MTN məcburi sertifikatlaşdırılmalı olan informasiyanı mühafizə vasitələrinin siyahısını təsdiqləyib
11:32 12-12-2015
CƏMİYYƏT
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə qərar verib.
Dekabr ayından qüvvəyə minən qərarı milli təhlükəsizlik naziri vəzifəsini icra edən general-leytenant Mədət Quliyev imzalayıb. Qərara əsasən Milli Təhlükəsizlik Nazirliyi (Sertifikatlaşdırma üzrə orqan) müəyyən olunmuş qaydada Sertifikatlaşdırma Sisteminin fəaliyyətini təşkil edir. Sertifikatlaşdırma Sisteminin əsas məqsədi dövlət sirrinin mühafizəsi sisteminin, digər informasiya ehtiyatlarının mülkiyyətçilərinin və istifadəçilərinin sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələri ilə təmin edilməsi yolu ilə Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi siyasətinin, informasiya sahəsində milli maraqların müdafiəsinin dəstəklənməsidir. Dövlət sirrinin mühafizəsi sistemində milli informasiyanı mühafizə vasitələrinin tətbiqinə üstünlük verilir. Dövlət sirri təşkil edən məlumatların mühafizəsi üçün nəzərdə tutulan milli informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması istehsalçının müraciəti əsasında aparılır. Dövlət sirri təşkil edən məlumatların mühafizəsi üçün nəzərdə tutulan xaricdə istehsal olunan informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması Sertifikatlaşdırma üzrə orqanının təşəbbüsü ilə və ya istehsalçının müraciəti əsasında aparılır. Sertifikatlaşdırma üzrə orqan informasiyanı mühafizə vasitələrinə verilmiş uyğunluq sertifikatını və müvafiqlik nişanının tətbiq edilməsi üçün şəhadətnaməni qeydiyyata alır. Sertifikatın qüvvədə olma müddəti 5 ildən çox ola bilməz.
Qərara əsasən təsdiqlənən "Məcburi sertifikatlaşdırılmalı olan informasiyanı mühafizə vasitələrinin siyahısı və onların təmin etdiyi tələblər"ə əsasən Sertifikatlaşdırma Sistemində sertifikatlaşdırmadan keçməli olan informasiyanı mühafizə vasitələrinin siyahısına texniki mühafizə vasitələri, informasiyanın mühafizəsi üçün tətbiq olunan üsulların effektivliyinə nəzarət vasitələri daxil olmaqla - infraqırmızı, ultrabənövşəyi və görünən dalğalar diapazonunda optik siqnalları (təsvirləri) əldə edilmədən qoruyan informasiyanı mühafizə vasitələri, hava, su və bərk mühitlərdə yayılan akustik siqnalları əldə edilmədən qoruyan informasiyanı mühafizə vasitələri, elektromaqnit siqnallarını, o cümlədən texniki vasitələrin fəaliyyəti zamanı yaranan kənar elektromaqnit şüalanma və induksiyanı (KEMŞİ), əldə edilmədən qoruyan informasiyanı mühafizə vasitələri, cərəyankeçirici kommunikasiyalarda yaranan elektrik siqnallarını əldə edilmədən qoruyan informasiyanı mühafizə vasitələri, informasiyanı gizli əldə etmə qurğularının aşkar edilməsi üçün xüsusi texniki vasitələr, mühafizə olunmuş texniki vasitələr və sistemlər - rabitə kanalları ilə ötürülən informasiyanı skrembləmə, maskalama və ya şifrləmə vasitələri, optik kanallar vasitəsilə informasiyanı ötürmə avadanlığı, icazəsiz daxil olmadan informasiyanı qoruyan texniki vasitələr -qıfıllar (mexaniki, elektromexaniki, elektron), plomblar, birdəfəlik qıfıllar, qoruyucu yapışqan lentlər, qoruyucu və holoqrafik etiketlər, xüsusi qoruyucu qutular, müxtəlif tipli elektrik vericiləri, mühafizə və nəzarət televiziya sistemləri, lazer sistemləri, optik və infraqırmızı diapazonlu sistemlər, identifikasiya qurğuları, plastik identifikasiya kartları, fiziki məlumat daşıyıcılarının (kassetlər, optik və maqnit disklər və s.) daşınması və saxlanılması üçün xüsusi vasitələr -təzyiq sistemləri, optik-kimya texnologiyaları əsasında sənədlərin saxtalaşdırılmasına qarşı xüsusi mühafizə vasitələri - sənədlərin kserosurətinin çıxarılmasından mühafizə vasitələri, kimyəvi identifikasiya məhlullarının köməyi ilə sənədlərin saxtalaşdırılmasından (dəyişdirilməsindən) mühafizə vasitələri, informasiyanı steqanoqrafiyanın köməyi ilə mühafizə edən vasitələr, məlumatın fiziki daşıyıcılarının (kağız, video və audio kassetlər, disklər və s.) saxlanılması, daşınması üçün xüsusi qablar və təcili məhv edilməsi üçün xüsusi texniki vasitələr, icazəsiz müdaxilədən və proqram gizlinclərindən proqram mühafizə vasitələri -informasiyaya müraciəti tənzimləyən proqramlar, müxtəlif əlamətlər üzrə terminal və istifadəçilər üçün identifikasiya və autentifikasiya proqramları (parol, əlavə kod sözləri, biometrik parametrlər və s.), antivirus proqramları, əməliyyat sistemlərini mühafizə edən proqramlar, ümumsistem və tətbiqi proqram təminatlarının bütövlüyünə nəzarət proqramları, resursların istifadə qaydalarının pozulması barədə xəbərdarlıq edən proqramlar, yaddaş qurğularında qalıq informasiyanı məhv edən proqramlar, məlumatların fayl strukturuna nəzarət və onların bərpası proqramları daxildir.
