İrandan Azərbaycana qarşı "Nardaran təxribatı"
11:24 09-12-2015
CƏMİYYƏT
Rəsmi Tehranın baş verənlərlə bağlı bir-birini təkzib edən iki mövqeyinə sözardı...
Nardaran qəsəbəsində radikal dini qruplaşmaya qarşı həyata keçirilən əməliyyat qonşu İranda da maraqla izlənilib. Əslində bu maraq gözləniləndir, axı indi Azərbaycanda bir çoxları hesab edir ki, İranın bəzi dairləri həm Nardarandakı, həm də digər bölgələrdəki radikal islamçılarla sıx əlaqədədir. Buna baxmayaraq ölkəmizin İranla münasibətləri hər zaman mehriban dostluq və qonşuluq prinsipinə söykənib. Amma Nardaranda baş verənlərlə bağlı rəsmi Tehranın anlaşılmaz mövqeyi həmin münasibətlərdə çatlar yarada bilər.
"Unikal" qəzeti olaraq xatırladırıq ki, hadisələrin ilk günlərində İranın Azərbaycandakı səfirliyi bəyanatla çıxış edərək Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi güdməyib və Nardaran hadisələrinin baş verməsində heç bir rolunun olmadığını bildirdi.
Bəyanatda bildirilirdi ki, İran daim dost ölkələrdə sabitliyin və əmin-amanlığın bərqərar olunmasını istəyib və prinsipial bir siyasət olaraq problemlərin, ixtilafların zorakı yollarla həllinə qarşı olub: " Təbii ki, İranın Azərbaycanın daxili işlərinə qarışması barədə Azərbaycanın rəsmi orqanları tərəfindən hər hansı sübut və dəlil təqdim olunduğu təqdirdə məsələ mütləq araşdırılacaq. Biz əminik ki, bu barədə heç bir sənəd və dəlil yoxdur. İranın bütün ölkələrə, xüsusilə qonşulara və özəlliklə də Azərbaycana qarşı xarici siyasəti daim mehriban qonşuluq, konstruktiv əməkdaşlıq və daxili işlərə qarışmama prinsiplərinə əsaslanıb, bu siyasəti əməldə də icra edib".
Bəyanatda həmçinin qeyd olunurdu ki, İran beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü hərtərəfli dəstəkləməsi və ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin günbəgün genişlənməsi ölkələrimizin, xüsusilə iki ölkənin möhtərəm prezidentlərinin əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi üçün iradələrinin göstəricisidir: "Şübhəsiz İran ilə Azərbaycanın regionda yaxınlaşması və ikitərəfli əməkdaşlıqların inkişafı, özəlliklə iki ölkənin xalqları arasında yaxınlıq iki ölkənin başıucalılığını və hörmətini istəməyənlər üçün ciddi təhlükədir və bu qüvvələr müxtəlif vaxtlarda iki ölkə münasibətlərində uçurum yaratmaq üçün cari hadisələrdən istifadə edirlər".
Amma bu bəyanatın üstündən bir neçə gün keçdikdən sonra İran İslam Respublikasının ali dini lideri Xameneyinin rəsmi nümayəndəsi ayətullah Müctəhid Şəbüstərinin açıqlaması İranın mövqeyində səmimi olmadığını düşünmək üçün əsaslar yaratdı. Bəyanatdakı bu fikirlərlə tanışlıq buna əyani sübutdur: "Əgər rəsmi Bakı Nardaranda şiələrə qarşı repressiyaları dayandırmasa, İran Azərbaycanla münasibətlərinə yenidən baxmalı olacaq. Azərbaycanın Nardaran qəsəbəsindəki hadisələr inqilabi hərəkatdır".
Qeyd edək ki, onun cümə namazındakı bu çıxışını İranın rəsmi hökumət agentliyi olan İRNA yayıb. Nardaran camaatına qarşı repressiyaların yolverilməzliyini xatırladan Müctəhid Şəbüstəri bununla qonşu ölkənin daxili işlərinə qarışdığını belə unudub: "Nardaran sakinlərinin indi düşdüyü vəziyyət bizdə narahatlıq doğurur. Azərbaycan tərəfi İranı bu qəsəbədə baş verənlərə bağlılıqda ittiham etsə də İranın həmin hadisələrdə heç bir iştirakı yoxdur. Nardaranda baş verənlər kortəbii inqilabi hərəkatdır" .
Ayətullah M.Şəbüstəri iranlı məmurların Nardaranın "şiə əhalisinə münasibətdə borc və öhdəliklərinin olduğunu" da vurğulayıb: "Bu qəsəbədə baş verənləri yoluna qoymaq və nardaranlılara münasibətdə repressiyaları dayandırmaq üçün diplomatik metodları işə salmaq lazımdır. Əks halda, yəni əgər bu, baş verməsə, İranla Azərbaycanın münasibətlərinə yenidən baxmaq lazım gələcək".
Beləliklə, İranın Azərbaycanın daxili işlərinə kobud şəkildə qarışmaq cəhdi göz önündədir. Bu, yüksək rütbəli iranlı siyasətçilərin Nardaran hadisələri ilə bağlı artıq ikinci belə açıq bəyanatıdır. Rəsmi Bakının açıq narazılığı və ictimai rəyin kəskin etirazı ilə qarşılanan birinci bəyanatla İran parlamentinin Təhlükəsizlik və xarici siyasət məsələləri Komitəsi sədrinin müavini Mansur Həqiqətpur çıxış etmişdi.
"Nardaran hadisələri" deyilən olaylara gəlincə isə burada, ayətullahların qərəzli və məntiqsiz iddiasının əksinə olaraq, heç bir "inqilab" baş verməyib. Burada Azərbaycanın konstitusion quruluşuna, qanunlarına zidd çağırışlar səslənib, xaricdən idarə olunanların təşəbbüsü ilə "şəriət dövləti" qurmaq niyyətləri dilə gətirilib, qanunazidd addımlar atılıb, dövlət orqanlarının nümayəndələrinə silahlı müqavimət göstərilib. Polisə güllə və qumbara atılıb. Dövlət isə bunların qarşısını qanunlar çərçivəsində alıb.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18