Ermənistan Rusiya-Türkiyə məngənəsi arasında
11:25 09-12-2015
CƏMİYYƏT
Düşmən ölkə baş verənlərdən niyə narahatdır?
Vurulmuş Rusiya təyyarəsi insidentindən sonra iki bölgə dövləti arasında münasibətlərin pisləşməsi İrəvanda əndişə doğurur ki, kiçik Ermənistan inkişaf edən qarşıdurmaya cəlb edilə bilər. Əndişə onunla bağlıdır ki, Ermənistan ərazisində Rusiyanın hərbi bazası yerləşir.
Bazanın münaqişədə istənilən şəkildə iştirakı Ermənistan-Türkiyə sərhədində durumun kəskinləşməsinə səbəb ola bilər. Düşmən ölkədə həm də ehtiyat edirlər ki, Türkiyənin diplomatik və siyasi addımları Qarabağ münaqişəsi ətrafındakı durumu da kəskinləşdirər. Ermənistan artıq xeyli müddətdir ki, Türkiyənin ən yaxın müttəfiqi və strateji tərəfdaşı Azərbaycanla "nə sülh, nə də müharibə" vəziyyətindədir.
Ermənistanla Azərbaycan sərhədində atəşkəs rejiminin pozulması müntəzəm şəkildə, son bir neçə ayda isə ağır artilleriyanın tətbiqi ilə baş verir.
Rusiya ilə Türkiyənin arasında yaranmış böhranın inkişafının izləndiyi İrəvandakı ciddi narahatçılıq isə bir neçə amillə izah olunur. Birincisi, bu, ermənilərin qərbli qonşuya tarixi inamsızlığıdır. Ermənistan Türkiyə ilə münasibətlərdə hər zaman xəyanətkar mövqeyi ilə fərqlənib, bu səbəbdən də Ermənistanda Ankaradan daimi bir qorxu var. Eyni zamanda Rusiya və Ermənistan Türkiyə sərhədi yanında müntəzəm şəkildə təlimlər keçirir, lakin bu torpaqda gerçək hərbi əməliyyatların mümkünlüyünə az adam inanır.
Ermənistanın başlıca narahatlığı həm də son insidentə qədər normallaşmağa doğru gedən Rusiya-Türkiyə münasibətləri idi. Düşmən ölkədə hesab edilir ki, Tükiyə ilə Rusiya arasındakı yaxşı münasibətlər Ermənistan üçün təhlükəlidir. Lakin hazırda bu tezis də yaranıb ki, Rusiya ilə Türkiyənin münasibətlərinin pisləşməsi də Ermənistan üçün pisdir.
Erməni politoloq və siyasətçiləri bir məsələdə həmfikirdirlər və onlar ümid edirlər ki, məsələ Rusiya və Türkiyə arasında hərbi əməliyyatlara qədər gedib çıxmayacaq. Nəticədə Rusiyanın Ermənistandakı hərbi bazası hərəkətə keçməyəcək. Həm də unutmaq olmaz ki, Ermənistan ərazisindəki Rusiya bazası Türkiyəyə qarşı hücum əməliyyatarı üçün yetərincə resursa malik deyil. Lakin o, bir neç gün müdafiəni saxlaya bilər. Diqqətə almaq lazımdır ki, Gümrüdə türk ordusunun bir neçə briqadasına qarşı durmuş Rusiya briqadası yerləşir. Bu isə o deməkdir ki, Ermənistandakı Rusiya bazası Türkiyəyə qarşı münaqişədə yalnız önləyici amil ola bilər. Daha ciddi əməliyyatlar üçün Ermənistan ərazisinə rezervlər atmaq lazım gələcək, lakin Rusiya ordusu bunu sürətlə edə bilməz, çünki iki ölkə arasında ümumi sərhəd yoxdur. Hərbiçilərin gətirilməsini Gürcüstan və yaxud Azərbaycanın hava məkanından həyata keçirtmək isə son dərəcə problemlidir.
Türk siyasətçilərin Dağlıq Qarabağ bəyanatları da Ermənsitanda təşviş doğurur. Digər tərəfdən isə Ermənistan iqtisadiyyatı Rusiyanın türk mallarına qoyduğu sanksiyalardan ziyan görə bilər. Ermənistanla Türkiyə arasında nə diplomatik, nə də ticari münasibətlər olsa da, türk malları İrəvanda sərbəst şəkildə satılır. Onları tranzitlə üçüncü ökədən, əsasən, Gürcüstandan gətirirlər. Rusiyanın Türkiyədən daşınmasına yasaq qoyduğu malların hamısı üçüncü ölkədən olsa da, avtomatik şəkildə Ermənistana gətirilir.
Ermənistan cəmiyyətinin rəğbəti bütünlükdə Rusiyaya tərəfdir və bu anlaşılandır - Türkiyə-Ermənistan sərhədi bağlıdır, münsabətlərin normallaşması haqda 2009-cu ildə imzalanmış protokollar faktiki olaraq dəfn edilib.
İrəvanın qəzet və saytları Rusiya KİV-nin qarşıdurma haqda yazdığının, demək olar, hamısını çap edir. Türk mətbuatının yazıları nəşr və şərh edilmir. Sanki onlar yoxdur. Bununla belə, Ermənistanda türk rəsmilərinin Qarabağ münaqişəsi haqda sözlərini diqqətlə izləyirlər. Xüsusən də, Tükiyənin baş naziri Əhməd Davudoğlunun Bakı səfərini işıqlandırmaqla "Ermənistanın işğal edilmiş Azərbaycan torpaqlarının azad etməyinin" onun ölkəsi üçün önəmli olduğu haqda sözlərindən yazırlar. Həm də türk baş nazirin sözlərinin məzmunu çoxlarının diqqətini çəkir.
Necə deyərlər, indi Ermənistan getdikcə onu daha çox sıxan Rusiya-Türkiyə məngənəsindədur. Yerevanın bu məngənədən nə vaxt çıxacağı isə öz əlində deyil. Rusiyanın for-postu olan bu ölkə əksər mövzularda olduğu kimi bu məsələdə də müstəqil qərar verə bilməz. Odur ki, indi Ermənistanda bütün gözlər Kremlə dikilib. Moskva isə göz yaşlarına inanmır.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18