Xəzər bir neçə iri məmuru "udacaq"
13:18 11-12-2015
CƏMİYYƏT
Dəniz sahillərini hasarlamış məmurlarla bağlı siyahı hazrlanır, cəzalanmalar olacaq...
Xəzər dənizinin Azərbaycana mənsub olan sahilboyu ərazisinə icazəsiz müdaxilələr, sahilin hündür divarlarla hasarlanması və vəzifədən sui-istifadə etmə halları ölkə mediasında dəfələrlə işıqlandırılıb. "Unikal" qəzeti olaraq biz də mövzunu daim gündəmdə saxlamağa çalışmış, problemin nə qədər aktual olduğunu diqqətə çatdırmışıq. Amma təəssüf hissiylə qeyd edək ki, məsələ son günlərə qədər həll olunmamış qalmış, qanunları pozan məmurlar isə dəniz sahillərini hasarlamaqda davam edirdi. Prezident İlham Əliyevin bu yaxınlarda mövzuyla bağlı sərt təpkisi isə uzun müddətdən bəri cəmiyyəti narahat edən problemin həllinə ümidləri artırıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı sözügedən problemlərin aradan qaldırılması üçün cəzaların sərtləşdirilməsi ilə bağlı sərəncam məsələni yenidən gündəmə gətirib. Həmin sərəncamda bildirilib ki, həmin ərazilərə icazəsiz müdaxilə olunduqda və yaxud vəzifədən sui-istifadə halları yaşandıqda şəxslər qanunun 314-cü maddəsinə uyğun olaraq cəzalandırılır.
Bu məqamda qeyd edək ki, hazırda 20-50 metr müəyyənləşmiş dövlət mülkiyyətində saxlanılan sahil zolağı 1997-ci ildə qəbul olunan qanunda 80-130 metrlik zolaq kimi nəzərdə tutulub. 2003-cü ildə isə mərhum prezident Heydər Əliyev Xəzər sahillərində şəxsi evlərin, obyektlərin tikintisini qadağan edən "Azərbaycan Respublikasında Xəzər dəniz sahilindən istifadəyə dair bir sıra tədbirlər haqqında" sərəncam imzalayıb. 2008-ci ildə isə Milli Məclis "Torpaq islahatı haqqında" qanuna dəyişiklik edərək bu ölçünü 20-50 metr müəyyənləşdirib. Dəyişikliyə əsasən 20-50 metrlik sahil zolağının altında olan ərazilər dövlətin mülkiyyətində qalmaqla özəlləşdirilə bilməz. Yalnız yuxarı icra hakimiyyətinin qərarı ilə istifadəyə və ya icarəyə verilə bilər.
Sözügedən dəyişiklikdən sonra Xəzər sahilindəki ərazilərdə tikililərin və hasarlanmanın sayı xeyli artmağa başlayıb və məsələ Milli Məclisdə dəfələrlə müzakirə olunub. Bir neçə deputatın, eləcə də xalq artisti Zeynəb Xanlarovanın da sərt çıxışına səbəb olub. Xalq artisti sahil zolağındakı hasarlardan söz açaraq bildirib ki, dəniz xalqa məxsusdur, onu xalqdan almaq olmaz.
Prezidentin qanuna son dəyişikliyi və cəzaların sərtləşdirilməsindən sonra isə bu sahədə ciddi addımların atılmasına başlanılıb. Artıq bir çox ərazilərdə hasarlar sökülüb, işlərin davamlı şəkildə həyata keçirilməsi isə yaxın zamanlarda problemin köklü şəkildə həllinə inamı artırır.
Ekspertlər də prezidentin müdaxiləsindən sonra işlərin irəliləyəcəyi qənaətindədir. Vəkil Aslan İsmayılov bununla bağlı açıqlamasında prezidentin sərəncamını müsbət qiymətləndirib: "Sərəncam imzalandığı gündən sonrakı dövrlərdə tətbiq olunur. Əvvəllər 314.1-ci maddə bir hissədən ibarət idi. İndi isə 2 hissəyə bölüblər və bir neçə bənd var. Bu, əlbəttə ki, çox yaxşı haldır. Ancaq çox heyif ki, mümkün olan bütün sahilboyu torpaqlar satılıb və qanunsuz tikililər həyata keçirilib. Bu sərəncamın başqa bir müsbət tərəfi də ondan ibarətdir ki, ərazidəki tikillilərin əksəriyyəti sənədsizdir və son dəyişikliklərdən sonra kiminsə həmin tikililərə sənəd verəcəyinə inanmıram. Belə olan halda da, rəsmiləşdirilməyən bütün tikililər söküləcək. Bakı şəhər İcra Hakimiyyəti, Nazirlər Kabineti yerli icra orqanlarından tələb etməlidir ki, qanunsuz tikililərin hamısı sökülsün".
Hüquqşunas onu da bildirib ki, dünya praktikasında bu hal müşahidə olunmur: "Əgər dünya praktikasına nəzər salsaq, qonşuluqdakı Batumidən tumuş Rio De Jeneraya kimi bütün çimərliklər açıqdır. Bakıda isə dənizkənarı hissə hasarlarla sanki həbs olunub və sadə əhali oraya keçə bilmir. Buzovnada, Bilgəhdə, Pirşağıda ənənəvi çimərliklər var idi. Bunların hamısı özəlləşdirildiyi üçün hazırda əhali istifadə edə bilmir".
"Unikal" qəzetinin hökumət içindəki mənbələrdən əldə etdiyi məlumatda isə məsələnin təkcə qanunsuz sahilboyu tikililərin sökülməsi ilə bitməyəcəyi bildirilir. Məlumata görə, söküntülər həyata keçiriləcək, amma paralel olaraq sahil əraziləri qanunsuz olaraq zəbt edənlərə qarşı da ciddi tədbirlər görüləcək: "Artıq Xəzər sahillərini qanunsuz olaraq hasarlayan, həmin ərazidə tikinti aparan iri məmurların siyahısı prezidentə təqdim olunub. Eyni zamanda onlara şərait yaradan müvafiq dövlət qurumları və onların məsul şəxsləri barədə də məlumatlar toplanıb. Bütün bunlar isə yaxın zamanlarda bir neçə iri məmurun cəzalandırılmasına şahidlik edəcəyimizi düşünmək üçün əsaslar yaradır".
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-28 08:47:35
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00