biz axırıncı görüşdə reqlament müəyyənləşdirdik ki, əvvəlki format olduğu kimi qalsın. Ona görə də I Avropa Oyunları ilə bağlı görüş yox, dəyirmi masa olacaq. Çünki biz qərar verdik ki, birinci format dəyişməsin.Yəni görüşdə 17 təşkilat birmənalı şəkildə iştirak etsin. Görüşdə iştirak edib-etməyəcəyimizi deyə bilmərəm. Bu məsələni partiyada müzakirə etməliyik. Partiya nə qərar qəbul etsə, o olacaq".
"Unikal"ın məlumatına görə, hakimiyyət tərəfindən də məsələyə aydınlıq gətirilib. Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib ki, müxalifət-iqtidar dialoqu başlayanda bildirilmişdi ki, hər bir təşkilat, hər bir partiya, o cümlədən də iqtidar müxtəlif mövzular təklif edə bilər. Yəni, ümumi razılıq əsasında mövzular sıralanır və növbə ilə müzakirəyə çıxarılır. Dialoqda bağlı müxalifətin narazılığına münasibət bildirən S.Novruzov vurğulayıb ki, tərəflər müzakirə üçün mövzular təklif etməlidir və bununla bağlı toplantı keçirilib qərar verilir: "Hələki təkliflər edilir və bu konsensus əsasında razılığa gəlinəcək. Bunların hamısı danışıqlar vasitəsilə öz həllini tapacaq. Seçkilərin müzakirəsinə gəlincə isə o da təşkilatların təkliflərindən və müzakirə üçün irəli sürülən mövzuların sıralanmasından asılıdır. Mövzuların müzakirəsi ardıcıllıqla olur". Dialoqun vaxtına gəlincə, S.Novruzov bunun müəyyən edilmədiyini bildirib.
Qeyd edək ki, Prezident Administrasiyası tərəfindən müxalifət partiyalarına dialoq aparılması barədə təklif irəli sürüb. Dialoqda iştirak edəcək müxalifət təmsilçiləri görüşdə Avropa Oyunlarının müzakirə mövzusu olduğunu əsas gətirərək dialoqdan imtina etmək istəyir.
Q.Gərayzadə