Azərbaycanda ev almaq istəyənlərə: qiymətlər 28 faiz...
13:47 11-12-2015
CƏMİYYƏT
Ekspert: "Neftin qiymətinin daşınmaz əmlak bazarına təsiri dolayıdır"
"Mənzil bazarında qiymət enməsi devalvasiyadan qabaq başlayıb - 2014-cü ilin payızından. Fevralda baş verən devalvasiyaya qədər qiymətlər artıq 6 ay idi düşürdü. Qiymət enməsinin nəzərə çarpmamasının əsas səbəbi isə ucuz mənzillərin qiymətinin daha az düşməsi idi". Bunu publika.az-a "Value and Sources" Konsaltinq Şirkətinin rəhbəri Rəşad Əliyev deyib.
Mütəxəssis qeyd edib ki, devalvasiyadan sonra qiymətlər müvəqqəti olaraq manat ifadəsində artdı, dollar ifadəsində isə azaldı. Bir müddət sonra qiymətlər hər iki valyutada yenə enməyə başladı. Ancaq buna baxmayaraq, bir sıra mənzillərin qiyməti manat ifadəsində devalvasiyadan öncəki qiymətlər kimi, ancaq 2014-cü ilin pik səviyyəsindən aşağıdır.
R.Əliyev neftin qiymətində bahalaşma baş verən kimi qiymətlərin qalxacağını deyir: "Neftin qiymətinin daşınmaz əmlak bazarına təsiri dolayıdır. Sözsüz ki, neftin qiymətinin makroiqtisadi şəraitə təsiri var ki, bu da öz növbəsində, daşınmaz əmlak bazarına təsir edir. 2008-ci il böhranının ardınca daşınmaz əmlak bazarında 2009-cu ilin sonunda durğunluq davam edəndə neftin qiyməti artıq 70 dollardan yuxarı idi. Həmin dövrdə ancaq mənzil bazarında vəziyyət bir qədər normal idi, bu isə həmin dövrdən öncə başlayan ipoteka kreditləşməsi ilə əlaqədar idi. Qiymətlərin artması üçün makroiqtisadi şərait yaxşılaşmalıdır".
Kirayə mənzil bazarına da toxunan ekspert bu bazarda qiymətlərin çökdüyünə diqqət çəkir: "Mövcud şəraitdə kirayəhaqqı 2 istiqamət üzrə nəzərdən keçirilir: birincisi, mövcud kirayə bazarı, ikincisi isə mövcud kirayə müqavilələri (və ya əvvəl kirayəyə götürülmüş obyektlər üzrə haqlar) üzrə. İkinci istiqamət üzrə kirayə haqları orta hesabla çox cüzi düşüb. Ancaq kirayə bazarı üzrə enmə göz qabağındadır. Lakin bazarın çökməsi real rəqəmlərlə təsdiq edilmir və bunun üçün hələ vaxt tələb olunur".
Mütəxəssis daşınmaz əmlak bazarında qiymət enməsinə təsir edən amilləri də sadalayıb: "İqtisadiyyatda böhran başlayan dövrlərdə əksər hallarda daşınmaz əmlak bazarında qiymət enməsi faizi nominal ÜDM-nin enmə faizini qabaqlayır".
Deyib ki, 2015-ci ilin ilk 10 ayında ÜDM səviyyəsi 45,9 mlrd. manat təşkil edib. Bu da nominal göstəricilərlə keçən ilin müvafiq dövrünə (49,2 mld. manat) nisbətən 7%-ə yaxın azalma deməkdir: "Burdan belə nəticəyə gəlinir ki, daşınmaz əmlak bazarı üzrə qiymətlər keçən ilə nisbətən manat ifadəsində minimum 7%, dollar ifadəsində isə 30% azalmalı idi. Daşınmaz əmlak bazarında baş vermiş qiymət azalması da elə bu rəqəmə yaxındır. Ancaq bura əlavə olaraq 2 amili əlavə etmək lazımdır:
1. Bazarda qiymətlərin şişirdilmiş olması (ən azı 10%, yuxarı həddi isə 20%).
2. Daşınmaz əmlak bazarı üzrə qiymət enməsi tempi nominal ÜDM-nin azalma tempini qabaqlamalıdır.
Əgər bu məntiqdən çıxış etsək, belə qənaətə gəlmək olar ki, qiymətlər 2014-cü ildə pik həddindən dollar ifadəsində orta hesabla 50%-ə kimi azalmalı idi. Hazırda qiymətlər məhz həmin istiqamətdə hərəkət edir. Əgər qiymətlərin dollar ifadəsində orta hesabla 30-35% enməsini nəzərə alsaq, belə çıxır ki qiymətlər bundan sonra hələ əlavə olaraq 23-28%-ə kimi düşə bilər".
R.Əliyev deyir ki, hazırda bazarda qiymətlərə dəstək göstərən amillər çox azdır. Ancaq bu cür amillərin güclənməsi istisna edilmir.
Ekspert bütün bunları nəzərə alaraq sonda ev almaq istəyənlərə məsləhətini də verdi: "Daşınmaz əmlak qeyri-likvid əmlakdır və o, neft, qızıl və ya digər likvid mal deyil ki, ticarət terminalı qarşısında onun enmə faizinə nəzər yetirəsiniz. Daşınmaz əmlak bazarında standart məhsul mövcud deyil. Qiymət enməsi haqqında mövcud olan bütün məlumatlar şərtidir və hamısı ortalama nəticələrdir. Ev almaq istəyənlər üçün həmin məlumatların praktiki əhəmiyyəti yoxdur və bu məlumatlar bazarda ancaq ab-havanı müəyyən etməyə kömək edir. Əmlak almaq qərarı isə ancaq alıcı tərəfindən aparılan təhlil nəticəsində mümkündür. Hazırda elə ev almaq mümkündür ki, gələcəkdə bazarda qiymətlər ensə belə, onun qiyməti qalacaq. Ancaq elə ev də almaq olar ki, bazarda qiymətlər artsa da, onun qiyməti artmayacaq. Təhlil aparmayan alıcı həmişə uduzur".
Aliyə
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18