Milli Şura dini ekstremizmə dəstək verməklə özünü ifşa etdi
11:34 02-12-2015
CƏMİYYƏT
Radikalların saxta "Nardaran sevgisi"; Əli Kərimli və tərəfdarları əslində nə istəyir?
Nardaran olayları günün başlıca müzakirə mövzusu olaraq qalmaqdadır. Bakının bir neçə kilometrliyində yerləşən bu kənddə radikal dini qruplaşmaların burada özlərinə mərkəzi qərərgah yaradaraq respublikanın dünyəvi idarəçiliyinə təhlükə törədən hərəkətlərə imza atması hər kəsdə narahatlıq doğururdu. Hələ məlum 26 noyabr əməliyyatından öncə mətbuatda və ayrı-ayrı ictimai xadimlərin çıxışlarında Naradarandakı durumla bağlı narahatlıq dilə gətirilir, hər kəs dövlətdən zəruri olan tədbirlərin həyata keçirilməsini gözlədiyini ifadə edirdi. Bu baxımdan noyabrın 26-da Nardaranda həyata keçirilən əməliyyat tədbirlərini həm də cəmiyyətin sosial sifarişi hesab etmək olar.
Nardaranda təhsil sistemi iflic vəziyyətə salınıb, uşaqlar orta məktəbdən yayındırılır, ifrat radikal dini təlim həyata keçirilir. Qəsəbənin küçələrini Azərbaycan reallığına yad olan dini bayraqlar, şüarlar bəzəyir. Küçələrə baxanda bəzi teokratik ölkələr yada düşür. Qeyd edək ki, noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı həbs olunan Cabbar Cabbarov və polislə atışmada öldürülən Əkbər Babayevin - Taleh Bağırzadənin rəhbərlik etdiyi "Müsəlman Birliyi Hərəkatı" təşkilatı üzvlərinin bədənlərinin müxtəlif nahiyələrində xüsusi kriminal rəmzlərin olması müəyyən olunub. Onların özəlliklə də sinələrindəki canavar şəkili və faşist svastikası bu təşkilatın öz məqsədləri üçün bütün vasitələrdən, hətta ən dəhşətli və axrıncı da olsa istifadə etməkləri onlar üçün məqbul hesab edilib. Azərbaycanda və bütün dünyada yəhudilərə qarşı mübarizə aparılması, onların məhv edilməsi missiyası "Müsəlman Birliyi Hərəkatı"-nın başlıca məqsədlərindən biri hesab olunub.
Məlumatlara görə, "Müsəlman Birliyi Hərəkatı" bəzi xarici dini mərkəzlərlə sıx əlaqədə olub, xaricdəki terrorçu qruplarla təmas qurulması istiqamətində əməli tədbirlər həyata keçirməyə çalışıb. Hərəkatın məqsədləri, fəaliyyəti onun radikal ekstremist və terrorçu təşkilat olduğunu göstərir. "Müsəlman Birliyi Hərəkatı" əslində İŞİD-in başqa bir formasıdır. Onlar Nardarandan başlayaraq Bakı kəndlərində, paytaxtda, sonra isə ölkənin digər ərazilərində öz idarəçiliyini qurmağı, Azərbaycanda hakimiyyət çevrilişi həyata keçirmək və ölkədə şəriət qanunlarını tətbiq etmək niyyəti güdüblər. Məsələnin ən ilginc və təəssüf doğuran məqamı isə demokratik və dinc mübarizəni özünün əsas silahı adlandıran radikal müxalifətin son olaylarda dini radikalizmə dəstək nümayişidir.
Milli Şura və onun başında duran anti-milli ünsürlər, onların nəzarətində olan media vasitələri "Müsəlman Birliyi Hərəkatı" adlanan terrorçu təşkilatı müdafiə edərək, bu təşkilatın üzvləri tərəfindən iki polisin qətlə yetirilməsinə bəraət qazandırmağa çalışıblar. Nardaranda terrorçuların fəaliyyəti nəticəsində yaranan vəziyyəti guya əhali ilə hakimiyyətin qarşıdurması kimi qələmə verən Milli Şura bundan öz anti-milli fəaliyyətinə bəraət qazandırmaq üçün istifadə eyməyə, yararlanmağa çalışıb. Bununla da Milli Şura Azərbaycanın maraqlarına düşmən münasibətini büruzə verərək terrorçularla həmrəy olduğunu açıq şəkildə göstərib.
