Hüquqi dövlət quruculuğu və qadın hüquqları: Reallıqlar və gözləntilər
09:29 29-09-2015
KRİMİNAL
Demokratik dünyanın xüsusi önəm verdiyi prinsiplərdən biri də qadın hüquqlarının hansı səviyyədə qorunmasıdır. İstənilən cəmiyyətin demokratikliyinin göstəricisi kimi ilk növbədə məhz qadın hüquqları ilə bağlı məsələnin statusuna nəzər salınır. Bu baxımdan hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşmasında əsas amillərdən biri də qadın hüquqları məsələsidir.
Dünyada insan hüquqları, onların müdafiəsi, xüsusilə qadın hüquqları ilə bağlı aparılan tədbirlər bu gün önəmli yerlərdən birini tutur. Azərbaycanda da bu istiqamətdə, xüsusilə qadınların hüquqlarının müdafiəsi istiqamətində intensiv işlər görülür. Ümumiyyətlə qeyd edilməlidir ki, Amerika və əksər Avropa ölkələrində zərif cinsin nümayəndələri seçki hüququndan məhrumkən 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadına kişilərlə bərabər seçkilərdə iştirak etmək hüququ verilirdi.
Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra da mülki cəmiyyətin inkişafında və müstəqil dövlətin qurulmasında qadınların rolu artmağa başlayıb. 1992-ci ildə Azərbaycan BMT və ATƏT- in, 2001-ci ildə isə Avropa Şurasının üzvü olduqdan sonra isə bu təşkilatların hər birinin tərkibində olan gender məsələləri, qadınların vəziyyətinin yaxşılaşdırılması ilə məşğul olan strukturların hər biri ilə sıx əməkdaşlıq etməyə başlayıb.
Ölkəmiz 1992-ci il avqustun 4-də "Qadınların siyasi hüquqları haqqında" 1952-ci il BMT Konvensiyasına, 1995-ci il iyunun 30-da "Qadınlara qarşı ayrı - seçkiliyin bütün formalarının ləğv olunması haqqında" 1979-ci il tarixli BMT Konvensiyasına, 1996-cı il mayın 31-də "Nikaha daxil olma, nikaha daxil olmaq üçün minimal yaş həddi, nikahların qeydə alınması haqqında" 1962-ci il tarixli BMT Konvensiyasına, 2001-ci ildə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun "Zorakılıqsız Həyat" Regional Məlumatlandırma Kampaniyasına, 2001-2002 –ci illərdə "Qafqazda gender zorakılığına qarşı 16 günlük fəaliyyət" aksiyasına qoşulub.
Azərbaycan bir çox beynəlxalq təşkilatlarla əmkdaşlıq etmək və konvensiyalara qoşulmaqla yanaşı, ölkə daxilində də qadınların hüquq və azadlıqlarının qorunması istiqamətində bir çox normativ hüquqi aktlar qəbul edib. "Gender (Kişi və qadınların) bərabərliyinin təminatları haqqında", "Qadın zorakılığı haqqında" Qanunları, Ailə Məcəlləsinə edilən dəyişikləri misal çəkmək olar.
Bütün bunlara baxmayaraq, ölkədə qadın hüquqları ilə bağlı problemlər hələ də qalmaqdadır. "Məişət zorakılığı", "gender bərabərsizliyi", "qadınların ictimai-siyasi sferalarda az yer tutması" və s. kimi ifadələr son zamanlar sosial həyatımızda çox işlənir. Bununla belə etiraf olunmalıdır ki, Azərbaycan qadınlarının hüquqlarının qorunmasına dair qanunvericilik bazası yaradılıb və tam fəaliyyət göstərir. Lakin xüsusən rayon və kənd yerlərində qadınların hüquqi maarifləndirilməsi sahəsində xeyli işləri görülməlidir.
Nəzəriyyədə bizdə bu istiqamətdə hər şey yüksək səviyyədə ola bilər, amma təcrübədə maarifləndirmə işlərinə böyük ehtiyac var. Bu istiqamətdə KİV-lərin və QHT-lərin öz fəaliyyətlərini artırmalarına böyük ehtiyac var.
