Azərbaycanda problemli müştərilərin axırı necə olur?
13:42 11-12-2015
CƏMİYYƏT
Araşdırma zamanı ortaya maraqlı məqamlar çıxıb
Azərbaycanda banklardan kredit götürənlərin heç də hamısı ödənişi vaxtlı-vaxtında etmir. Nadir hallarda bir gün belə gecikməsi olmayan müştərilərə rast gəlinir. Banklar üçün belə müştəri göydəndüşmə sayılır və onu az qala "əldə çıraq" axtarırlar. Bəs banklar problemli müştərilərlə necə davranır? Onlar bir banka problem yaratdıqdan sonra başqa bankdan, lap elə həmin bankın özündən yenidən kredit ala bilərmi?
fins.az ölkənin aparıcı iki bankının bu məsələyə dair mövqeyini öyrənib.
"30 gündən çox gecikməsi olanları
"Qara siyahı"ya salırıq
"Bank VTB (Azərbaycan)"da bildirirlər ki, əgər müştəri indiyədək kredit ödənişlərində bir dəfəyə 30 gündən artıq gecikməyə yol veribsə, ona kredit verilmir: "30 günədək başa düşmək olar. Kiminsə nə isə işi çıxa bilər, yas düşə bilər, başı qarışar, amma 1 aydan artıq müddətdə ödəniş etməyən adam artıq "Qara siyahı"ya salınır".
Bununla belə, "Bank VTB (Azərbaycan)"da 30 gündən artıq gecikməsi olanlara fərdi də yanaşılır: "Elə adam ola bilər ki, başqa banklara problem yaradıb, amma bizdən götürdüyü krediti normal ödəyib. Bu adama limitdən az da olsa, kredit verə bilərik. Həmçinin bizdə problemli müştəri olsa da, başqa heç bir bankda gecikməsi olmayıbsa, bununla bağlı da araşdırma aparılır. Ola bilər ki, krediti başqası üçün götürüb. Baxırıq əgər ödənişləri o etməyibsə, başqası edibsə, gecikmə də başqa adamın ucbatından baş veribsə, belə müştəriyə də limitdən az kredit verə bilərik".
"Son 2 ilin kredit tarixçəsini araşdırırıq"
"Expressbank"ın sözçüsü Pərviz Sədrəddinov isə deyir ki, təmsil etdiyi bank kredit üçün müraciət edən müştərinin son 2 illik tarixçəsi əsasında qərar verir: "Müştəri ola bilər ki, 2 il bundan əvvələ qədər banklara, lap bizim banka hər hansı bir problem yaradıb, amma son 2 ildə ödənişləri normal edibsə, 6 dəfədən çox gecikməyə yol verməyibsə, ona kredit verilir. 2 il ərzində aylıq ödənişi 7 dəfə və daha çox vaxtında etməyənlərə isə avtomatik kredit verilmir. Amma burada da müəyyən istisnalar ola bilər var ki, onlar nəzərə alınır. Məsələn, yanvar-mart aylarında bayramlarla əlaqədar günlərlə bank işləmir. Kimlərsə məhz bunun ucbatından gecikməyə düşə bilər, çünki bayram günləri ödəniş terminalları pulu qəbul etsə də, pul hesaba bayramdan sonrakı iş günü oturur. Bu baxımdan müştərilərə güzəşt edilə bilər. İstənilən halda filialarımızdakı kredit mütəxəssisləri müştərini təhlil edən zaman bir sıra meyarları araşdırır və son olaraq kredit haqqında qərar müştəridən asılı olaraq fərdi şəkildə verilir".
Pərviz Sədrəddinov başqa banklar üçün problemli müştəri olub, "Expressbank" üçün yaxşı müştəri olanlara kredit verilməsi imkanlarına da aydınlıq gətirildi: "Təkcə bizim bankda ödəniş vaxtında edilibsə, bu da araşdırılır. Əgər müştəri başqa banklarda problemlər yaşayırsa, deməli gələcəkdə bizim üçün də oxşar problemlər meydana çıxa bilər. Məhz belə hallardan sığortalanmaq üçün istənilən bankla problemi olan müştərilərə kredit verilməsi arzuolunmaz hal hesab edilir. Mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışların mövcudluğu məhz belə halların aşkar edilməsinə xidmət edir".
Kredit tarixçəsi 7 illik olur
Sonda onu da deyək ki,Azərbaycanda qüvvədə olan kredit tarixçələrinə dair qaydalara görə, banklar onlara müraciət edən müştəri barədə yalnız son 7 illik məlumatları əldə edə bilirlər. Azərbaycan Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətində bildirirlər ki, məsələn, müştəri bankdan 2005-ci ildə 2 illik kredit götürübsə, həmin krediti 2007-ci ildə bağlayıbsa, 2015-ci ildə əldə edilən kredit tarixçəsində artıq həmin kredit üzrə ödənişlər öz əksini tapmır. Yəni, sonuncu ödəniş tarixindən sonra yalnız 7 il ərzində məlumatlar saxlanılır.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15