Azərbaycanın "biznes lediləri" ən çox nədən şikayətçidirlər?
13:46 11-12-2015
CƏMİYYƏT
Ekspert: "Bu gün qadın sahibkarların problemləri nə dövlətdən, nə də yoxlamalardandır"
Müasir dövrdə kişilərə hər mənada həsəd aparan qadınların sayı çoxalır. Çünki qadınlar da kişilər kimi işləmək, şəxsi həyatını yaşamaq, biznesə qatılmaq, bəlkə də oliqarx olmaq istəyirlər. Bunda nə var ki? Amma nədənsə ölkədə "biznes ledi"lər yox dərəcəsindədir.
"Qadın Konsensus Mərkəzi" İctimai Birliyinin sədr müavini Faina Hənəfiyevanın sözlərinə görə, ölkədə baş verən proseslər qadın sahibkarlarının da fəaliyyətinə təsir edir: "İstər-istəməz müəyyən məsələlərə görə, bəziləri öz sahibklarlığını ya ixtisar edir, ya azaldır, ya da ləğv edir. Prezidentin sahibkarların fəaliyyətinə artırdığı diqqətdən sonra bu sahədə həm kişi, həm də qadınlar üçün canlanma başlayıb. İstər-istəməz insanlar yeni ideyalar üzərində işləməyə, yeni biznes layihələr həyata keçirməyə başlayıblar".
F.Hənəfiyeva bildirib ki, sahibkarların üzləşdiyi problemlərdən danışanda qadın sahibkarları kişi sahibkarlardan ayırmaq düzgün deyil. Bu sahədə çətinlik olanda həm qadın, həm də kişi sahibkarların fəaliyyətinə təsir edir. "Ölkədə qadın sahibkarlığı sıxışdırılmır. Əksinə, istər dövlət qurumlarının, istərsə də yoxlamaya gələn aidiyyəti qurumların nümayəndələri sahibkarların qadın olduğunu görəndə onlara qarşı münasibətləri xoş olur. Məsələn, biri var ki, aidiyyəti qurum qadın sahibkarla görüşsün, biri də var ki kişi sahibkarla. İstər-istəməz qadına daha mərhəmətlə yanaşır, vəziyyətini başa düşürlər", - deyə müsahibim bildirib.
Sədr müavini qeyd edib ki, qadın sahibkarlarının üzləşdiyi problemlər, əsasən, ailədən və məişətdən qaynaqlanır: "Əksər hallarda Azərbaycanın adət-ənənəsinə uyğun olaraq ailədə hər bir qadının himayədarı olan kişi var. Ya qardaşı, ya atası, ya da ki həyat yoldaşı. Onlar qadının işgüzar fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoya bilər. Ailə üzvləri tərəfindən qadına istədiyi arzuları həyata keçirməyə, sahibkarlıqla məşğul olmağa tam şərait yaradılmır. Məsələn, sahibkar qadın xaricə səfərlərə getməli, sərgilərdə iştirak etməlidir. Lakin həyat yoldaşı qoymur. Və yaxud da qadın iş adamı olduğu üçün kişilərin də olduğu işgüzar görüşlərə getməlidir. İşgüzar görüşlər həm iş saatlarında, həm də işdən sonra ola bilər. Qadınlar bunları edə bilmirlər. O məslələrdə ki kişilərin azadlıqları var, qadınlar xeyli məhdudiyyətlərlə üzləşir. Bu gün qadın sahibkarların problemləri nə dövlətdən, nə də yoxlamalardandır. Onların yeganə problemləri müəyyən adət-ənənələrin yaratdığı çərçivələr, məhdudiyyətlərdir. O məhdudiyyətləri keçə bilən, onu başa düşən həyat yoldaşı, qardaşı, ailə üzvləri olan qadın biznes sahəsində irəli gedir. Əks halda, sahibkar qadınlar əziyyət çəkirlər".
