Türkiyə - Rusiya qarşıdurmasının Azərbaycana mümkün təsirləri
11:30 01-12-2015
CƏMİYYƏT
İki qonşu dövlətin arasındakı ziddiyyətlər ölkəmizə hansı perspektivlər vəd edir?
Məlum olduğu kimi, Türkiyənin Rusiyaya məxsus təyyarəni vurmasından sonar həm adıçəkilən dövlətlər arasında, həm də bütövlükdə bölgədə gərgin vəziyyət yaranıb. Bir sıra siyasi təhlilçilər isə baş verənlərin Azərbaycana da təsirsiz ötüşməyəcəyini və ölkəmizin ümumilikdə prosesdən zərərlə çıxacağını iddia edirlər. Maraqlıdır, bu iddialar nə dərəcədə doğrudur və Azərbaycanı nə kimi təhlükələr gözləyə bilər.
Hər şeydən öncə bir məqamı xüsusi vurğulamaq lazımdır ki, həm Rusiya, həm də Türkiyə Azərbaycanın strateji müttəfiqləri sırasındadır. Bundan başqa Türkiyə ilə ölkəmizi təkcə iqtisadi-siyasi maraqlar deyil, həm də ortaq mənəvi mövzular bağlayır. Azərbaycan ictimai rəyi demək olar ki, istisnasız olaraq qardaş Türkiyənin tərəfindədir. Bununla yanaşı Azərbaycan Rusiya ilə xoş münasibətləri qorumağa məcburdur. Şimal qonşumuz Dağlıq Qarabağ probleminin həllində "açar dövlətlər"dən biri, bəlkə də birincisi sayılır. Xeyli sayda soydaşımız Rusiyada çalışır və ən azından onların maraqlarının müdafiəsi baxımından Azərbaycanın Rusiya ilə daha ehtiyyatlı davranmağa zorlayır. Başqa sözlə Azərbaycanın həm Türkiyə ilə, həm də Rusiya ilə münasibətlərinin olduğu nöqtədə saxlamaq üçün kifayət qədər ciddi səbəbləri var. Bəs baş verənlər bizə hər hansı təhlükə yarada bilərmi?
Bununla bağlı mətbuata açıqlama verən politoloq Cümşüd Nuriyev təyyarə olayından sonra Türkiyə və Rusiya arasında yaranan gərginliyi şərh edib. Siyasi şərhçinin sözlərinə görə, bəzilərinin iddia etdiyinin əksinə olaraq, Türkiyənin Rusiyanın daxilində qarışıqlıq yaratmaq, ona daxildən təzyiq göstərmək imkanları yoxdur:
"Məsələ bundadır ki, Ərdoğanın yürütdüyü siyasət yanlışdır. İsrail və Ameriaknın təsiri altına düşən Ərdoğan iqtidarını qorumaq üçün Türkiyəni, eləcə də Azərbaycan da içində olmaqla bütün türk dünyasını çox çətin vəziyyətə salıb. Ərdoğanın Rusiyanın daxilinə təzyiq mexanizmi yoxdur. Tatarların Türkiyəni dəstəkləyəcəyi inandırıcı deyil. Uzun müddət rus psixologiyası altında olanlar türkçülüyü başa düşməyəcək. Türkiyənin Rusiyada daxili qarışıqlıq yaratmaq imkanı yoxdur. Orta Asiya onun deyil. Türkmənistanınn Bakı qədər əhalisi yoxdur, rəhbəri isə siyasətdən kifayət qədər uzaq bir adamdır. Qazaxıstan, Özbəkistan, Qırğızıstan isə birmənalı şəkildə Rusiyanın əlindədir. Tacikistan haqqında isə danışmağa dəyməz. İsrail və Avropa Türkiyəni sevmir. İran, Ermənistan kimi ölkələr də Türkiyəyə qarşıdır. Baxın, Rusiya telekanallarında ən çox hay-küy salanlar kimlərdir? Onlar ermənilərdir. Orada Qarabağ ermənisi var, adı Sergey Baqdasarovdur, mən onu şəxsən tanıyıram. Onun çxışlarının hamısı qızışdırıcı mövqe tutur. Bu tərəfdən Rusiya gedib Murad Karayılanı danışdırır. PKK liderlərini gündəmə gətirir. Bozqurdları gündəmə gətirir. Artıq bu o deməkdir ki, tezliklə bozqurdlar, yəni türk millətçiləri terrorist qruplarının siyahısına salınacaq".
C.Nuriyevin sözlərinə görə, Azərbaycanın yaranmış vəziyyətdən qurbansız çıxmağı mümkün deyil:
"Ərdoğan türk dünyasının başına elə bir bəla açıb ki, bunun içindən çıxmaq çox çətin olacaq. Mənim Türkiyəyə hörmətim olsa da, Ərdoğanın yürütdüyü siyasətin yanlışlığını etiraf etməyə məcburam. Azərbaycan böyük dövlət deyil. Lakin bizi də Rusiya ilə üz-üzə qoydu. Artıq bizə də tədricən təzyiq etməyə başlayırlar. Ermənilər baş verənlərdən çox gözəl yararlanırlar. İstər saxta erməni soyqırımı, istər Qarabağla bağlı məsələdə bundan istifadə edirlər. Azərbaycanı elə bir çıxılmaz duruma salıblar ki, Azərbaycan bu vəziyyətdən çıxmaq üçün nəyisə qurban verməlidir. Bizim başqa yolumuz yoxdur. Biz Türkiyənin yanında ola-ola nələrisə qurban vermək məcburiyyətində qalacağıq. Bu, Azərbaycana lazım idimi? Lazım deyildi".
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43
2024-11-26 15:01:00
2024-11-26 14:35:44
2024-11-26 14:06:40
2024-11-26 14:05:41
2024-11-26 13:54:20
2024-11-26 12:47:00
2024-11-26 12:46:02
2024-11-26 12:43:07
2024-11-26 12:35:13
2024-11-26 12:25:00
2024-11-26 12:11:09
2024-11-26 11:39:30