Siyahıda informasiyanın emalı üçün mühafizə olunmuş proqram vasitələri - avtomatlaşdırılmış iş yerləri üçün tətbiqi proqram paketləri, hesablama şəbəkələrinin verilənlər bazaları, avtomatlaşdırılmış idarəetmə sistemlərinin proqram vasitələri, proqram-texniki mühafizə vasitələri, icazəsiz surətçıxarmadan proqram-texniki mühafizə vasitələri, məlumat daşıyıcılarının mühafizə vasitələri, proqram təminatının surətinin çıxarılmasının qarşısını alan vasitələr, kriptoqrafik və steqanoqrafik proqram-texniki vasitələr, istifadəçinin informasiya müraciət qaydalarını pozması zamanı proqramın işini dayandıran proqram-texniki vasitələr - proqramın məcburi dayandırılması, kompüterin bloklanması, məlumatın silinməsi üçün proqram-texniki vasitələr - məxfi məlumatların emalı prosesində yaranmış qalıq informasiyanın əməliyyat yaddaşından və maqnit daşıyıcılardan silinməsi, köhnəlmiş məlumatın maqnit daşıyıcılardan etibarlı silinməsi, proqram və proqram-texniki gizlinclərin aşkarlanması və lokallaşdırılması üçün proqram-texniki vasitələr, şəxsiyyətin identifikasiyasını qoruyan xüsusi vasitələr - səs siqnallarını fonoqrafik ekspertizadan qoruyan vasitələr, daktiloskopik ekspertizadan qoruyan vasitələr, retinoskopik ekspertizadan qoruyan vasitələr də yer alıb. Eyni zamanda siyahıya rabitə xətlərində (naqilli və mobil rabitə şəbəkələrində, internet şəbəkəsində) əməliyyat-axtarış sistemlərinə icazəsiz müdaxilədən mühafizə edən proqram-aparat vasitələri də daxil edilib.
Sertifikatlaşdırma Sistemində sertifikatlaşdırmadan keçməli olan informasiyanı mühafizə vasitələrinin təmin etdiyi tələblərə informasiyanın maqnit və ya optik daşıyıcıları, informativ fiziki sahələr, informasiya massivləri və verilənlər bazası şəklində təqdim edilmiş dövlət sirri təşkil edən informasiya resurslarının mühafizəsi, dövlət sirri təşkil edən informasiyanın emalı üçün istifadə edilən informasiya sistemlərinin və vasitələrinin (hesablama texnikası vasitələri, informasiya-hesablama kompleksləri, şəbəkələri və sistemləri) mühafizəsi, dövlət sirri təşkil edən informasiyanın avtomatlaşdırılmış idarəetmə və rabitə sistemlərinin, informasiyanın qəbulu, ötürülməsi, emalı və saxlanılması sistemlərinin (səsyazma, səsucaldan, danışıq qurğuları, sənədlərin istehsalı və tiraj edilməsi vasitələri və s.) mühafizəsi, dövlət sirri təşkil edən informasiyanın emalı üçün nəzərdə tutulmuş yerlərin (otaqların) və informasiyanın emalına aid olunmayan texniki vasitələrin mühafizəsi, dövlət sirri təşkil edən informasiyanın emalı üçün istifadə edilən televiziya vasitələrinin (televiziya sistemləri və videoavadanlıqlar) mühafizəsi, dövlət sirri təşkil edən informasiyanın emalı üçün istifadə edilən hesablama texnikasının komponentlərinin (elektron-hesablayıcı maşın və avtomatlaşdırılmış sistemlərin sonlayıcı qurğuları) mühafizəsi, dövlət sirri təşkil edən informasiyanın emalı üçün nəzərdə tutulmuş proqram təminatlarının (əməliyyat sistemləri, avtomatlaşdırılmış idarəetmə və informasiya şəbəkələrinin proqramları) mühafizəsi, dövlət sirri təşkil edən informasiyanın emalında müxtəlif proseslərin avtomatlaşdırması üçün tətbiq olunan proqram-texniki komplekslərin mühafizəsi, dövlət sirri təşkil edən informasiya emal olunan obyektlərdə mühafizə və yanğın xəbərdaretmə sistemlərinin mühafizəsi, silah və hərbi texnika nümunələrinin istehsal sınaqlarına nəzarətin avtomatlaşdırılması üçün tətbiq olunan proqram-texniki komplekslərinin (hesablama texnikası, rabitə, informasiyanı mühafizə vasitələri, radioelektronikanın və cihazqayırmanın məmulatları) mühafizəsi daxildir.
O.Həsənli
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18