Prezident

Prezident İlham Əliyev: "Bu yer möhkəm yerdir"

Ölkə başçısı Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil & Gas 2015" və 5-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji - "Caspian Power 2015" sərgilərinin açılış mərasimində çıxış edib

"1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" XX əsrin müqaviləsi idi. Bu gün biz artıq XXI əsrin kontraktını icra edirik. "Cənub Qaz Dəhlizi" XXI əsrin müqaviləsidir və məhz 1994-cü ildə imzalanmış müqavilə və ondan sonra əldə edilən uğurlar bugünkü reallığı mümkün etmişdir".

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 22-ci Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil & Gas 2015" və 5-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji - "Caspian Power 2015" sərgilərinin açılış mərasimində çıxışı zaman deyib.
İlham Əliyev bildirib ki, 1996-cı ildə "Şahdəniz" qaz yatağı üzrə beynəlxalq konsorsiumla müqavilə bağlanıb: "O vaxt dünyanın neft qaz sektorunda qaz amili o qədər də böyük əhəmiyyət daşımırdı. Ölkələrin enerji təhlükəsizliyi o vaxt bilavasitə qaz ehtiyatları ilə bağlı deyildi".
Dövlət başçısı deyib ki, "Şahdəniz" qaz yatağı dünyanın ən böyük qaz yataqlarından biridir və onun işlənməsi bu gün "Cənub Qaz Dəhlizi"nin əsas resurs bazasını təmin edir: "O vaxta qədər isə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa boru kəmərləri inşa edilmişdir. Beləliklə tarixdə ilk dəfə olaraq Xəzər dənizi Qara dənizlə və Aralıq dənizi ilə çoxşaxəli kəmərlər şəbəkəsi ilə bağlandı. Bu da tarixi hadisə idi. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi əməkdaşlığı formalaşdı. Bu əməkdaşlıq özünü başqa sahələrdə də biruzə verməyə başlamışdır və məhz bu dəhliz vasitəsiə bu gün böyük infrastruktur layihəsi olan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi icra edilir. Bu da mümkün olmaya bilərdi, əgər biz enerji siyasətimizi düzgün qurmasaydıq. Beləliklə, 90-cı illərin sonlarında görülmüş işlər və 2000-ci illərin əvvəlində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri əlbəttə ki, böyük tarixi nailiyyət idi, imkan verdi ki, Azərbaycan böyük həcmdə valyuta ehtiyatları əldə etsin və ondan səmərəli istifadə edərək biz valyuta ehtiyatlarımızı ölkəmizin əsas inkişaf istiqamətlərinə yönəltdik".
Prezident qeyd edib ki, insanların rifah halı yaxşılaşdı, ölkəmizin iqtisadi inkişafı təmin edildi: "Son 10 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən yüksək templərlə inkişaf etmişdir, 300 faiz artmışdır, eyni zamanda, ölkə qarşısında duran infrastruktur layihələri icra edilmişdir, sosial məsələlər öz həllini tapmışdır. Biz düşünülmüş iqtisadi siyasət apararaq neftdən asılılığı böyük dərəcədə azalda bilmişik, bu gün ümumdaxili məhsulıumuzda neft amili hardasa cəmi 30 faiz təşkil edir və beləliklə ölkə iqtisadiyyatının şaxələndirilməsi işində biz böyük nailiyyətlərə imza atmışıq".
İlham Əliyev bildirib ki, bununla bərabər, enerji sektorunda qarşımızda duran ciddi vəzifələr təbii ki, öz həllini tapacaq: "Çünki bunun çox böyük əsası var. Bir də demək istəyirəm k, neft-qaz sahəsində beynəlxalq əməkdaşlıq bu gün onu göstərir ki, Azərbaycanın xarici tərəfdaşları ilə əməkdaşlığı çox sağlam zəmində qurulub. Burada xüsusilə mən SOCAR-BP əlaqələrini qeyd etmək istəyirəm. BP bizim əsas tərəfdaşımızdır, ən böyük sərmayə qoyan şirkətdir, həm "Əsrin müqaviləsi"nin icrasında, həm də "Şahdəniz" layihəsində aparıcı xarici investordur, tərəfdaşdır. Digər layihələr üzrə SOCAR-BP əməkdaşlığı davam edir və bu əməkdaşlığın artıq 20 ildən çox tarixi var və bundan sonra on illiklər ərzində SOCAR-BP əməkdaşlığı davam edəcək. Bu həm dövlətimiz, həm də xarici tərəfdaşlar üçün fayda gətirir. Azərbaycanda bax belə gözəl mühit yaranmışdır. Bütün xarici sərmayələr layiqincə qorunur. Bildiyiniz kimi, bütün neft-qaz kontraktları qanuni qüvvəyə minir, parlament tərəfindən təsdiq edilir. Bu əlbəttə ki, investorlarda bizə olan inamı daha da artırır".
