"Günəşli" yatağındakı yanğında itkin düşənlərin axtarışı davam edir
11:13 08-12-2015
CƏMİYYƏT
Dövlət qurumları səfərbər olunub; Aidiyyatı orqanlar tərəfindən lazımi tədbirlər həyata keçirilir
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə yaradılmış operativ qərargahda müşavirə keçirilib.
Hazırda operativ qərargahda olan fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Azərbaycan Respublikası Dövlət Neft Şikətinin prezidenti Rövnəq Abdullayev, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev qəza-xilasetmə əməliyyatının gedişi ilə bağlı məsələləri müzakirə ediblər.
SOCAR-ın "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfərdən 3-nün cəsədi tapılıb. Bu barədə "Azneft" İstehsalat Birliyindən məlumat verilib. Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında isə bildirilir ki, saat 13:20 radələrində qəza baş vermiş özüldən 65-70 km məsafədə FHN-in helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar edib, cəsədlər helikopterin göyərtəsinə qaldırılıb. Bunlardan Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğlunun cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib. Digər 4 cəsəd isə yaxın vaxtlarda sahilə çatdırılacaq. Axtarış əməliyyatı davam etdirilir.
SOCAR-ın "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfərdən 6-nın cəsədi tapılıb. Bunu SOCAR-ın "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.
"Saat 16:00-a olan məlumata görə, xilasedicilər tərəfindən itkin düşmüş 29 nəfərdən 6-nın cəsədi tapılıb. Onlardan ikisinin cəsədi Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xətai rayon şöbəsinə təhvil verilib. Tanınma prosesində məlum olub ki, bunlar Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğludur. Digər dörd nəfərin cəsədi isə Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə təhvil veriləcək", - deyə baş mühəndis qeyd edib. O əlavə edib ki, axtarış tədbirləri davam etdirilir. B. Ağarəhimovun sözlərinə görə, yanğını söndürmək hələ ki mümkün olmayıb.
"Faciə baş verən ərazidə işlər aparılır. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının söndürülməsi üçün əllərindən gələni edirlər. Həm FHN, həm də bizim gəmilər tərəfindən itkin düşmüş insanların axtarışları da davam etdirilir". Bunu SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanov deyib. O, sosial şəbəkələrdə hadisənin təxribat nəticəsində baş verdiyi barədə məlumatların yayılmasına da münasibət bildirib: "İnanmıram ki, bu hadisə təxribat olsun. Hər halda dövlət komissiyası araşdırmalar aparır, nətəcələr barədə ictimaiyyətə məlumat verəcək".
SOCAR-ın Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə və Neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alanlara Mərkəzi Neftçilər Xəstəxanasında baş çəkiblər. Vitse-prezidentlər xəstələrin səhhəti ilə maraqlanıb, onlara şəfa diləyiblər.
X.Yusifzadə jurnalistlərə bildirib ki, itkin düşmüş 29 neftçini hələlik tapmaq mümkün olmayıb, axtarışlar davam etdirilir. O, dövlət tərəfindən bütün lazımi tədbirlərin görüldüyünü də deyib.
"Dekabr 3-dən artıq biz hava şəraiti ilə bağlı bütün yerlərə məlumat vermişik. Küləyin sürəti artandan sonra orada heç bir iş görülmür". Bunu "Azneft" İstehsalat Birliyinin baş direktorunun müavini, baş mühəndis Balamirzə Ağarəhimov "Günəşli" yatağında baş verən qəza ilə bağlı bu gün keçirilən mətbuat konfrasında deyib. O qeyd edib ki, hadisə baş verəndə bütün neftçilər platformanın yaşayış yerində olublar: "Çünki iş yerində olsaydılar, onlar partlayış olan ərazidə həlak olardılar". Hava şəraitinin yenidən pisləşməsinin axtarış işlərinə necə təsir edəcəyinə gəlincə, B.Ağarəhimov bildirib ki, biz maksimum qüvvə ilə ərazidə çalışırıq: "Həmçinin bu gün əraziyə axtarış üçün daha bir gəmi göndəriləcək. 20-25 metr surətdə külək olsa da, axtarış işləri helikopterlərlə davam etdiriləcək". "Azneft" rəsmisi vurğulayıb ki, platformada yanğın hələ də davam edir və qarşısının alınması üçün yeni tədbirlər planı hazırlanıb və onun üzərində iş aparılır. "Sadəcə olaraq küləyin cənub-qərb istiqamətində olması işlərin aparılmasına maneçilik törədir". B.Ağarəhimov həmçinin qeyd edib ki, cəsədləri tapılan işçilərin əynində xilasetmə jiletləri olub.
Z.Məmmədli
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18