Oliqarx bankları Elman Rüstəmovun qərarını saymır
10:03 24-06-2015
CƏMİYYƏT
Oliqarx bankları Elman Rüstəmovun qərarını saymır
Azərbaycanda borclulara qarşı "soyğunçu"luq genişlənib
"Bankdan 5 min dollar kredit götürmüşdüm. Bu kreditə görə, ayda təxminən 270 manat ödəyirdim. Ancaq sonradan dolların bahalaşması kredit ödənişinin manatla ifadədə artmasına səbəb oldu. 270 manat ödənişim birdən-birə 330 manata yüksəldi. Nəticədə ödəniş etməkdə çətinlik yarandı və gecikmələrim oldu". Bunu anspress-in əməkdaşı ilə söhbətində paytaxt sakini Tural Məmmədov söyləyib.
Tural deyib ki, bank gecikməyə görə onu tələsdirir, ancaq o, faktiki olaraq ödənişi ödəyə bilmir. Ailəli olduğunu söyləyən gənc kredit ödənişinin qəflətən artmasının onu çətin vəziyyətə saldığından gileylənir: "Mən krediti ödəyə bilmirəm. Bank isə ödənişin gecikməməsi üçün hər gün mənə xəbərdarlıq edir. Bir orta həll yolunu tapa bilmirəm. Bank mənimlə razılaşmır və kreditin vaxtında ödənilməsini tələb edir".
Əslində belə olan halda, qanunvericiliyə uyğun olaraq bank müştəridən ödənişini məhkəmə yolu ilə ödətdirə bilər. Ancaq məhkəmə prosesi bankların heç də hər zaman marağını təmin etmir. Prosesin uzun vaxt aparması və məhkəmənin çıxaracağı qərar bankın tələb etdiyi vaxtda ödənişin edilməsini gecikdirəcək. Burada vətəndaşın da vaxt itirməsi və məhkəmə tərəfindən əleyhinə qərar qəbul edilməsi məsələləri diqqətdə saxlanılmalıdır.
Bu gün problemli kreditlərin həcminin artması da bu məsələnin həllini şərtləndirir. Rəsmi statistikaya nəzərə salsaq görərik ki, 2015-ci ilin mayın 1-nə Azərbaycanın bank sektorunda problemli kreditlərin həcmi 1 milyard 256,6 milyon manata çatıb. Bu isə ilin əvvəlindən bu yana olan göstəricidən 280,3 milyon manat çoxdur. Ekspertlər hesab edir ki, bu vəziyyətin yaranması daha çox bankların düzgün kreditləşmə siyasəti aparmaması ilə əlaqəlidir.
Mütəxəssis Samir Əliyev isə bildirib ki, insanların ən çox şikayət etdiyi sahə bank sektorudur. Banklar kredit şərtlərini istədikləri kimi müəyyənləşdirirlər: "Banklar müqavilələrdə daha çox öz hüquqlarını qabardırlar. Müştərilərinsə öhdəliklərinə geniş yer ayırırlar. Gecikdirilən kreditlərə ağlasığmaz cərimələr hesablanır. Məsələ məhkəməyə çatanda da haqsız çıxan vətəndaş olur. Bir tərəfdən də kollektorlar yavaş-yavaş inkişaf edir və əhalinin baş ağrısına çevrilir. Banklar öz reklam çarxlarında əhaliyə düzgün olmayan məlumat verirlər. Onlar kreditin ağır şərtləri barədə məlumatları gizlətməklə əhaliyə natamam məlumatlar verirlər və bununla da əhalini cəlb edirlər. Bank krediti vaxtından əvvəl qaytarmaq istəyən müştəriyə cərimə tətbiq edir və s".
Ekspert qeyd edir ki, faktiki olaraq 2 milyondan çox əmanətçi, 5 milyondan çox kredit müştərisinin taleyi havadan asılı vəziyyətdə qalıb: "Əhalinin maliyyə savadsızlığından istifadə edilərək onlar aldadılır. Bu halda vətəndaş kimə müraciət edəcəyini, hüquqlarının hansı qurum tərəfindən qorunacağını bilmir. Düzdür Mərkəzi Bankın göstərişi ilə bankların nəzdində istehlakçıların şikayətini araşdıran şöbələr yaradılmağa başlayıb. Ancaq şikayətləri araşdıran müstəqil qurumun olmasına ehtiyac var.
Bu gün ölkədə maliyyə xidmətlərindən istifadə edən müştərilərin hüquqlarını qoruyan hansısa mexanizm və müstəqil institut yoxdur. Belə halların qarşısının alınması üçün bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da maliyyə ombudsmanının (müvəkkilinin) yaradılmasına ehtiyac var. Maliyyə ombudsmanının fəaliyyəti maliyyə təşkilatlarının müştərilərinin hüquqlarını qorumaqdır. Ombudsman institutunun yaradılmasında məqsəd ortaya çıxmış problemləri məhkəmədənkənar həll etməkdir. Ən əsası bu institut müştərilərə pulsuz xidmət göstərir. Ombudsman yaranmış mübahisələri ilkin mərhələdə həll edə bilir".