Onun dediyinə görə, qadınların adı ilə açılan xeyli obyektlər və qurulan biznes sahələri olsa da, əksəriyyətində qadınların adından, sadəcə, istifadə olunur: "Əslində, real qadın sahibkarlar azdır. Digər problem ondan ibarətdir ki, qadınlar, əsasən, kiçik, maksimum orta müəssisələrin rəhbərləridir. İri müəssisələrin rəhbərləri arasında qadınları görmürük. Böyük korporasiya, holdinqlərin rəhbərləri arasında qadınlar barmaqla sayılası qədərdir.
Qadın sahibkarlara, əsasən, xidmət və yaxud kiçik istehsal, tekstil kimi sahələrdə rast gəlinir".
Hənəfiyeva bildirib ki, iri müəssisələrin sahibkarları arasında qadınların azlığı əllərində iri kapitalın olmamasıdır: "Qadın sahibkarlar kiçik müəssisəni aça, addım-addım onu inkişaf etdirə bilir. İllərlə zəhmət çəksə, onu maksimum orta müəssisəyə çevirə bilər. İri müəssisənin rəhbəri olması üçün qadının mülkiyyəti, kapitalı olmalıdır. Qadınlar bu maddi vəsaitə malik deyillər".
Buna baxmayaraq, diaqnozların müsbət olacağını deyən müsahibim diqqətə çatdırıb ki, Azərbaycanda son illər iş adamlarının sayı artıb: "Bu iş adamlarının isə qız övladları var. Gələcək nəsl 15-20 ildən sonra müəyyən kapitalla bazara girəcək. Onların əllərində böyük kapital olduğuna görə iri müəssisələrə rəhbərlik etməyə başlayacaqlar.
Bu gün də biz mətbuatda vəzifəli adamın və ya hansısa oliqarxın qızının moda və ya tekstil sahəsində yeni addımlar atmağa başladığını görürük. Hamı bilir ki, bu qadınların arxasında kapital və "güc" var. Onlar əgər uğurlu biznesmen olacaqlarsa, iri müəssiələrə çevrilmək şansları çoxdur. Ola bilər ki, bu məsələ 15-20 ilə öz həllini tapsın və biz artıq iri müəssisələrin rəhbərləri olan qadın sahibkarları görərik".
Psixoloq Dəyanət Rzayevin sözlərinə görə, "biznes ledi" deyəndə qadının milyonlar qazandığını təsəvvür edirik: ""Biznes ledi" işgüzar qadındır. Bir iş qurur, şirkət açır, rəhbərlik edir. Lakin bizdə belə qadınlar azdır. Bu da mentalitetlə bağlıdır. Başqa ölkələrdə biznes qadınları daha çoxdur. Bizdə son dövrlər qadınlara münasibətlərdə "yumşalma" getsə də, hələ ki, o səviyyəyə gəlib çatmamışıq. Qadınlara qarşı diskriminasiya hələ də var. Mentalitetə görə, qadın gərək mütləq evdə otursun, uşaqlara baxsın. Bu haqda danışsaq da, hansısa qadın yolda gedəndə ona sataşmaq, söz atmaq və s. Azərbaycanda normal sayılır", - deyə psixoloq bildirib ki, qadınların sıxışdırılması, əsasən, komplekslərdən irəli gəlir.
D.Rzayevin fikrincə, "biznes ledi" üçün uyğun işgüzar şərait də olmalıdır: "Məsələn, Avropa və ya yaxın Gürcüstanda biznes qurmaq çox rahatdır. Xaricdən mal gətirirsiz, monopoliya yox, oliqarxlar yox. Burada bizneslə kişi məşğul ola bilmir, qaldı ki, qadın.
Çox səmimi deyirəm, bizdə qadın hansısa bir işini həll etmək istəyirsə, bəzi hallarda kişilər qadınlara intim münasibətlər təklif edir. Hansısa bir işi həll etmək üçün! Hansısa bir işi həll etmək üçün hansı qadın özünə bunu sığışdırar?
Əgər bizdə qadın yolnan keçərkən ona söz atırlar və sataşırlarsa, təsəvvür edin kişilər arasında bizneslə məşğul olanda nə olacaq?.."
Aynurə Məmmədova
Digər Xəbərlər
2024-11-28 08:47:35
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00