Milli Məclisin növbəti plenar iclası keçirildi
12:53 05-12-2015
CƏMİYYƏT
Deputatlar müzakirə apardı, "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun qəbul edilib
Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasın gündəliyinə "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun lahiyəsi, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında", "Dini etiqad azadlığı haqqında", "Polis haqqında" qanunlarda dəyişiklik edilməsi barədə, Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında və "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihələri daxil olub.
Milli Məclisdə (MM) "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə məlumat verən MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qanun layihəsinin qəbulunun vacib olduğunu bildirib. Azərbaycanda dini modelin ən düzgün dini model olduğunu söyləyən S. Novruzov deyib ki, Azərbaycanda dövlət həmişə dinin yanında olub və yanındadır: "Başqa ölkələr bu sahədə bizə qibtə edə bilər. Lakin bəzi hallarda görürük ki, dini pərdə altında bəzi dövlətlərin ideologiyaları Azərbaycana ixrac olunmaqdadır. Qanunun əsas məqsədi bu ideologiya ixracının qarşısının alınması, Azərbaycanda klassik İslam modelinin saxlanmasıdır. Əvvəllər insan hüquqları adı altında müxtəlif ölkələrdə məkrli niyyətlər həyata keçirməyə çalışıblar. İndi isə bəziləri din pərdəsi altında bunu həyata keçirməyə çalışırlar. Bu qanunla belə hərəkətlərinin qarşısını almağa çalışırıq". S. Novruzov qeyd edib ki, belə bir qanun xeyli əvvəldən qəbul edilməliydi: "Xaricdə oxuyanlardan bəziləri sonradan Azərbaycana qayıdıb dini ekstremizmlə məşğul olurlar. Belə halların qarşısı alınmalıdır". S. Novruzov Azərbaycanda 1000-dək gəncin xaricdə ayrı-ayrı ekstremist qruplaşmalarda iştirak etdiyini də açıqlayıb.
"Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasından dəqiqləşdirilməmiş məlumat yayan jurnalistlər məsuliyyətə cəlb olunacaq". Bunu Milli Məclisdə "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsinin müzakirəsi zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib. S.Novruzov deyib ki, jurnalistlər bu məsələdə məsuliyyətli olmalıdırlar. Onun sözlərinə görə, son hadisələr göstərib ki, vətəndaşlar da ayıq-sayıq olmalıdır: "Heç kimə imkan vermək olmaz ki, qanundan kənar hansısa dini idarəetmə yaratsın. Azərbaycan vətəndaşları səs verərək, dövlət quruluşunu müəyyən ediblər. Ancaq hardasa dini təlim keçmiş insanlar ayrı-ayrı yerlərdə dövlət quruluşumuzun pozulması yönündə açıq-aşkar fəaliyyət göstərirlər. Biz dünən Qafqaz Müsəlmanları İdarəsində də Nardaran hadisələri ilə bağlı bir toplantı keçirdik. Ayrı-ayrı dövlətlərin ərazisində təlim keçən insanlar bu işləri görürlər".
"Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı məsələ, Nardaran və digər hadisələr dövləti qarşısına qoyduğu hədəfdən yayındırmır". Bunu Milli Məclisdə "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Zahid Oruc deyib. Milli Təhlükəsizlik Nazirliyində aparılan son həbslərə toxunan Z. Oruc qeyd edib ki, bəlkə də heç bir dövlətdə təhlükəsizlik orqanlarında bu qədər şəxs həbs olunmayıb: "Prokurorluqda təhlükəsizlik orqanlarına nəzarətlə bağlı qurum var. Bu qurum son illərdə təhlükəsizlik orqanlarının hansı iddialarını rədd edib? Ayrı-ayrı dövlət orqanlarında istintaq qurumları ləğv edilməlidir. Vahid istintaq orqanının yaradılması məsələsinə də baxıla bilər". Z.Oruc deyib ki, İslamı ələm uçurtmaq və digər hallarla nümayiş etdirmək hallarına rast gəlinir: "Nardaranda meydanlara İmam Hüseyn, İmam Əli və digər adlar verilib. Azərbaycan hüquqi dövlətdir və meydanlara dini adların verilməsi kimi məsələlər də qanunvericiliklə müəyyənləşdirilməlidir. Ekstremizmin maliyyələşməsi məsələsinə də toxunmaq istəyirəm. Pirlərdə, ziyarətgahlarda toplanan vəsaitlər hara xərclənir? Nardarandakı ziyarətgahlarda toplanan ianələr hara xərclənir, hansı problemin həllinə yönəldilib? Görünür, bu vəsaitlər hansısa problemin həllinə yox, silah alınmasına və digər zərərli məqsədlərə sərf olunub".
Milli Məclisin iclasında millət vəkili Fazil Mustafa digər millət vəkili Naqif Həmzəyevin Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə barədə təhqiramiz fikir söyləməsinin yolverilməz olduğunu bildirib. F.Mustafa deyib ki, tənqidi fikirlər ola bilər, ancaq təhqirə yol vermək olmaz. O qeyd edib ki, Gəncədə Məhəmməd Əmin Rəsulzadənin büstündən çuvalın götürülməsi yaxşı haldır, ən azı tənqidlərdən yəqin müəyyən nəticələr çıxarılıb: "Bir məqamı deyim. Biz Heydər Əliyevə qarşı kəskin mübarizə aparmışıq, ancaq Heydər Əliyev Əbülfəz Elçibəy vəfat edəndə gəlib onun başı üzərində dayandı. Heydər Əliyevə cəbhəçilərin münasibəti tam dəyişdi. Milli Məclisdə Məhəmməd Əmin Rəsulzadənin təhqir olunması ilə bağlı məsələyə münasibət bildirilməlidir". Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə qeyd edib ki, Naqif Həmzəyev müsahibəsində belə fikir söyləmədiyini deyir: "Naqif Həmzəyev deyib ki, belə fikir söyləməyib, fikirləri kontekstdən çıxarılıb. Dəqiqləşməmiş məsələyə biz nə münasibət bildirək? Qəzet redaksiyası ilə deputat oturar, məsələni aydınlaşdırar, sonra münasibət bildirilər".
Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Qeyd edək ki, layihəyə əsasən, Azərbaycan vətəndaşlığının itirilməsi ilə bağlı 18-ci maddəyə yeni əlavələr (3-1, 3-2) edilir. Beləliklə, Azərbaycan Respublikasının vətəndaşı terror fəaliyyətində iştirakı və ölkənin Konstitusiya quruluşunun zorla dəyişdirilməsi hərəkətlərinin həyata keçirilməsi (3-1), Azərbaycan Respublikasının vətəndaşının dini ekstremist fəaliyyət və ya dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi, düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlər adı altında xarici dövlətdə dini münaqişələrdə iştirak etməsi və ya həmin fəaliyyətə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə silahlı qrup yaratması Azərbaycan vətəndaşlığının itirilməsi ilə nəticələnir.
Millət vəkili Qüdrət Həsənquliyev deyib ki, Konstitusiyanın 53-cü maddəsinə əsasən, kimisə vətəndaşlıqdan məhrum etmək olmaz və qanun layihəsi müzakirədən çıxarılmalıdır.
Vitse-spiker Z. Əsgərov bildirib ki, Konstitusiyanın 53-cü maddəsinə görə heç kəs heç bir halda vətəndaşlıqdan məhrum edilə bilməz: "Burada da söhbət vətəndaşlıqdan məhrumetmədən getmir. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanunun 18-ci maddəsində də vətəndaşlıqdan məhrumetmədən yox, vətəndaşlığı itirmədən söhbət gedir".
Ə.Hüseynli də qeyd edib ki, söhbət vətəndaşlıqdan məhrumetmə yox, vətəndaşlığın itirilməsindən gedir. Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Millət vəkili Zahid Oruc Bakı İslam Universitetində dini təhsilin pulsuz həyata keçirilməsini təklif edib. Z. Oruc deyib ki, hazırda xarici ölkələrdə dini təhsil alan gənclər də sosial şəbəkələrdə müzakirələr zamanı dini təhsilin Bakı İslam Universitetində ödənişli olması səbəbindən xaricdə pulsuz dini təhsil aldıqlarını bildiriblər. Z.Oruc qeyd edib ki, Azərbaycanda da xarici ölkələrdəki kimi dini təhsil pulsuz olmalıdır. Millət vəkili hazırda xaricdə 3 minə qədər gəncin dini təhsil aldığını və onların hüquqları məsələsinin müzakirə olunmasını vacib sayıb. Millət vəkili müxtəlif şəxslərin yas mərasimlərini idarə etdiyini xatırladıb: "Dini mərasimlərin Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilən axundlar tərəfndən idarə edilməli olduğu qanunda əksini tapıb. Yas mərasimləri bura daxildirmi? Bu məsələyə də aydınlıq gətirilməlidir".
Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb. Layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Məcəlləyə əlavə edilən 51.1-1 maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində yeddi gündən çox buraxılmasına görə, şagirdin valideyni yüz manat miqdarında cərimə edilir.
Millət vəkili Elmira Axundova qanun layihəsinə qarşı çıxıb: "Tutaq ki, bir çox yüksək təhsil verən, şagirdləri ali məktəbə hazırlayan özəl orta məktəblərdə davamiyyət problemi yoxdur. Ancaq bir sıra məktəblərdə davamiyyət ona görə azdır ki, şagirdlər repetitorlar vasitəsi ilə ali məktəbə hazırlanır. Orta məktəbə pul məsələsini gətirməyək, başqa hallara yol açacaq".
Vitse-spiker Bahar Muradova isə dəyişikliyin hansı səbəbdən gündəliyə gəldiyinin məlum olduğunu qeyd edib: "Bəzən uşaq evdə hansısa işlərə cəlb edilir və valideynlərinə kömək edir. Bir sıra hallarda isə uşaqların dini təhsil almasına üstünlük verilir, bəzi valideynlər tərəfindən erkən nikahlar qurulması təşviq edilir. İstənilən halda valideyn məsuliyyəti daşıyırsa, niyə valideyni məsuliyyətdən kənarlaşdırmalıyıq?! İcbari təhsilə görə tək dövlət yox, valideyn də məsuliyyət daşıyır. Son hadisələr zamanı uşaqların bəzi hərəkətlərinə əl çalanlar ağsaqqallar deyildilər? Son hadisələr bizə çox şey öyrətməlidir və təklif edilən mexanizm normal bir mexanizmdir".
Milli vəkili Qüdrət Həsənquliyev dünyanın inkişaf etmiş ölkələrində uşaqlarını təhsil almağa qoymayan valideynlərin cərimələndiyini, hətta valideynlik hüququndan məhrum edildiyini xatırladıb.
Daha sonra çıxışlar yekunlaşıb və layihə səsverməyə çıxarılaraq qəbul edilib.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54