Vətəndaş cəmiyyətinə zərbə vuran "öz müqəddaratını həll etmə" oyunu
Bu gün vətəndaş cəmiyyətinin formalaşması prinsipi ilə bəzi beynəlxalq siyasi spekuliyasıyalar üst-üstə düşür. Bu baxımdan, işğal olunmuş Dağlıq Qarabağla bağlı bəzi qüvvələrin tutduğu mövqe kifayət qədər maraqlıdır.
Belə ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistan öncələr bu addımlarını işğal etdikləri torpaqların güya onlara məxsus olduğunu iddia edirdilərsə, daha sonra xarici qüvvələrin tövsiyyəsi ilə planlarını dəyişdilər. Və belə bir mövqe ortaya qoyuldu ki, güya bu ərazidə çoxluq təşkil edən ermənilər özmüqəddaratını həll etmə hüquqndan bəhrələnərək müstəqilliklərini elan ediblər. Məhz, buna görə Ermənistan parlamentinin illər öncə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı qərarını yoxa çıxartdılar. Maraqlıdır, bəs, ermənilərin öz müqəddaratını həll etmə bəhanəsindən istifadə etmələri nə qədər realdır?
Ekspertlər hesab edir ki, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və bu, o deməkdir ki, ilk növbədə Azərbaycan xalqının öz müqəddaratını təyin etmə haqqı var. Belə olan halda bir qrupun ayağa qalxması sadəcə olaraq, cəmiyyətdə pozuqluq yaratmaq cəhdi kimi dəyərləndirilə bilər. Digər tərəfdən, Azərbaycan bütün ərazisi ilə bütövləşmiş vətəndaş cəmiyyətinə sahib idi və bu gün 20 faiz torpaqların işğal edilməsi, bir milyondan çox qaçqının yaranması vətəndaş cəmiyyətinə vurulan ağır zərbədir. Belə olan halda sual verilir, 30-40 min adamın istəyi haqlıdır, ya 9 milyonluq vətəndaş cəmiyyətinin haqqı daha mühümdür? Sözsüz ki, çoxluğun. Belə olan halda açıq şəkildə demək olar ki, bu gün ermənilərin öz müqəddəratını həll etmə bəhanəsi sadəcə olaraq, Azərbaycanda vətəndaş cəmiyyətinə vurulan ağır zərbədir. Deyəsən, artıq bunu dünyaca məhşur ekspertlər də görür və buna etirazlar artmağa başlayır.
Belə ekspertlərdən biri də argentinalı hüquqşünas, Beynəlxalq Hüquq İnstitutunun üzvü, eləcə də Cenevrədə yerləşən Beynəlxalq və İnkişaf üzrə Tədqiqatlar İnstitutunun professoru Marselo Kohendir. O, əsasən suverenliklə bağlı mübahisə doğuran iddialar və bu baxımdan dekolonizasiya kontekstində tətbiq edilən müvafiq qaydalara, o cümlədən, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsiplərinə, beynəlxalq münaqişələrin sülh yolu ilə həll edilməsində dövlətlərin üzərinə düşən öhdəliklər məsələsinə toxunub.
M.Kohen deyib ki, Atlantik okeanının cənub-qərbində, Argentinanın cənub-şərqində yerləşən və 3 min nəfərə yaxın əhalisi olan Malvina və ya Folklend adaları uğrunda1982-ci ildə İngiltərə-Argentina dəniz münaqişəsi baş verib. Argentina bu müharibədə məğlub olsa da, hələ də həm adaların adına, həm də ərazi bütövlüyü məsələsində iddialarını davam etdirir. 2010-cu ildə Britaniya şirkətləri adalarda neft yataqlarının işlənməsinə başlayarkən, bu münasibətlər yenidən kəskinləşib. Hazırda Britaniya adalarda min nəfərlik hərbi baza yerləşdirib ki, bu da əhalisi çox az olan ərazini dünyanın ən hərbiləşdirilmiş ərazilərindən biri edir.
M.Kohen qeyd edib ki, bu münaqişə dünyada gücün beynəlxalq hüquqdan daha üstün olduğunu göstərir: "Belə ki, Britaniya bu münaqişəni nizamlamaqdan imtina edir. Britaniya hüquq yox, güc mövqeyindən çıxış edib və iddia edir ki, Argentina bunu qəbul etməlidir. Onlar hətta bu məsələni müzakirə belə etmək istəməyiblər. Argentina isə öz hüquqlarından vaz keçməyib".
Professorun sözlərinə görə, öz müqəddəratını müəyyən etməyə gəldikdə, orada yaşayanlar Britaniya vətəndaşlarıdır və onlar istəyirlər ki, adalar Britaniyanın olsun: "Dünya ölkələrinin çoxu isə Argentinanın bu adalar üzərində suverenliyini qəbul edir. Britaniya isə iddia edir ki, adalar 16-cı əsrin əvvəllərində Britaniya tərəfindən kəşf edilib. Lakin adanın kim tərəfindən kəşf edilməsi onlar üzərində suverenliyə əsas vermir. Əgər kəşfdən sonra yerləşmə olsa idi, bəlkə də belə bir iddia irəli sürmək olardı. Lakin kəşfdən sonra adada britaniyalılar deyil, ispanlar və fransızlar yerləşiblər. Bundan başqa, britaniyalıların adanın kəşf etdiyi tarixə qədər orada ispan gəmilərinin uzun müddət qaldıqları artıq sübut edilib. Argentina adaların əsl adının da Malvina olduğunu bildirir və bunu belə əsaslandırır ki, son dövrlərə qədər adalar heç vaxt Folklend adlanmayıb".
