Fazil Məmmədovun nəzarətindəki icra başçısından narazılıq böyüyür
11:03 10-09-2015
CƏMİYYƏT
Alimpaşa Məmmədovun özbaşınalıqları Şəmkir camaatının səbr kasasını daşırmaqdadır
Məlum olduğu kimi, Şəmkirin icra başçısı Alimpaşa Məmmədov həmin vəzifəyə təyin olunandan sonra rayonda narazılığın ardı-arası kəsilmir. Sözsüz ki, onun qeyri-qanuni əməlləri və insanları narazı salan addımlarının səbəbləri var.
Bunun ən böyük səbəblərindən biri də Vergilər naziri Fazil Məmmədovun kurasiyasında olmasıdır. Çünki heç bir icra başçısı arxasında ciddi dəstək olmadan bu qədər narazılıq yarada və bununla belə vəzifədə qala bilməz. Şəmkirin ondan əvvəlki icra başçısı Nazim Veysov işdən çıxarılanda sakinlər Fazil Məmmədovun kadrından qurtulacaqlarını düşünsələr də, Alimpaşa Məmmədov ondan betər oldu.
"Unikal"ın ötən saylarının birində verdiyimiz xəbərdə də göstərilirdi ki, minlərlə insan ayağa qalxmaq həddindədir. Çünki icra başçısı işıq gələn bütün yerlərə barmaq tıxamaqla məşğuldur və qazanılan pulların hamısının öz cibinə axmasına çalışır. Amma nə hikmətdirsə, hamisi olan Fazil Məmmədov da icra başçısının bu əməllərinə "dur" demir. Buradan isə o nəticə çıxır ki, ya F.Məmmədov icra başçısının əməllərinə göz yumur, ya da görməməzlikdən gəlmək ona sərf edir. Hazırda onun rayondakı iş adamlarından, hətta xaricdə işləyib rayona gələnlərdən bu və ya digər yollarla qeyri-qanuni ödənişlər tələb edtməsi də narazılığın əhatə dairəsini genişləndirib.
Gəlin görək, Bu təyinatadək Vergilər Nazirliyinin Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifəsində işləmiş A.Məmmədov vergilər naziri Fazil Məmmədovun "vuran əli" hesab olunur. Zamanında barəsində cinayət işi başlanmış bu məmur sahibkarların qorxulu yuxusuna çevrilmişdi. Sumqayıtda çalışarkən "sahibkarların qənimi" imicini qazanmış Alimpaşa Məmmədov sonradan Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdi. Nazir F.Məmmədov 2012-ci ildə onu Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifəsinə təyin etmişdi. Bundan əlavə, A.Məmmədov Salyan və Şəmkir vergi idarələrinin rəisi olub. Salyanda işləyərkən sahibkarlarla qanunsuz rəftarına görə barəsində prokurorluqda cinayət işi başlanıb. Buna görə də nazir onu Şəmkirə göndərib. Oradan isə Şəmkirin o vaxtkı icra başçısı, hazırda fəxri təqaüdçü olan Aslan Aslanovun təpkisi ilə uzaqlaşdırılıb. Ancaq vergilər naziri yenə ona sahib çıxaraq daha yüksək vəzifəyə - nazirliyin Operativ Nəzarət İdarəsinə rəis təyin edib. Bir müddət burada işlədikdən sonra Səbail Vergi İdarəsinə rəis təyin edilib. Burada yenidən "ilişib" - iri ranqlı məmurların müəssisələrini təkrar-təkrar yoxladığına görə yuxarıların qəzəbinə tuş gəlib və nazir bu dəfə dostunu müdafiə edə bilməyib, onu vergi orqanlarından qovmağa məcbur olub. A.Məmmədov 2 saylı Ərazi Vergilər İdarəsinin rəisi işləyərkən Sumqayıtda sahibkarlara sözün həqiqi mənasında divan tutub. İş adamları üçün müəyyən edilən "haqq" hesablanmış vergilərdən bir neçə dəfə çox olub. Buna görə də o, "sahibkarların qənimi" adını qazanıb. Bütün bu faktlar zaman-zama mətbuatda yayımlanıb və təkzib olunmaz fakt kimi qəbul oluna bilər.
Göründüyü kimi, A.Məmmədov bütün fəaliyyəti boyu asıb-kəsən olub. Sözsüz ki, bütün bu müddət ərzində nazir Fazil Məmmədovun dəstəyi və tapşırığı ilə hərəkət edib. İndi də Şəmkirdə öz bildiyini edir. Şübhəsiz Şəmkirdə həyata keçirdiyi "islahat"ları da F.Məmmədovun iradəsi çərçivəsində həyata keçirir. Bu da onu deməyə əsas verir ki, A.Məmmədovun qanunsuz əməllərinə və yaratdığı narazılığa görə Fazil Məmmədov da müəyyən mənada məsuliyyət daşıyır.
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22