Prezident çıxışında deyib ki, bu gün artıq keçmişə baxaraq qürur hissi ilə deyə bilərik ki, Azərbaycan enerji sahəsində qarşıda duran bütün vəzifələri ləyaqətlə, vaxtı-vaxtında icra edib.
İlham Əliyev qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, "Şahdəniz" qaz yatağının və Azəri-Çıraq-Günəşli neft yataqlarının işlənməsi - bu layihələrin hər biri öz-özlüyündə nəhəng enerji layihəsidir: "Bununla bərabər, "Cənub Qaz Dəhlizi"nin icrası prosesi də başlamışdır. Bu da tarixi hadisədir və qeyd etməliyəm ki, Azərbaycan bu layihənin icrasında öz liderlik keyfiyyətlərini və rolunu bir daha göstərmişdir. Bildiyiniz kimi, Xəzər hövzəsindən Avropaya çatdırılacaq qazın marşrutu uzun illərdir müzakirə mövzusu idi və Azərbaycan bu müzakirələrdə iştirak edirdi. Ancaq görəndə ki, bu müzakirələr konkret nəticəyə gətirib çıxarmır, biz öz təşəbbüsümüzü irəli sürdük və 2012-ci ildə Türkiyə ilə Azərbaycan arasında TANAP qaz kəməri haqqında müqavilə imzalandı. Ondan sonra proseslər daha da sürətlə getməyə başladı".
Dövlət başçısı bildirib ki, Transadriatik qaz kəməri Avropaya gedən əsas ixrac marşrutu kimi seçilib və "Cənub Qaz Dəhlizi"nin icrasına başlanıb: "Şahdəniz-2" layihəsinə start verilmişdir. Bütün bu nailiyyətləri biz son 3 ildə əldə edə bilmişik. Mən xatırlayıram, keçən il, düz bir il bundan əvvəl sərgidə çıxış edərkən demişdim ki, əminəm ki, gələn sərgidə biz yeni uğurlar haqqında xalqımıza hesabat verəcəyik. Həqiqətən də bu, belədir. Keçən 21-ci sərgidən ötən dövr ərzində "Cənub Qaz Dəhlizi"nin təməli qoyuldu. Təntənəli şəkildə, Bakıda Səngəcal terminalında, özü də sentyabrın 20-də - "Əsrin müqaviləsi"nin imzalandığı bir gündə. Bu, özlüyündə böyük bir rəmzi məna daşıyan hadisə idi. Ondan sonra Azərbaycanın təşəbbüsü ilə bu ilin fevral ayında "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının 1-ci toplantısı Bakıda keçirilmişdir. "Cənub Qaz Dəhlizi"ndə iştirak edən bütün ölkələrin yüksək vəzifəli şəxsləri, eyni zamanda, Avropa Komissiyasının vitse-prezidenti və digər məsul şəxslər bu tədbirdə iştirak etdilər. Mart ayında Türkiyənin Qars şəhərində TANAP layihəsinə start verdik. Baxın, bütün bu hadisələr son bir il ərzində - yəni keçən sərgidən ötən dövr ərzində baş vermişdir. Artıq "Cənub Qaz Dəhlizi" reallıqdır. Artıq icra edilir. Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi əslində bu yeni kəmərin tikintisi deməkdir. TANAP layihəsi vaxtlı-vaxtında, 3 ildən sonra icra ediləcək. Beləliklə, Azıərbaycan "Şahdəniz-2"-dən qazı həm Gürcüstana, həm də Türkiyəyə nəql edə biləcək. Bununla bərabər, ümid edirəm ki, TAP layihəsinin icrasında da heç bir problem yaşanmayacaq. Hesab edirəm ki, burada bütün tərəflər böyük məsuliyyət göstərməlidirlər. Çünki bu bizim ümumi işimizdir".
