Azərbaycanın məşhur holdinqi ilə bağlı sərt ittihamlar
08:43 18-06-2015
CƏMİYYƏT
Azərbaycanın məşhur holdinqi ilə bağlı sərt ittihamlar
"Nurgun Motors"a daxil olan bankın fəaliyyəti ilə bağlı ilginc faktlar ortaya çıxdı
Bir müddət əvvəl böyük həcmdə vergi borcuna görə qapıları möhürlənən "Nurgün" Şirkətlər Qrupu xidmət göstərdiyi sahələrdə qiymətlərə əl gəzdirib və yenidən bazara qayıdıb. Şirkətə daxil olan inşaat, bank, sığorta, avtomobil, istehsal, pərakəndə ticarət sahələrində tariflər tavana dirənmiş vəziyyətdədir. Lakin bu, məsələnin bir tərəfidir. Qrupa daxil olan biznes vahidlərinin hər birinin özünün sualtı daşları var.
Yəni vergidən yayınmaya, baha qiymət siyasəti ilə müştərilərin cibinə girməsinə baxmayaraq, əhatə etdiyi bütün şirkətlərdə vəziyyət kritikdir.
Bu haqda yazan publika.az-ın məlumatına görə, adıçəkilən şirkətlər qrupuna daxil olan "NBC Bank" ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın əsas missiyası kimi kiçik və orta sahibkarlığın inkişafına hər cür kömək göstərmək, əhalinin istehlak kreditlərinə olan ehtiyaclarının ödənilməsinə töhfə vermək, iqtisadiyyatı keyfiyyətli bank məhsulları və xidmətləri ilə təmin etmək, insan resurslarını qorumaq göstərilir. Reallıqda isə bank sadəcə "Nurgün" Şirkətlər Qrupuna daxil digər biznes vahidlərinin maliyyə qurumu qismində çıxış edir. İndiyə qədər də adı sadəcə "Nurgün" Şirkətlər Qrupuna daxil "Nurgun Motors"un avtomobillərinin kreditlə satışını reallaşdırmaqda hallandırılıb. Hazırda isə bu və ya digər səbəbdən maliyyə hesabatları banka xoş gələcək vəd etmir: "Bu ilin birinci rübünə olan məlumata əsasən, bankın nağd vəsaitləri 5 milyon 591 min manat, cəmi aktivləri 141 milyon 928 min manat, cəmi kapitalı 50 milyon 572 min manat, kredit portfelinin həcmi 122 milyon 333 min manat, vaxtı keçmiş kreditlərin ümumi həcmi isə 7 milyon 30 min manat olub. Hansı ki, bu da kredit portfelinin 5,75 faizi deməkdir.
Vaxtı keçmiş kreditlərin strukturuna nəzər yetirdikdə məlum olur ki, 7 milyon 30 min manatın 6 milyon 101 min manatı fiziki şəxslərin vaxtı keçmiş kreditləridir. Onlara verilən kreditlərin məbləği 65 milyon 255 min manat olub. Göründüyü kimi, fiziki şəxslərin problemli kreditləri vaxtı keçmiş kreditlərin ümumi həcmində daha çoxdur. Amma bu, məsələnin bir tərəfidir. Vaxtı keçmiş kreditlərin aktivlərdə payı da yüksəkdir. Hətta bu pay 4,9 faiz təşkil edir ki, bu da beynəlxalq normalara əsasən təhlükəli hədd sayılır. Çünki beynəlxalq normalarda hədd 3 faiz götürülüb.
Bankın təhlükəli kreditlərinin məbləğinə gəlincə, bu rəqəm 556 min manat, ümidsiz kreditlərinin məbləği isə 4 milyon 195 min manatdır. İri kredit borclarının məbləği 11 milyon 857 min manatdır. Yeri gəlmişkən, bu, ilin birinci rübünə olan rəqəmdir. Ötən ilin 12 ayı ərzində həmin rəqəm 12 milyon 436 min manat olub. İri kredit borclarının məcmu kapitala nisbəti 23.89%-dir. Son iki ildə bu faiz nisbəti də artıb. Bankın mənfəət və zərərinə gəldikdə, bank birinci rübü -586 min manat zərərlə başa vurub. Halbuki, 2014-cü ilin sonuna vergilər ödənildikdən sonra xalis mənfəəti 1 milyon 460 manat olub.
