Son günlər dünyada baş verən proseslər maraqlı nəticələri ortaya çıxartdı. Az qala dünyaya vətəndaş cəmiyyəti, demokratiya dərsi keçən Avropanın özünün kifayət qədər boşluqlarla üz-üzə qalması aşkarlandı. Söhbət bu günlərdə Fransada baş verən terror olayından gedir. Sözsüz ki, hər bir kəs terroru qınayır və buna qarşı səfərbər olmağa hazırdır. Azərbaycan ilk gündən erməni terrorundan ziyan çəkən bir dövlət olub və İraqda, Əfqanıstanda həyata keçirilən antiterror əməliyyatlarında aktiv iştirak edib.
Amma indi söhbət terror olaylarının Avropada yaşanmasından və bundan sonra baş verənlərdən gedir. Terror olayı baş verdi və Avropada İslama qarşı bir qəzəb müşahidə olunmağa başladı. "Unikal"a açıqlama verən psixoloq Samirə Abdullayeva hesab edir ki, bunun dərin kökləri var və ilk nəvbədə Avropada formalaşan vətəndaş cəmiyyətinə baxmaq lazımdır:"Azərbaycanda formalaşan vətəndaş cəmiyyəti ilə Avropada formalaşan vətəndaş cəmiyyəti arasında fərq var. Belə ki, Azərbaycanda formalaşan vətəndaş cəmiyyəti ətraf mühitə daha açıqdır və bu səbəbdən tolerantlığın Azərbaycan nümunəsi dünyada qəbul olunur. Amma Avropadakı vətəndaş cəmiyyətləri ətraf mühitə daha biganədirlər və bu səbəbdən dünyada baş verən prosesləri terror müşahidə edir. Bir detalı da nəzərinizə çatdırım ki, dünya çapında Azərbaycan dövlətçiliyini zədələməyə yönələn terror olaylarına vaxtında reaksiya versəydi proseslər tamam başqa cür inkişaf edərdi. Amma təəssüflər ki, bu olmadı və indinin özündə Azərbaycan terrordan əziyyət çəkir, torpaqları işğal altındadır.Bunu da unutmayaq ki, terror hər gün siyasiləşir və bu əslində dövlətlərin dövlətçilik ənənələrinə ağır zərbə vurur və vətəndaş cəmiyyətlərini kökündən sarsıdır".Bunu da qeyd edək ki, Fransada terorr olayları yaşananda Antaliyada G-20-lərin görüşü keçirilirdi və prezident İlham Əliyev toplantıda terrorla bağlı ciddi açıqlamalar verdi. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan beynəlxalq terrorizmlə mübarizədə fəal iştirak edir, Əfqanıstanda koalisiya qüvvələrinin işinə qoşulan ilk ölkələrdən biri olub.
Prezident İlham Əliyev, eyni zamanda, qeyd edib ki, Azərbaycan özü terrorizmdən əziyyət çəkən ölkələrdəndir və bu terrorizm Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin tərkib hissəsidir. Ermənistan terror təşkilatı tərəfindən Azərbaycanda törədilən terror aktları nəticəsində iki mindən çox Azərbaycan vətəndaşı həlak olub.
Azərbaycan torpaqlarının işğalı məsələsinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20 faizi zəbt olunub. Azərbaycana qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. İşğal nəticəsində Azərbaycan humanitar fəlakətlə üzləşib, bir milyona yaxın soydaşımız öz doğma torpaqlarından didərgin düşüb. BMT Təhlükəsizlik Şurasının 20 ildən çoxdur ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan tərəfi indiyədək buna məhəl qoymur. Prezident İlham Əliyev dövlət başçılarının diqqətini dünyanın bir nömrəli beynəlxalq təşkilatının qəbul etdiyi qərarlara Ermənistan tərəfindən əməl olunmaması faktına cəlb edib.
Dövlətimizin başçısı xüsusi olaraq vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır. Bunu da qeyd edək ki, Azərbaycan bu qədər normal və dəqiq xətt tutsa da elə qüvvələr var ki, yenə də Azərbaycanı çətin duruma salmağa çalışır və bunun üçün bütün resurslarından istifadə edirlər. Son iki ildə nələrin şahidi olmadıq. Qərbdə bəzi beyin mərkəzləri Azərbaycanda vətəndaş cəmiyyətinin sıradan çıxarılması üçün addımlar atdılar, Azərbaycanda qarşıdurmanın dərinləşməsi üçün əməli işlər gördülər. Əslində Avropanın ən böyük nöqsanı da budur ki, regiondakı dövlətləri özlərindən asılı duruma salmağa çalışır və nəticədə bir xaotik sistem ortaya çıxır. Elə Prezidentin köməkçisi Əli Həsənov da bu məsələyə aydınlıq gətirib. PA rəsmisi təəssüflə qeyd edib ki, Avropada bəzi qüvvələr Azərbaycana təzyiq göstərməyə, ölkəyə nə etməli olduğunu diktə etməyə cəhd edirlər: "Bizim Aİ-yə üzv olan müxtəlif ölkələrlə yaxşı münasibətlərimiz var və bu yaxşı münasibətləri qorumağa davam edirik. Lakin Avropa Parlamentində bəzi qüvvələr Azərbaycana bir sıra qəbuledilməz qaydaları diktə etmək məqsədilə parlament üzvlərinə təzyiq etməyə çalışırlar. Əlbəttə ki, müstəqil ölkə kimi bundan narazıyıq və buna qarşı dayanmağa çalışacağıq. Azərbaycan öz müstəqil siyasətini həyata keçirir və biz hər hansı ölkədən asılı olmaq niyyətində deyilik".