Mütəxəssisin fikrincə, Maliyyə Ombudsmanı İnstitutunun məhkəmələrdən üstünlüyü müştəriyə məhkəməyə çəkiləcək xərcə qənaət etmək imkanı verir: "Eyni zamanda məsələyə baxılması müddəti də məhkəmə ilə müqayisədə qısadır.
Vətəndaşların maliyyə hüquqlarını müdafiə edən ilk maliyyə müvəkkili 1992-ci ildə Almaniyada yaradılıb. Hazırda bir çox ölkələrdə - Fransa, Böyük Britaniya, Danimarka, İsveç, İrlandiya, Pakistan, CAR və başqa ölkələrdə fəaliyyət göstərir. MDB ölkələrində bu institut geniş yayılmayıb. Belə institut Rusiya və Ermənistanda fəaliyyət göstərir. Ukraynada yaradılması nəzərdə tutlsa da, məlum siyasi böhran ideyanın reallaşmasını bir qədər ertələyib. Qazaxıstanda 2011-ci ildə bank ombudsmanı institutu yaradılıb. Gürcüstanda isə sığorta ombudsmanı institutu yaradılması planlaşdırılır".
Samir Əliyev qeyd edir ki, maliyyə ombudsmanı bank, sığorta və investisiya sahəsində maliyyə qurumları ilə maliyyə xidmətlərinin istehlakçıları arasında yaranmış mübahisələri tənzimləyən mexanizmdir. Onun fikrincə maliyyə ombudsmanların fəaliyyəti bəzi ölkələrdə ancaq bank, bəzilərində sığorta, bəzilərində isə bütün maliyyə sektorunu əhatə edir.
Azərbaycan Mərkəzi Bankı (AMB) isə vəziyyətdən çıxış yolunu Avropa təcrübəsindən yararlanaraq həll etmək istəyir.
AMB-dən verilən məlumata görə, "Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və maliyyə savadlılığının artırılması" layihəsi çərçivəsində Mərkəzi Bank İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və Dünya Bankı ilə sıx əməkdaşlıq əlaqələri qurub. Layihə çərçivəsində "Banklarda və bank olmayan kredit təşkilatlarında maliyyə xidmətləri istehlakçılarının müraciətlərinə baxılmasına dair Metodoloji Rəhbərlik" hazırlanıb.
Bu sistemin tətbiqi istehlakçılardan daxil olan şikayət, ərizə və təkliflərin kredit təşkilatları tərəfindən araşdırılıb cavablandırılması mexanizminin inkişaf etdirilməsinə, faktiki olaraq məhkəmələrdən kənar arbitraj institutunun formalaşmasına və bu istiqamətdə yeni mərhələnin başlanmasına təkan verəcək. Bu isə öz növbəsində istehlakçı və kredit təşkilatı arasında gələcəkdə yarana biləcək hüquqi mübahisələrin qarşısının alınmasına, istehlakçı məmnunluğunun yüksəlməsinə, kredit təşkilatlarına inamı gücləndirməyə və nüfuz risklərinin azaldılmasına gətirib çıxaracaq. Nəticə etibarilə bu tədbirlər bank sektorunun inkişafına və maliyyə sabitliyinin qorunmasına xidmət edəcək.
Bununla yanaşı, Mərkəzi Bank hüquqi-tənzimləyici sistemin təkmilləşdirilməsi istiqamətində bir sıra qanunlara dəyişikliklər, məsuliyyətli kreditləşmə və istehlakçılarla müqavilə bağlanana qədər onlara təqdim olunacaq məlumatların açıqlanmasına dair Metodoloji Rəhbərlik, kredit təşkilatları üçün nümunəvi davranış kodeksinin layihələrini hazırlamış və bu istiqamətlər üzrə işlər davam etdirilməkdədir.
Xüsusilə, məsulliyyətli kreditləşmə siyasəti çərçivəsində banklardan istehlakçılarla müvafiq davranış prinsiplərinə riayət edilməsi, istehlakçılara gəlirlərinə uyğun məhsulların təqdim olunması, məhsulların qiyməti ilə bağlı düzgün və dolğun məlumatların açıqlanması ilə bağlı tələblərin sərtləşdirilməsi nəzərdə tutulur.
Bir sözlə, hələlik reallıq ondan ibarətdir ki, Azərbaycanda bəzi banklar Elman Rüstəmovun rəhbərlik etdiyi Mərkəzi Bankın qərarını saymırlar. Bu isə həmin bankların iri məmurların himayəsində olması ilə izah edilir. Nəzarətində olduqları oliqarxın nüfuzuna, gücünə güvənən banklar Mərkəzi Bankın göstərişinə rəğmən borclulara qarşı "soyğunçu"luğu dayandırmaq əvəzinə, daha da genişləndirirlər.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 12:39:18
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28