İlham Əliyev deyib ki, Azərbaycanın təşəbbüsü ilə bu ilin fevralında Bakıda keçirilmiş "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının müzakirələri və qəbul edilmiş mətbuata bəyanat onu göstərir ki, bütün iştirak edən tərəflər öz məsuliyyətini dərk edirlər: "O bəyanatda Azərbaycanın rəhbər rolu, yəni Azərbaycanın xüsusi rolu qeyd edilmişdir. Ona görə, mən hesab edirəm ki, bu layihənin icrası zamanı koordinasiyaya da böyük ehtiyac var. Mən bunu Məşvərət Şurasının toplantısında da demişəm. Bu layihəni həyata keçirmək üçün mütləq qarşılıqlı inam yüksək səviyyədə olmalıdır. Bütün iştirak edən ölkələr bir nöqtəyə vurmalıdır. Burada heç kim əlavə imtiyaz əldə etmək istəməməlidir. Çünki burada hər şey göz qabağındadır, bütün müqavilələr imzalanmışdır. Bu qlobal layihədə iştirak edən bütün tərəflər, şirkətlər, ölkələr böyük xeyir götürəcəklər. Əlbəttə ki, biz indi yeni bir əməkdaşlıq formasına başlayırıq. Əvvəlki dövrlərdə Azərbaycan-Gürcüstan-Türkiyə - üçtərəfli format yaranmışdır və çox böyük səmərə ilə işləyirdik. Bütün layihələri 3 qardaş ölkə sıx əməkdaşlıq şəraitində icra etmişdir. İndi isə format daha da genişlənir. Buraya yeni oyunçular daxil edilir. Azərbaycan, Gürcüstan, Türkiyə və Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya "Cənub Qaz Dəhlizi"nin üzvləridir. Eyni zamanda, bir neçə Balkan ölkəsi ilə "Cənub Qaz Dəhlizi"ndə onların iştirakı ilə bağlı memorandumlar imzalanmışdır. Yəni görün, bizim dairəmiz nə qədər genişlənib. Bir tərəfdən, bu, böyük üstünlükdür, digər tərəfdən, əlbəttə ki, müəyyən mərhələlərdə bəzi məsələlər ortaya çıxa bilər. Bütün bu məsələlər gərək dostluq, qarşılıqlı anlaşma şəraitində müzakirə edilsin və həll edilsin. Bir də demək istəyirəm ki, heç bir süni maneə bizim qarşımızda olmamalıdır və əminəm ki, olmayacaq. Belə olan halda biz TAP layihəsini də vaxtlı-vaxtında icra edəcəyik. Beləliklə, Azərbaycan qazı Avropa məkanına nəql edilməyə başlayacaq. Bu da tarixi hadisə olacaq. Həm bizim üçün, çünki biz çox böyük qaz bazarına çıxışı əldə edəcəyik, həm də Avropa istehlakçıları üçün, çünki onlar üçün də alternativ mənbədən böyük həcmdə və artan templə qaz daxil ediləcək".
