Daşkəsəndə Milli Qurtuluş günü münasibətilə bayram tədbiri keçirilib
09:28 13-06-2015
CƏMİYYƏT
Daşkəsəndə Milli Qurtuluş günü
münasibətilə bayram tədbiri keçirilib
Əhəd Abıyev: "Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq"
Daşkəsən rayonunda 15 İyun - Milli Qurtuluş günü silsilə tədbirlərlə qeyd edilib. Daşkəsənlilər bu əlamətdar günə böyük coşqu ilə ciddi hazırlaşmışdılar.
"Unukal"ın məlumatına görə, Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayonun bütün idarə, müəssisə və təşkilatlarında, ümumtəhsil məktəblərində, mədəni-maarif, səhiyyə müəssisələrində, bir sözlə, bütün yaşayış məntəqələrində toplantılar, dəyirmi masalar keçirilmiş, ümumtəhsil məktəblərindən şagird və müəllim kollektivlərinin rayonun Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil olunmuşdur. Yaşayış məntəqələrinin hər birində bu əlamətdar gün münasibətilə iməciliklər keçirilmiş, ərazilərin abadlaşdırılması və yaşıllaşdırılması işləri aparılmışdır.
Görülən bütün bu işlərdə Daşkəsən Rayon İcra Hakimiyyəti Aparatının təşəbbüsünə YAP Daşkəsən rayon təşkilatı etibarlı köməkçi olmuşdur. Yekun olaraq tədbir iştirakçıları rayonun mərkəzində əbədiyaşar ulu öndər Heydər Əliyevin abidə kompleksini ziyarət etmiş, heykəlin önünə gül-çiçək dəstələri düzmüş, Heydər Əliyev Mərkəzini ziyarət etmişlər.
Sonra tədbir iştirakçıları Daşkəsən Rayon Icra Hakimiyyətinin inzibati binasında 15 İyun - Milli Qurtuluş günü ilə əlaqədar təşkil olunmuş ümumrayon tədbirinə toplaşmışlar.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev ümumrayon toplantısında geniş və dərin məzmunlu nitq söyləyib. O, tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edərək deyib:
"Əziz daşkəsənlilər! Bildiyiniz kimi 15 iyun Milli Qurtuluş günü münasibətilə ölkəmizin hər yerində olduğu kimi Daşkəsən rayonunda da yüksək səviyyədə silsilə tədbirlər keçirilir. Azərbaycan Respublikasının Milli Məclisinin 27 iyun 1997-ci il tarixli qərarı ilə hər il iyun ayının 15-i Azərbaycan xalqının Milli Qurtuluş günü kimi qeyd olunur. Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur".
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev çıxışına davam edərək qeyd etdi ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixidir. Bu tarixi yaradan Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində əvəzolunmaz, müstəsna rol oynayan, daim xalqına arxalanan və özü xalqa arxa olan bir dünya şöhrətli, tarixi şəxsiyyət ümummilli liderimiz Heydər Əliyev olmuşdur. AXC - Musavat cütlüyünün səriştəsizliyi nəticəsində ölkədə anarxiya, xaos, hərc mərclik, özbaşınalıq hökm sürür, ərazilərimiz düşmən tərəfindən işğal olunurdu. Gəncədə 1993-cü il iyun qiyamı vəziyyəti daha da ağırlaşdırdı. Burada hökumətə tabe olmayan bir qrup zabit "hərbi birlik" yaratmışdı. Onlara Surət Hüseynov rəhbərlik edirdi. 709 saylı hərbi hissə Müdafiə Nazirliyinə tabe olmurdu. O vaxtkı İqtidar hərbi müxalifətin öhdəsindən gələ bilmirdi. İyunun 4-də səhər hərbi qiyamı yatırmaq üçün hökümət Gəncəyə minədək canlı qüvvə, güclü hərbi texnika yeritdi. Qiyamçı hərbi hissələr Bakıya doğru yeriməyə, prezidentin və hökumətin istefaya getməsini tələb etməyə başladılar və müqavimətə rast gəlmədən paytaxta yaxınlaşdılar. Yaranmış vəziyyətlə əlaqədar o vaxt kı parlamentin sədri, baş nazir, üç güc nazirliyinin rəhbərləri istefaya getməyə məcbur oldular. Ölkənin qabaqcıl adamları, ziyalılar, sadə əməkçilər böyük fəlakətin yaxınlaşdığını hiss edirdilər. Ümummilli liderimiz Heydər Əliyevin müstəqil və cəsarətli siyasət yeritməsi bütün Azərbaycan xalqının diqqətini cəlb edir, böyük tarixi şəxsiyyətə ümidləri daha da artırırdı. Azərbaycan parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı. Artıq respublikamız vətəndaş müharibəsinin başlanğıcında idi.