"NBS Bank"la bağlı vacib məqam audit hesabatını sonuncu dəfə 2013-cü ildə verməsidir. Belə ki, Banklar haqqında Azərbaycan Respublikasının Qanunun 45-ci Maddəsinin 45.1. bəndinə görə, bank və xarici bankın yerli filialı maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində bankın və xarici bankın yerli filialının kənar auditor tərəfindən təsdiqlənmiş konsolidasiya əsasında hazırlanmış maliyyə hesabatını auditor rəyi ilə birlikdə bankın səhmdarlarına, habelə müştərilərin tələbi ilə onlara təqdim etməlidir.
Elə həmin maddənin 45.3. bəndində o da əlavə edilir ki, qanunun 45.1-ci maddəsində göstərilmiş maliyyə hesabatı kütləvi informasiya vasitələrində bank və xarici bankın yerli filialları tərəfindən dərc edilməlidir. 2015-ci maliyyə ilinin başlamasından 6 ay ötür, hələ NBS bank audit hesabatını yerləşdirməyib".
Daha sonra qeyd olunur ki, "Banklar Haqqında" Azərbaycan Respublikası Qanununun bankların təşkili ilə bağlı 19 maddəsinin 19.1. bəndinə görə, "bank ən azı, üç hüquqi və ya fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti şəklində yaradılır. "Nurgün" Şirkətlər Qrupunun sahibi "NBS Bankı"ın səhmdarlarının formalaşmasında bütün qohumlarından istifadə edib: "Belə ki, 2013-cü ilin audit hesabatına görə, bankın səhmlərinin 45.88 faizi Əliyev Nuru Yaşar oğluna, 10,70 faizi Əhmədov Surxaya, 9.56 faizi elə Nuru Əliyevin sahib olduğu "Nurgun Group LLC"yə, 8.37 faizi Oqtay Rüstəmova, 8,15 faizi Səfiyeva Nüşabə və 8,14 faizi Rüstəmova Cəmilə Yaşar qızlarına, 4,88 faizi Səfiyev Müşfiqə, 4,32 faizi Caspian Insurance Co LTD LLC-yə məxsus olub.
Nəzərə çatdıraq ki, Müşfiq Səfiyev Nuru Əliyevin bacısının həyat yoldaşıdır. Hansı ki, həmin bacısı - Səfiyeva Nüşabə bankın səhmdarlarından biridir. Bankda ikinci böyük səhmdar Surxay Əhmədov isə Nuru Əliyevin xalası oğludur.
Bankın təklif etdiyi kredit məhsullarının faizləri, şərtləri də diqqət çəkir. Düzdür, bank indiyə qədər müştərilərlə sıx işləyən maliyyə təşkilatı kimi tanınmayıb. Belə ki, bankın kredit fəaliyyəti əsasən "Nurgun Group"un ölkəyə gətirdiyi maşınları satmağa yönəlib. Amma bank internet ünvanında bir necə kredit məhsulunun adını qeyd edib. Hansı ki, bura partnyor avto krediti, digər avto kredit, məişət krediti, mebel krediti, telefon krediti, kompüter krediti, səyahət krediti, pul krediti, lombard krediti, təqaüdçü krediti, plastik kartla kredit həmçinin ipoteka krediti aiddir. Hər kredit məhsulunun faizləri də bir başqa mövzudur. Məsələn, məişət kreditini götürək. Kredit 28 faizlə (faktiki illik faiz dərəcəsi 6 aylıq kredit üzrə FİFD 42,77% ,12 aylıq kredit üzrə 36,13%, 18 aylıq kredit üzrə 33,70%, 24 aylıq kredit üzrə 32,44%-dir) təklif olunur. Bu qədər yüksək faizdən sonra kreditin verilməsinə görə 4 faiz komisyon haqq tutulur. Bankın təqaüdçü kreditinin şərtləri də yüngül deyil. Əvvəla, kreditin məbləği maksimum təqaüd məbləğinin 10 misli qədərdir. Kreditin verilməsinə görə komisyon haqq 1-12 ay 6% (min. 30 AZN), 13-24 ay 8% (min. 40 AZN), 25-36 ay 10%-dir (min. 50 AZN). İlik faiz dərəcəsi 1-12 ay üzrə 27%, 13-24 ay üzrə 28%, 25-36 ay üzrə 29%-dir. Faktiki İllik faiz dərəcəsi 12 aylıq kredit üzrə 39,36%, 24 aylıq kredit üzrə 37,16%, 36 aylıq kredit üzrə 37,33%-dir.