Dövlət başçısı vurğulayıb ki, "Cənub Qaz Dəhlizi"nin üstünlüyü ondan ibarətdir ki, burada yeni qaz mənbəsindən söhbət gedir: "Marşrutların şaxələndirilməsi əlbəttə ki, vacib məsələdir. Hər bir ölkə çalışır ki, çoxşaxəli kəmərlər şəbəkəsi olsun, o cümlədən Azərbaycan, çünki bizim hazırda 7 neft-qaz kəmərimiz var. Beləliklə, biz heç bir istiqamətdən 100 faiz asılı deyilik. Təbii ki, istehlakçılar da istəyir ki, onlara çatacaq enerji resursları müxtəlif yollarla gəlsin. Ona görə də marşrutların şaxələndirilməsi əlbəttə ki, enerji təhlükəsizliyini gücləndirir. Ancaq əgər mənbənin şaxələndirilməsi yoxdursa, bu o qədər də böyük əhəmiyyət daşımır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, həm yeni marşrutla qaz Avropaya nəql ediləcək, eyni zamanda, yeni mənbədən bu qaz çıxacaq. Bu mənbə çox böyükdür. "Şahdəniz" qaz yatağı - "Cənub Qaz Dəhlizi"nin hazırda yeganə resurs bazası - 1,2 trilyon kubmetr qaz ehtiyatlarına malikdir. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları hazırda 2,6 trilyon kubmetrdir. Əminəm ki, bu, son rəqəm deyil. Bu rəqəm artacaq. Çünki hazırda bir çox yataqlarda qiymətləndirmə gedir. Bir neçə yataqda kəşfiyyat işləri aparılır. Əminəm ki, bizim qaz resurslarımız, təsdiq edilmiş resurslar daha böyük olacaq. Ona görə də enerji təhlükəsizliyi deyəndə söhbət əlbəttə ki, marşrutların, mənbələrin şaxələndirilməsindən gedir. Burada Azərbaycanın çox unikal rolu var. Bu rol layiqincə qiymətləndirilir. Hələ 2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə memorandum imzalanmışdır. Bu yaxınlarda Avropa İttifaqının enerji siyasətində gedən proseslər onu göstərir ki, Azərbaycan çox önəmli tərəfdaş kimi qəbul edilib. Müvafıq sənədlərdə Azərbaycanın adı xüsusi qeyd edilir. Biz əlbəttə ki, bunu yaxşı bilirik, öz rolumuzu yaxşı bilirik, eyni zamanda, öz məsuliyyətmizi dərk edirik".
Prezident bildirib ki, Azərbaycanın həm zəngin neft-qaz resursları, həm də cəsarətli siyasəti və düşünülmüş addımları Avropanın enerji xəritəsini yenidən tərtib edir: "Bu, reallıqdır. Bizim rolumuz getdikcə artacaq. Bu, ölkəmizi daha da gücləndirəcək, ölkəmizə həm siyasi, həm də iqtisadi dividendlər gətirəcək. Nəticə etibarilə Azərbaycan xalqının daha da yaxşı yaşamasını təmin edəcək. Bununla bərabər, dediyim kimi, biz iqtisadi sahədə islahatlar aparırıq. Azərbaycanda aparılan islahatlar dünyanın aparıcı beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir. Bütün iqtisadi göstəricilər ən yüksək səviyyədədir. İqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə, Dünya Davos Forumunun hesablamalarına əsasən, Azərbaycan 38-ci yerdədir. Xarici borc cəmi 10 faiz səviyyəsindədir. İşsizlik 5 faiz səviyyəsindədir. Valyuta ehtiyatları ümumi daxili məhsulumuzun 75 faizini, bəlkə də ondan çox hissəsini təşkil edir. Neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, Azərbaycan iqtisadi inkişafını təmin edir. Bu ilin 4 ayında iqtisadiyyat 5,3 faiz artıb. Qeyri-neft sektorumuz isə təxminən 7 faiz artıb. Azərbaycan böyük, mötəbər, beynəlxalq tədbirləri də keçirir. 10 gündən sonra tarixdə ilk dəfə olaraq, məhz Azərbaycanda, Bakıda 1-ci Avropa Oyunları keçiriləcək. Bu, tarixi hadisədir. Biz cəmi 2 il ərzində bu Oyunlara hazırlıq işləri gördük. Qısa bir vaxt çərçivəsində Olimpiya Oyunları səviyyəsində keçiriləcək Oyunları təşkil etdik. Bu, ölkəmizin gücünü, güclü siyasi iradəmizi göstərir. Onu göstərir ki, biz müstəqil ölkə kimi gənc olsaq da, artıq dünya xəritəsində öz yerimizi tuta bilmişik və bu yer möhkəm yerdir. Sərginin iştirakçılarına uğurlar arzulayıram ".

Toğrul Əliyev