Qeyd etməliyik ki, bu gün ölkədə fəaliyyət göstərən QHT-lərin əksəriyyəti qadın, gender problemləri üzrə fəaliyyət göstərir və onların da əksəriyyətinin başçısı qadındır. Onlar hər zaman qadınların öz hüquqlarını bilməsi, onların buna uyğun hərəkət etmələri üçün müxtəlif seminarlar təşkil edirlər.
Azərbaycan sivil ölkədir, burada sərt qadağalar, gərəksiz qanunlar yoxdur. Dövlət hər iki cinsə - qadın və kişiyə eyni gözlə baxır. Bu baxımdan adi bir misal göstərək: Əmək Məcəlləsinin 125-ci maddəsinə görə, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü ödənişli məzuniyyət verilir, amma övladı doğulan ataya problemləri ilə məşğul olmaq, ailəsinə zaman ayırmaq üçün cəmi 14 gün izin verilir, amma ödənişsiz. Yəni, Azərbaycanda atalıq məzuniyyəti yoxdur. O zaman kişilər də desin ki, "bu ölkədə mənim haqqım tapdanır". Bu sadə bir misal idi, onu vurğulamaq istədik ki, qadın daha öncəliklidir. Yetər ki haqqını-hüququnu bilsin.
Düzdür, problemləri olan yüzlərlə qadınımız var. Məsələn, abort hallarından şikayətlər daha çox olur. Qadınlar həyat yoldaşı və ya ailəsi tərəfindən aborta məcbur edilir. Bunun səbəbi də doğulacaq körpənin qız olması ilə bağlı olur. Çox qadın bilmir ki, onun öz razılığı olmadan və ya həyatı təhlükəsi olmasa, bətnindəki körpəni heç kimi ondan ala bilməz. Yəni, qadınlar savadlı olsa, hüquqlarını bilsə bu kimi hallarla mübarizə edə bilərlər.
Bir məqamı xüsusi vurğulamaq lazımdır ki, cəmiyyətin özəyini möhkəm ailələr təşkil edir. Möhkəm ailənin təməlində isə qadın dayanır. Cəmiyyətin hər bir fərdini o dünyaya gətirir, ona edilən zorakılıq cəmiyyətin təməlini sarsıdır.
Dünya İqtisadi Forumunun 2011-ci il hesabatına əsasən qanunvericilər, rəsmi vəzifəlilər arasında da qadınlar Azərbaycanda nisbətən azdır. Peşəkar və texniki işçilər arasında qadınların payı isə Azərbaycanda yüksəkdir. Bu baxımdan Azərbaycan dünyada öncül sıralarda qərarlaşıb.
Qadınların dövlət orqanlarında fəal iştirakını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti 2000-ci il martın 6-da «Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında»fərman verib. Fərmanda Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbər vəzifələrdə kişilərlə bərabər təmsil olunması nəzərdə tutulub. Statistika Komitəsinə qadınlar haqqında geniş məlumatların hazırlanması və yayılması, Nazirlər Kabinetinə ölkədə gedən iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə gender siyasəti tələblərini əsas tutaraq qadınlar üçün kişilərlə bərabər imkanlar yaradılması, qadınların hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər və əlavələr edilməsi üçün təkliflər irəli sürülməsi kimi tapşırıqlar verilib. Bu fərmandan sonra nazirlik, komitə və icra hakimiyyəti başçılarına qadınların rəhbər vəzifələrə irəli çəkilməsi tapşırılıb. Qeyd edək ki, son illər Azərbaycanda qadınların dövlət qulluğunda rəhbər vəzifələrə gətirilməsi tendensiyasının şahidi oluruq ki, bu da olduqca müsbət hadisədir.
Eyni zamanda ölkədə qadınların rolu cəmiyyətdə kifayət qədər yüksəkdir. İctimai fəallıq müşahidə olunur. QHT-lərə nəzər salsaq, görərik ki, onların 50 faizdən çoxuna rəhbərliyi qadınlar həyata keçirirlər. Eyni zamanda hal-hazırda cəmiyyətdə kifayət qədər qadın jurnalist, siyasi xadim, deputatlar var və bu say ildən-ilə artır. Sözün düzü, bu istiqamətdə böyük problem görünmür. Halbuki, bəzi hallarda bizim kişilərimiz qadınların ictimai və siyasi aktivliyinə bir qədər qısqanclıqla yanaşırlar. Bu sindromu da tədricən aradan qaldırmaq lazımdır.