Göründüyü kimi, bank faizləri müəyyən edərkən Azərbaycanın təqaüd sistemini deyil, sanki Norveçi əsas götürüb. Lombard krediti adı altında verilən kreditlərə gəlincə, cəmi məbləğ 500 000 manat, kreditin müddəti 60 aydır. Kreditin verilməsinə görə komisyon haqqı 2% (min. 30 AZN), illik faiz dərəcəsi 24%-dir. Kredit xəttinin xalıs əmək haqqına nisbəti əmək haqqının 3 misli götürülür. Pul krediti kimi bank girovsuz 20 000, daşınar və daşınmaz əmlakı girov qoymaq şərti ilə isə 500 000 min manat təklif edir. Amma bank elə krediti verən andan qazanmağa başlayır. Belə ki, komisyon haqq kimi məbləğdən 1-18 ay 3% (min. 30 manat), 19-36 ay 5% (min. 30 manat), 37-60 ay 7% (min. 30 manat), daşınar əmlak girovu ilə 36 ay hər il üçün 2% (min. 50 manat), daşınmaz əmlak girovu ilə 1-12 ay 1% (min. 50 manat), 13-24 ay 2% (min. 50 manat), 25-36 ay 3% (min. 50 manat), 37-48 ay 4% (min. 50 manat), 49-60 ay 5% (min. 50 manat) tutulur. İllik faiz dərəcəsi depozit %+3% (nağd vəsaitlə təmin olunmuş kreditlər üçün), 21%-28% - digər verilən kreditlər üçündür.
Ən əsası da odur ki, bütün bu kredit məhsulları sadəcə bankın veb ünvanındakı bölmələrdə rəngarənglik yaratmaq məqsədilə qeyd edilib. Hətta yüksək faizlərlə təklif olunsalar belə, müştəri kimi kredit almaq məqsədilə banka müraciət etdikdə, əməliyyatçı yalnız avtomobilə kredit ayırdıqlarını bildirir".
Bildirilir ki, "NBS Bank"ın avtomobil krediti ilə bağlı şərtlərə gəlincə, əslində bankın niyə problemli kredit böhranı yaşamasının sirri burada açılır: "Şirkətin qonşu ölkələrlə müqayisədə avtomobillərə baha qiymət biçməsi bir tərəfə, bank da özünün kredit faizləri, komisyon haqqı ilə alıcını müflisləşdirir. Son nəticədə borcalan krediti ödəyə bilmir. Hazırda "Nurgun Motors" avtomobillərin qiymətini qaldırdığından, bankda bu istiqamətə ayrılan kreditin məbləği də artıb. Əgər bir il əvvəl kreditin məbləği 100 min manata qədər idisə, indi 500 min manatdır. İllik faiz dərəcəsi isə əvəzində azaldılıb. 2014-cü ildə 20-26 faiz təşkil edirdisə, hazırda faizlər 10-20-faiz arasında dəyişir. Girov qismində yenə də alınmış avtomobil iştirak edir. Girovun qiymətləndirilməsi bank daxili komissiya tərəfindən real bazar qiymətinin 70%-i əsas götürülərək aparılır. Yeri gəlmişkən, bu da avtomobil alıcıları tərəfindən haqlarının tapdanması kimi dəyərləndirilir.
"Nissan" salonlarından kreditlə avtomobil alan mənbəmizin dediyinə görə, "NBS Bank" partnyor avtomobil kreditləri çərçivəsində "Nissan"ın salonları ilə əməkdaşlıq edir: "Kreditlərin illik bank faizlərinin 20, ilkin ödənişin 15 faiz olduğu göstərilsə də, alıcının bu şərtlərlə maşın sahibi olmaq arzusu salona ayaq basdığı anda puç olur. Elə şərtlər irəli sürülür ki, avtomobil satışı qiymətindən azı 4 min manat, bazar dəyərindən isə 2 dəfə baha başa gəlir. Yəni konkret olaraq prosesdə bəzi gizli "tələlər" az deyil"".
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43