Ə.Həsənov qarşılıqlı hörmət əsasında bərabərhüquqlu münasibətlərə çağırıb: "Biz seçkiləri (parlament - red.) Avropa qayda və normalarına uyğun olaraq keçirdik. Avropanın təzyiq altında olan bəzi təşkilatları Azərbaycandakı seçkilərin monitorinqini keçirməkdən imtina etdi. Lakin seçkiləri müşahidə etmək üçün gələn Avropa İttifaqı və Avropa Parlamentinin bəzi üzvləri seçkilərin demokratik keçdiyini gördülər. Hesab edirik ki, Azərbaycanda seçkiləri müşahidə etməkdən imtina ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin xeyrinə deyil".
Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan enerji sahəsində əvvəlki siyasətə sadiq qalacaq: "Azərbaycan və Aİ arasında enerji daşıyıcıları və enerji təhlükəsizliyi sahəsində razılaşma var. Biz gələcəkdə ikitərəfli tərəfdaşlığa əsaslanan yeni müqavilələr imzalaya bilərik. Həmçinin Avropadan yeni təşəbbüslər gözləyirik və bizim yeni təşəbbüslərimiz var".
Ə.Həsənov diqqətə çatdırıb ki, Azərbaycan və Rusiya Avropa bazarı uğrunda rəqib deyillər: "Biz rəqib olduğumuzu düşünmürük. Bu sahədə həmkar olduğumuzu düşünürük. Avropanı alternativ qazla təmin edirik. Bizim öz bazarımız var, Rusiyanın öz bazarı. Avropaya həm Rusiya, həm də Azərbaycan qazı lazımdır. Biz, həmçinin Türkiyənin qaz bazarına və bəzi yeni bazarlara istiqamətlənmişik".
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışan PA rəsmisi deyib ki, bu, bütün dünya üçün təhdiddir, xüsusilə də Avropa üçün problemdir: "Bir çox yeni münaqişələrin səbəbi etnik separatçılıqdır. Hesab edirəm ki, Aİ və BMT Dağlıq Qarabağ və digər münaqişələrin həlli üçün ciddi addımlar atmalıdır".
Ə.Həsənovun sözlərinə görə, radikal islamçılıq Azərbaycana xas deyil: "Azərbaycana radikal islamı gətirmək üçün ölkənin hüdudlarından kənarda müəyyən səylər göstərilir, lakin bu cəhdlərin qarşısını uğurla alırıq. Azərbaycan tarixən radikal ölkə deyil".
Neftin qiymətinin azalmasının Azərbaycan iqtisadiyyatına təsirindən danışan Ə.Həsənov bildirib ki, Azərbaycanın neft gəlirləri iki dəfə azalıb: "Lakin Azərbaycan ötən illər ərzində qeyri-neft sektorunu inkişaf etdirə bilib. Hazırda ölkə ÜDM-nin 70 faizi qeyri-neft sektorunun payına düşür. İqtisadiyyatın şaxələndirilməsi müsbət nəticələrini verməyə başlayıb". Beləliklə çıxarılan nəticə budur ki, dünya gücləri gözlənilməz zərbələr almamaq üçün regiondakı iştirakçı dövlətlərə yanaşmanı dəyişməlidir. Bu gün Qərb Azərbaycandakı vətəndaş cəmiyyətini sıradan çıxartmaq əvəzinə buna dəstək verməli və bu proses digər dövlətlərdə də davam etdirilməlidir. Çünki yaşananlar sübut edir ki, xaos nəzəriyyəsi ilə dünyanı idarə etmək artıq özünü doğrultmur. Çünki xaos nəzəriyyəsi artıq sivilizasiyaların toqquşmasını ortaya çlıxarır və bu özlüyündə vətəndaş cəmiyyətlərinin məhvinə gətirib çıxara bilər. Necə ki, bu gün Yaxın Şərq, Ukrayna kimi dövlətlər bunun ağrısını yaşayır. Hətta ekspertlər hesab edir ki, vətəndaş cəmiyyətlərinə vurulan ağır zərbələr sabah Avropanın özünü də vətəndaş cəmiyyətlərindən məhrum edə bilər. Çünki Avropanın özündə gərginlik nə qədər artırsa bir o qədər də əks fikirlər ortaya çıxır. Bu gün heç kəs qarantiya verə bilməz ki, məlum terror olaylarından sonra Fransada müsəlman dinindən olan fransızlara yanaşma yenə yaxşı olaraq qalacaq. Bu mümkün deyil və hazırda İslam əleyhinə çağırışları eşidirik. Deməli Fransanın özü vətəndaş cəmiyyətində parçalanmaya hamilə qalmaq üzrədir.
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16