Hüquqşünasın sözlərinə görə, Argentina hər zaman hesab edib ki, öz müqəddəratını təyinetmə prinsipi çox mühüm məsələdir: "Lakin bu hüquqi yox, siyasi prinsipdir. Bu prinsip beynəlxalq səviyyədə nə cür tətbiq olunur? Hazırda bu prinsipin açıq şəkildə manipulyasiyası mövcuddur. Böyük Britaniya xalqların öz müqəddəratını təyin etməsi prinsipində manipulyasiya edir. Beynəlxalq hüquqa əsasən, insanların milli mənsubiyyətinə görə, müxtəlif hüquqlara sahib olduqlarını görürük. Lakin o insanların həmin ərazilərin suverenliyi haqqında qərar qəbul etmək hüquqları yoxdur. Bu, onların yaşadığı ərazidir, lakin bundan kənara çıxmamalıdırlar. İnsanlar öz müqəddəratını təyin edə bilərlər, amma ərazinin müqəddəratını yox. Hazırda söhbət adalarda yaşayan 2800-dən artıq insandan gedir. Orada əhali təbii artım yolu ilə artmır. Sadəcə, Britaniya orada miqrasiya məsələləri həyata keçirir. Belə ki, adada yaşayanların 40 faizi orada 10 ildən də az bir müddətdə yaşayırlar".
Məruzəçi bununla bağlı Beynəlxalq Ədalət Məhkəməsinin Fələstin, Qərbi Saxara ilə bağlı qərarlarına, eləcə də Şərqi Timor, Salvador və Honduras, Kamerun və Nigeriya arasındakı problemlərin həlli ilə əlaqədar nümunələr gətirib.
O qeyd edib ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əsasən, bu ərazidəki insanlar öz müqəddəratını təyin edə bilər və buna dekolonizasiya prizmasından baxılıb: "Lakin onun suverenliyini təyin edə bilməzlər. Yəni söhbət sadəcə, orada yaşayanların mövqeyinin diqqətə alınmasından gedir. Bunu Folklend adalarına da aid etmək olar. Malvina və ya Folklend adalarının suverenliyi ilə bağlı qərarı da nə adadakılar, nə də Britaniya deyil, yalnız Argentina verə bilər".
Bəzi sanksiyalar həyata keçirilir. Onların bayrağı altında üzən hər hansı gəmi Cənubi Amerika limanına daxil ola bilməz.
Məruzəçi sonra bildirib ki, dünyanın bir çox ölkələri Argentinanın mövqeyini dəstəkləyir: "Lakin təəssüf ki, məcbur edə bilmirsiniz ki, qarşı tərəf beynəlxalq hüquqa riayət etsin. Lakin mən inanıram ki, beynəlxalq hüquq kifayət qədər gücü olmasa da, mühüm və faydalı vasitədir. İsrar edilməlidir ki, beynəlxalq hüquq normaları yerinə yetirilsin. Daha yaxşı dünya qurmaq üçün başqa yol yoxdur".
Professorun fikrincə, Argentinadakı hərbi xuntanın problemi hərbi yolla həlll etmək cəhdi doğru deyildi. Lakin bu faktın adaların suverenliyi məsələsi ilə əlaqəsi yoxdur.
Tədbirdə Malvina/Folklend adaları problemi ilə Dağlıq Qarabağ problemi arasında paralellər də aparılıb.
M.Kohen bəyan edib ki, beynəlxalq hüquq selektiv olaraq yox, bütün hallarda tətbiq olunmalıdır. Əks halda bu, manipulyasiyadır. Dağlıq Qarabağ məsələsinə gəldikdə isə, orada indi yaşayan əhali öz müqddəratını təyin edə biləcək xalq statusuna malik deyil: "Beynəlxalq aləmdə "Dağlıq Qarabağ xalqı" adlı məfhum yoxdur. Əlbəttə ki, burada müxtəlif aspektlər, etnik təmizləmə və s. məsələlər də nəzərə alınmalııdr. Lakin indiki vəziyyəti nəzərə alsaq, görünən odur ki, etnik əhali müəyyən ərazidə yaşayır və onlar ölkənin digər tərəfindəki etnik tərkibdən fərqlidir. Tutaq ki, lap onlar orada etnik cəhətdən çoxluq təşkil edirlər, lakin bu, onlara öz müqəddəratını təyin etmək hüququ vermir. Heç bir əhali deyə bilməz ki, bu bizim ərazidir və biz öz müqəddəratımızı təyin edirik. Dağlıq Qarabağda hazırda yaşayan ermənilər etnik azlıqdır, lakin onların öz müqəddəratını təyin etmək hüququ yoxdur. Onlar öz dilini, mədəniyyətini qorumağı tələb edə bilərlər, lakin suverenliyi tələb edə bilməzlər".
Qeyd edək ki, Marselo Kohen bir sıra dövlətlərə ərazi və dəniz hüququ üzrə mübahisələrlə bağlı Beynəlxalq Ədalət Məhkəməsi və bir sıra tribunallardan əvvəl vəkil kimi xidmət göstərib. O eləcə də beynəlxalq arbitrdir. Argentina dövləti tərəfindən onun namizədliyi BMT-nin Beynəlxalq Hüquq Komissiyasına təklif edilib.
Beləliklə açıq şəkildə aydın olur ki, Azərbaycanın vətəndaş cəmiyyəti Ermənistanı hətta beynəlxalq məhkəmələrə verməklə bir tərəfdən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qərarlar çıxartdıra bilər, digər tərəfdən isə vətəndaş cəmiyyətinin bütövləşməsinə nail ola bilər.
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16