Radikal müxalifətin xalqa zidd mövqeyi isə haqlı olaraq ciddi narazılıqla qarşılanır. Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bununla bağlı mətbuata açıqlama verərək Milli Şuranı abır-həyaya dəvət edib: "İnsanda abır-həya yaxşı şeydir. İnsan özünün ləyaqətinə hörmət etməlidir. Müxalifətçilik, fikirayrılığı, plüralizm, demokratik yolla hakimiyyətə gəlmək uğrunda mübarizə başa düşüləndir. Ancaq, bu yolla hazırkı iqtidara deyil, nəticə etibarı ilə Azərbaycanın tutmuş olduğu yola, hədəflərinə qarşı çıxmış olurlar. Bu isə elə Taleh Bağırov kimi olmaqdır".
Partiya sədri hesab edir ki, Milli Şuradakılar da istintaqa cəlb olunmalıdır: "Cəmiyyətdə mənəvi terrorla məşğul olduqlarına görə onlara qarşı da belə addım atılmalıdır. Milli Şura təpədən-dırnağa qədər anti-Azərbaycan mövqedə durur. Bunların da fəaliyyəti araşdırılmalıdır və cəmiyyətə təqdim edilməlidir. Hüquq mühafizə orqanları atmış olduqları sərt addımları davam etdirməlidirlər".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli isə qeyd edib ki, Milli Şura son mövqeyi ilə xarici qüvvələrin təsiri altında olduğunu növbəti dəfə təsdiqləmiş olub: "Bu Əli Kərimlinin, Milli Şurada təmsil olunanların mahiyyətindən, düşüncəsindən irəli gəlir. Onlar dövlətimizə qarşı kim yönəlibsə, həmin dairələrin yanında yer alırlar. Bunlar özlərini müxtəlif qütblərə təslim etməyə, onların sifarişi ilə fəaliyyət göstərməyə çalışan insanlardır. İndiki məqamda da Taleh Bağırzadə və bu radikal ekstremist qrupa daxil olan digər şəxsləri idarə edən xarici qüvvənin himayəsinə sığınmaq niyyətindədirlər. Bu addımları ilə onlara öz xidmətlərini təklif etmiş olurlar".
Hakim Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Aydın Mirzəzadə isə qeyd edib ki, Tale Bağırzadə və Milli Şurada təmsil olunanlar eyni mərkəzdən təlimatlar alaraq fəaliyyət göstərirlər: "Bu gün Milli Şura Nardaranda qeyri-qanuni silahlı qrupun üzvlərinin saxlanılmasını pisləyirlərsə, hesab edirəm ki, bu onların eyni mərkəzdən təlimat aldığını göstərən bir faktdır. Çünki, Nardaranda baş verənlərin nardaranlılara heç bir aidiyyatı yoxdur. Heç bir müqəddəs kitabda əlinə silah alaraq insanları öldür, hakimiyyəti zorla dəyişdir deyə bir çağırış yoxdur. Yaranan qrup ilk növbədə buna hazırlıq görürdü. Milli Şuranın ekstremistləri müdafiə etməsi onu göstərir ki, bu qurum müvafiq vəziyyətdə qeyri-qanuni silahlı dəstə yarada bilər. Hakimiyyətə qarşı qeyri-konstitusion yolla mübarizə apara bilər. Hesab edirəm ki, Milli Şuranın son bəyanatı onları ifşa edən, fəaliyyətlərinin əsl məğzini açıqlayan məqam oldu".
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43
2024-11-26 15:01:00
2024-11-26 14:35:44
2024-11-26 14:06:40
2024-11-26 14:05:41
2024-11-26 13:54:20
2024-11-26 12:47:00
2024-11-26 12:46:02
2024-11-26 12:43:07
2024-11-26 12:35:13
2024-11-26 12:25:00
2024-11-26 12:11:09
2024-11-26 11:39:30