Xalqın sağlam qüvvələri, ziyalı insanlar dəfələrlə Naxçıvana gedib Ulu öndər Heydər Əliyevin yenidən böyük siyasətə, respublika rəhbərliyinə qayıtmasını xahiş edirdilər. 1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı-alimlər, müəllimlər, jurnalistlər, hüquqşünaslar, həkimlər "Səs" qəzeti vasitəsilə Heydər Əliyevə bu barədə bir daha rəsmi müraciət etdi.
Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası yaradıldı.
AXC - Musavat iqtidarı uzun müddət öz yarıtmaz fəaliyyəti ilə ölkəni parçalanmaq həddinə çatdırmış, vətəndaş müharibəsi üçün zəmin yaranmışdı. Başlanmış bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən iqtidar da son anda kömək üçün Heydər Əliyevə müraciət etdi.
Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu dahi şəxsiyyət həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə gətirib çıxarmaması üçün öz müdrik sözünü dedi. Heydər Əliyevin Gəncəyə səfəri vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı.
Cənab Əhəd Abıyev toplantı iştirakçılarına müraciət edərək daha sonra demişdir:
- Əziz daşkəsənlilər, Ümummilli liderimiz Gəncədə baş verən hadisələrə münasibət bildirərkən demişdi: "Hadisələr dəhşətlidir. Qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və qanunu pozmuş bütün adamlar, cinayətdə iştirak etmiş adamlar, cinayəti təşkil etmiş, hansı tərəfdən asılı olmasına baxmayaraq qanun qarşısında məsuliyyət daşımalıdırlar". Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
Ümummilli liderimiz Heydər Əliyev kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi, Azərbaycan dövlətini parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Dövlətimizin qorunub saxlanılması-azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluşu idi.
Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Dahi şəxsiyyət Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir".
Zamanı, bütöv bir dövrü, əbədiləşdirən qüdrətli, müdrik, dahi şəxsiyyətlərdir. İnsanlar isə azad, firavan həyatı üçün belə şəxsiyyətlərə borcludurlar.
Ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz sürətlə hərtərəfli inkişaf edir, respublikamızın beynəlxalq aləmdə hörmət və nüfuzu daha da artır və möhkəmlənir.
Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab İlham Əliyevin çox hörmətli xanımı Mehriban Əliyeva ilə birlikdə 2014-cü ilin oktyabr ayının 17-də Daşkəsən rayonuna unudulmaz tarixi səfəri bütün daşkəsənlilərin qürurla yaşamaq, yaradıb-qurmaq əzmini misilsiz dərəcədə artırmışdır.
Daşkəsənlilər həmişə olduğu kimi, bundan sonra da Ulu öndər Heydər Əliyevin Azərbaycanda daim yaşayan və qalib gələn ideyalarına sədaqət nümayiş etdirəcək, əvəzolunmaz siyasi lider kimi cənab Prezidentimizin ətrafında daha sıx birləşərək, ölkəmizin hərtərəfli inkişafı üçün var qüvvələrini sərf edəcəklər.
Hörmətli tədbir iştirakçıları, Azərbaycan uğurla çox böyük müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir.
Bildiyiniz kimi bu gün-12 iyunda Bakı şəhərində ilk Avropa oyunlarının möhtəşəm, təntənəli açılışı keçiriləcəkdir. Biz tam əminik ki, bu beynəlxalq tədbir də çox böyük uğurla başa çatacaqdır.
Sizi bir daha 15 iyun Milli Qurtuluş günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, yeni-yeni uğurlar, xoşbəxtlik arzulayıram.Bayramınız mübarək! Yaşasın müstəqil Azərbaycan Respublikası! Ümummilli Liderimiz Heydər Əliyevin əbədiyaşar ideyalarına eşq olsun!
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyevin 15 iyun Milli Qurtuluş günü münasibətilə geniş məzmunlu nitqindən sonra A.Mürsəlov adına 2 saylı tam orta məktəbin müəllimləri D.Mahmudova və S.Ələsgərova məruzə ətrafında çıxış etmişlər.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-25 14:24:03
2024-11-25 14:17:26
2024-11-25 14:14:54
2024-11-25 14:12:12
2024-11-25 14:04:40
2024-11-25 13:03:15
2024-11-25 12:58:27
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06