Samir Şərifovun faydasız xidməti
09:56 03-06-2015
CƏMİYYƏT
Samir Şərifovun faydasız xidməti
Nazirin yaratdığı yeni quruma qarşı ciddi inamsızlıq var
Sığorta məsələləri ilə bağlı daxil olan müraciətlərə baxılması işinin operativliyini, keyfiyyətini və səmərəliliyini yüksəltmək məqsədilə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəsmi internet saytının "Məktub yazmaq" bölməsinə xüsusi proqram təminatı tətbiq edilib. Bu proqram təminatı vasitəsilə Dövlət Xidmətinə elektron qaydada ünvanlanan şikayət xarakterli müraciətlərin eyni zamanda, qurumun şikayətlə bağlı məlumat və sənədlərin təqdim edilməsi barədə məktubu ilə birlikdə avtomatik olaraq müvafiq sığorta şirkətinin də e-ünvanına göndərilməsi təmin olunur.
DSNX nümayəndələri bildiriblər ki, qeyd olunan proqram təminatının tətbiqi şikayətlərə baxılması proseduru üçün tələb olunan müddətin xeyli azalmasına imkan verir. Saytda tətbiq olunan yeni imkandan yararlanmaq üçün "Məktub yazmaq" bölməsinə daxil olmaq və ardıcıl təklif olunan əməliyyatları yerinə yetirmək lazımdır. Müraciət ünvanlayan şəxs sığortaçıdan şikayətçidirsə, "şikayət" sətrini, növbəti addımda isə şikayətçi olduğu sığorta şirkətinin adını seçməli və şikayətini müvafiq pəncərədə yerləşdirməlidir. Şikayət göndərildikdən sonra
istifadəçinin e-ünvanına şikayətin qəbul olunması barədə məlumat göndərilir.
DSNX-yə sayt vasitəsilə elektron qaydada daxil olan şikayət qeydiyyata alınmaqla nəzarətə götürülür və qanunvericiliklə müəyyən olunmuş qaydada araşdırılır. Araşdırmanın nəticəsi barədə şikayətçiyə rəsmi məktub, həmçinin e-ünvanına həmin məktubun müvafiq formatda elektron surəti göndərilir. İstifadəyə verilən yeni texniki imkan müraciətlərə daha qısa müddətdə baxılmasını təmin etməsi ilə əlaqədar, müraciətlərin DSNX-yə sayt vasitəsilə elektron qaydada ünvanlanması tövsiyə olunur.
Amma bu məsələ ekspertlər və ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Onların fikrincə, indi sığorta sistemində xeyli ciddi problemlər var və bu sahədə adi vətəndaşlar çox böyük əziyyət çəkirlər. Samir Şərifovun rəhbərlik etdiyi Maliyyə Nazirliyinin yaratdığı xidmətin isə bütün bu mövcud problemlərin həllinə heç bir faydası olmayacaq. Burada məsuliyyət həm Dövlət Yol Polisi (DYP), həm də sığorta şirkətlərinin üzərinə düşür.
Hüquqşünas, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov məsələ ilə bağlı açıqlamasında deyib ki, hazırda Azərbaycanda icbari sığorta ilə bağlı iki problem var- sənədləşmə və sığorta hadisəsi baş verəndə ziyanın qiymətləndirilməsi. Bunun ikisi də narahatlıq doğurur. Sənədləşmədə daha çox sığorta şirkəti yox, DYP-nin adını çəkmək lazımdır. Çünki qanunvericilikdə sığorta ödənişini almaq üçün DYP-nin arayışı lazımıdır. Arayış o zaman tələb olunmur ki, qəza hadisəsi zamanı ölüm faktı olmayıb, tərəflər mübahisə olmadan özləri razılaşırlar və maddi ziyan 1000 manat həcmində olur. Belə olan halda protokol əsasında sığorta almaq mümkündür. Amma qalan hallarda sığorta ödənişi üçün mütləq yol polisindən arayışı lazımdır.
Ekspert deyib ki, istənilən halda vətəndaşları süründürmək olmaz: "Sığorta hadisəsi, yəni nəqliyyat qəzası baş verəndə yol polisi inzibati araşdırma aparmalı, protokol tərtib etməli, qərar çıxarmalıdır. Sonra sığorta şirkətinin sorğusuna əsasən arayış verilməlidir. Mülki Məcəllədə DYP-yə şirkətin sorğusu daxil olandan 10 gün ərzində arayış verməlidir. DYP məktubu bəzən hadisənin 9-10-cu günü poçtla göndərilir, məktub 15 gündən sonra sığorta şirkətinə çatır. Sığorta şirkəti də sorğunu 2 günə hazırlayır. Belə olan halda vətəndaş hadisədən bir ay sonra sığorta haqqı almaq şansı qazanır. Bu, açıq-aşkar qanun çərçivəsində süründürməçilikdir. Maliyyə Nazirliyinin yaratdığı xidmətin bu süründürməçiliyə heç bir xeyri olmayacaq".
Ekspertin sözlərinə görə, qiymətləndirməyə gəlincə, sığorta şirkəti vurulmuş ziyanın az miqdarda qiymətləndirilməsində maraqlıdır. Ona görə ki, az vəsait ödəsin, özünə mənfəət, gəlir daha çox qalsın, itkiləri az olsun. Yəni hər vəchlə qiymətləndirmədə öz xeyirlərini güdürlər.
O da maraqlıdır ki, qonşu Gürcüstanda sığorta bir gündən gec olmayaraq ödənilir və heç bir problem yaranmır. Yəni hər şey özümüzdən, vəzifə sahiblərinin vicdanından aslıdır. Bizdə bəzi hallarda istər dövlət müəssisəsi olsun, istər özəl, - hər bir rəhbər, ilk növbədə vətəndaşları yox, öz şəxsi gəlirini, mənafeyini güdür. Belə olan halda nəyinsə düzələcəyinə əminlik azdır.
Aydın görünür ki, maliyyə naziri Samir Şərifovun yaratdığı məlum yeni qurumun da sözügedən problemlərin həllində hər hansı müsbət rol oynayacağına və köklü pozitiv dəyişiklik yaradacağına dair inam da aşağıdır. Odur ki, vətəndaşlar bundan sonra da uzun müddət sığorta işi ilə bağlı əziyyət çəkməyə hazır olmalıdırlar.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-27 13:34:49
2024-11-27 13:24:12
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 12:39:18
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28
2024-11-26 22:28:55