Araz Əlizadə:

"Almaniya Sosial Demokrat Partiyasının lideri və Avropa Parlamentinin sədri Martin Şultsun öz ölkəsində və xaricdəki mübarizə üsulu satın alma, qorxutma, şər atmaqdan ibarətdir".
Bu fikirləri Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) sədri Araz Əlizadə bildirib. Partiya sədri bildirib ki, bu hala üç il öncə "Sosialist İnternasional"ın (`Sosintern`) konqrensində şahidlik edib: "Konqresdə təşkilatın baş katibi postuna seçkilər keçirilirdi. Bu posta iddialı alman sosial demokratlarının irəli sürdüyü, Martin Şultsun himayə etdiyi İsveçdən bir qadın vardı. Martin Şults və ətrafında olanlar orada olan nümayəndə heyətlərinə utanmadan, abır-həya etmədən pul təklif edir, təzyiq göstərir, hədə-qorxu gəlir, vəzifə təklif edirdilər ki, ona səs versinlər. Ancaq, buna baxmayaraq, Luis Ayala böyük üstünlüklə "Sosialist İnternasionalı"nın baş katibi seçildi.
Məsələnin maraqlı bir tərəfi var və bu halda sual meydana çıxır ki, bu addımları ilə Martin Şults da daxil olmaqla alman sosial demokratlarının və onlarla bir cəbhədən çıxış edən Avropa Birliyinə daxil olan dövlətlərin aparıcı sol partiyalarının üzvləri korrupsiya, anti-demokratiya ilə məşğul deyillərsə, bəs nə ilə məşğuldurlar? Bütün bu hallar sübut edir ki, onlar korrupsiya və rüşvətxorluğa qurşanıblar. Eyni zamanda Martin Şultsun çox zəif bir yeri var. Bu adam həddən artıq içkiyə aludəçidir".
A.Əlizadə qeyd edib ki, Avropa Birliyi hələ də Luis Ayalanın "Sosialist İnternasionalı"nın baş katibi seçilməsinə görə incikdir: "Avropa Birliyinin istədiyi baş verməyəndə iqtisadi sanksiyalar tətbiq edir. O qurultayda məğlub olan alman sosial demokratları və əlaltıları 3 ildir üzvlük haqlarını ödəmirlər. Yəni, onlar təşkilatı bir növ iqtisadi blokadaya alıblar. Avropa Birliyi həm beynəlxalq aləmdə, həm sosialist ailəsinə, həm də daxildə eyni üsullardan istifdə edir".
Partiya sədri deyir ki, alman sosial demokratlarını müxalifət partiyası adlandırmaq mümkün deyil: "Artıq ikinci dəfədir ki, sağçılar solçularla koalisiya qurur. Növbəti seçkilərdə solçular xalqa necə deyəcəklər ki, müxalifətik? Hazırda Almaniyanın ikinci şəxsi, xarici işlər naziri bu partiyanın nümayəndəsidir. Həmçinin digər nazir postlarında da bu partiyanın nümayəndələri var".
A.Əlizadə hesab edir ki, Aİ-nin narazı qaldığı məsələlərə görə iqtisadi sanksiyalar tətbiq etməsi bütün Avropanı məhvə aparır: "Artıq bizim tanıdığımız Avropa yoxdur. 30-40 ildən sonra qoca qitədə ən populyar ad Məhəmməd olacaq. Eyni zamanda onların fəxrlə dedikləri xristian məziyyətləri olmayacaq. İndi ərəb ölkələrində Avropaya gələn qaçqınlar əhalinin say tərkibini dəyişdirəcək. Qaçqın ərəb gəncləri doğub-törəyəcəklər. Avropalılar isə yox. Çünki, avropalılar ancaq özləri ilə məşğuldurlar. Beləliklə Avropa məhvə olacaq".
Elvin