Bu gün Azərbaycanda ən ciddi məsələlərdən biri də ailədə qadınlara qarşı zorakılıqların tətbiq edilməsi və onların əksəriyyətinin çox zaman gizli qalmasıdır. Bildiyimiz kimi, mentalitetimizdən irəli gələn səbəblərə görə Azərbaycan qadını ailədə məruz qaldığı zorakılığı açmır və bu da ölkənin hazırlanan statistik nəticələrində faktların kənarda qalmasına səbəb olur.
Ailədə zorakılığın aradan qaldırılması üçün hüquqi tədbirlər görülməli, ictimai qınaq olmalı, profilaktik (maarifləndirmə) işləri həyata keçirilməlidir. Müəllimlər, ziyalılar, qadın siyasətçilər qadın zorakılığı adlanan bu bəlanın aradan qaldırılmasında əhəmiyyətli rol oynaya bilərlər. Yeri gəlmişkən, bu baxımdan qəbul edilən bir qanun dəyişikliyini yada salaq. Erkən nikaha məcbur etməyə görə cərimə tətbiq edilməklə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub ki, bununla da qanunvericilik sərtləşdirilib. Düşünürük ki, bundan sonra hüquq mühafizə orqanları, QHT-lər, ictimai təşkilatlar öz işlərini görməlidirlər.
Bu məsələdə əsas məsələlərdən biri cəmiyyətdə belə hallara qarşı dözümsüzlük mühitinin formalaşdırılmasıdır. Belə hallara münasibətdə hüquq mühafizə orqanları, qonşular, qohumlar "ailə məsələsi" deyib, səssiz qalmağa üstünlük verirlər. Və nəticədə ailədaxili cinayətlər ortaya çıxır.Hesab edirik ki, belə zorakılığa qarşı cəmiyyətin özündə bir etiraz abu-havası formalaşdırılmalıdır.
Qadın hüquqları ilə bağlı danışarkən çox zaman modern dəyərlərə istinad olunur, müasir qanunlar göz önünə gətirilir. Ümumiyyətlə yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan bir sıra beynəlxalq konvensiyaların üzvüdir. Lakin o konvensiyalarda qeyd olunanlar çox zaman ölkənin real həyatı ilə uyğun gəlmir. Hər coğrafiyanın özünəməxsus yaşam tərzi, qayda-qanunları var və həmin coğrafiyanın insanları məhz o yaşam tərzinə adaptasiya olub. Bir yerdə yaxşı görünən qayda, başqa yerdə gülünc qarşılana bilər.
Biz əlbəttə ki, qadınların təhsil, geyim, əylənmə hüququnu dəstəkləyirik. Bununla belə, müasirlik milli mentalitetlə ziddiyyətə girməməlidir, əks halda tamamilə başqa problemlərlə üz-üzə qala bilərik. Məsələn, bir sıra Avropa və dünya dövlətlərində eyni cinsin nümayəndələrinə nikaha girməyə qanuni şəkildə icazə verilir. Bu müasirlik hesab olunursa, Azərbaycanda belə bir "müasirliyin" tətbiqi cəmiyyətdə ciddi etirazlara səbəb ola bilər. Elə bu baxımdan da milli mentalitetin və yaşam coğrafiyasının nəzərə alınması olduqca mühümdür. Unutmamalıyıq ki, bizim ən üstün cəhətimiz milli dəyərlərimizi və mentalitetimizi qoruyub saxlamaqla yanaşı, müasirliyi əldə edə bilmək bacarığımızdır.
Digər Xəbərlər
2024-12-25 16:51:44
2024-12-25 15:53:00
2024-12-25 15:06:43
2024-12-25 13:28:10
2024-12-25 11:17:58
2024-12-25 10:54:47
2024-12-25 10:37:57
2024-12-25 10:22:00
2024-12-25 09:46:00
2024-12-25 09:12:09
2024-12-25 09:00:09
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08