Səfər Əbiyev adamını hakimiyyətə qarşı danışdırdı
11:23 15-09-2015
CƏMİYYƏT
Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun son açıqlamasının gizlinləri
Məlum olduğu kimi keçmiş YAP-çı deputat, Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu mətbuata verdiyi son açıqlamalarla gündəmə gəlib. Müsahibələrində işlətdiyi və cəmiyyətdə birmənalı qarşılanmayan fikirləri ilə təmsil olunduğu hakimiyyətə və hakim Yeni Azərbaycan partiyasına qarşı çıxan Eldar Sabiroğlunun nədən belə davranış sərgilədiyi isə gündəmin əsas mövzularındandır.
Məlumat üçün bildirək ki, hər şey Eldar Sabiroğlunun adının YAP-ın deputatlığa namizədlər siyahısında olmamasından şübhələnməsi ilə başladı. Bu baxımdan keçmiş YAP-çının aşağıdakı fikirlərinə göz atmaq yerinə düşər: "Siyahı partiyanın rəhbərliyi tərəfindən hazırlanır. Adətən əvvəlcədən bu barədə rəsmi məlumat verilmir. Lakin kiminsə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilibsə, partiyanın qərarı əvvəlcədən həmin şəxsə çatdırılır. Və siyahı elan olunana qədər ona "ağzını bərk saxlaması" tapşırılır. Sürpriz yoxdur. Ona görə də, adımın həmin siyahıya salınmadığı qənaətindəyəm".
YAP-ın builki parlament seçkilərində gənclərə üstünlük verəcəyi ehtimalını da tənqid edən E.Sabiroğlu buna belə reaksiya verib: "Mən bu fikri anlaya bilmirəm. Yəni bununla cəmiyyətə nəyin prioritet olduğunu çatdırmaq istəyirlər? Gənc layiqdisə qoy olsun. Amma dünyanın heç bir yerində belə bir çağırış yoxdur. Beynəlxalq parlamentarizm təcrübəsində seçici ağıllı və zəkalı, natiqlik qabiliyyəti olan, qanunlar üzərində işləmək təcrübəsi olan və sair bu kimi müsbət keyfiyyətlərə malik şəxsləri seçib parlamentə göndərir. Seçkilərdə ümumiyyətlə gənc və ya yaşlı deyə hansısa senzi əsas tutmaq demokratik sistemin tələblərinə uyğun deyil".
Onun YAP-ın siyasətini tənqid etməsi, ayrı-ayrı hakimiyyət təmsilçisinə qarşı fikirlər işlətməsinə isə qarşı tərəfdən cavab gecikməyib. Belə ki, YAP-çı deputat Siyavuş Novruzov Eldar Sabiroğlunu ümumi danışmamağa, ad çəkməyə çağırıb. "Əgər onun YAP-da kiminləsə bağlı konkret fikirləri, sözləri varsa, ad çəksin, ümumi danışmasın. Konkretləşdirsin, ittiham etdiyi şəxs də onların iradlarına, suallarına özü cavab versin. Kim kimə maneçilik törədib, kim kimə imkan verməyib, bütün bunları konkretləşdirib demək lazımdır, ümumi danışmaq yox. Amma hər bir partiya üzvü nizamnamə tələblərinə riayət etməlidir. Kimin kimdən xoşu gəlmirsə, bunun partiya siyasətinə aidiyyəti yoxdur. Münasibətlərini başqa yerdə ayırd etsinlər".
Göründüyü kimi, Eldar Sabiroğlunun təmsil olunduğu düşərgəyə qarşı sərt açıqlamalarının kökündə builki parlament seçkiləri sonunda formalaşacaq Milli Məclisə düşə bilməyəcəyinə əminlik dayanır. Amma "Unikal" qəzetini məlumatlandıran mənbənin sözlərinə görə, Eldar Sabiroğlunun qatı müxalifət liderlərinin fikirlərindən fərqlənməyən sərt tənqidlərinin kökləri daha dərindir. Mənbəmiz iddia edir ki, sabiq müdafiə naziri Səfər Əbiyevin əsas adamlarından sayılan Eldar Sabiroğlunun bu mövqeyi əslində elə birbaşa patronundan aldığı təlimatın nəticəsidir. Belə ki, sabiq müdafiə naziri Səfər Əbiyev vəzifədən çıxarıldıqdan sonar bir müddət susmağa və gözləməyə qərar veribmiş. Onun ötən müddət ərzində hansısa vəzifəyə təyinat alacağına ümidli olmasını iddia edən mənbəmiz indi bunun əksini görüncə Əbiyevin var gücü ilə hakimiyyətin üstünə getdiyini düşünür: "Səfər Əbiyev bu şəkildə "vurulmasını" heç cür həzm edə bilmir. O özünün və yaxın adamlarının heç olmasa parlamentə düşəcəyini təxmin edirdi. Amma məlum olanda ki, YAP-ın hazırlanan siyahısında onların adları yoxdur, dərhal Eldar Sabiroğlu danışmağa başladı. O isə birbaşa Səfər Əbiyevin dirijor çubuğu ilə bəyanatlar verir və mövqeyini ifadə edir".
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44