Unikal.org Milli.Az-a istinadən jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (83-cü say) təqdim edir.
Deyirəm, necəsiniz, istilərlə necə yola gedirsiniz? Çətindir? Çətin olar da. Mən heç Telli Borçalıyla yola gedə bilmirəm, siz istilərlə necə yola gedəsiniz? Nəsibə Zeynalova demişkən, bəndənizi möfkəməyə (məhkəməyə) verir. Üç gündür gəzmədiyim şəhər, el-oba, kənd, mahal qalmayıb. İntəhası, bir Gürcüstan vətəndaşının mənim ölkəmdə hansı əsaslarla işlədiyi, hansı əsaslarla məhkəməyə müraciət edəcəyi çox maraqlıdır. Görəsən, Telli Azərbaycandan qazandığı puldan vergini bizim dövlətin büdcəsinəmi ödəyir, yoxsa Gürcüstanın? Hər halda ortada xeyli maraqlı və cavabsız suallar var.
Şəbnəm Tovuzlunu da necə reklam elədiksə, eşitdiyimə görə Ramazan ayından sonra toyların qiymətini qaldıracaq. Yeri gəlmişkən, tovuzlu sənətçi bu dəfə sosial şəbəkədə izləyicisini çox pis təhqir edib. Hər halda sənətçi adını daşıyan birinə yaraşan ifadələr deyil. Camaatımız da sağ olsun, kimin adı saytlarda, efirlərdə çox çəkilirsə, onları da aparıb oturdur məclisinin başında. Beş il əvvəl lüt şəkilləri yayılan birini yüksək məbləğ ödəyib arvad-uşağın içinə salırlar. Guya ölkədə müğənni qıtlığıymış. Hər halda söhbətin kimlərdən getdiyini açıqlamağa gərək yoxdur, özünüz bilirsiniz.
Nazənin xeyli vaxtdır gözə dəymir. Bəlkə də gözə dəyir e, amma mən görmürəm. Həyat yoldaşının külli miqdarda borcunun olduğunu deyirlər. Amma özü bunu inkar edir.
"Hər gün barəmdə yalan xəbərlər eşidirəm, çoxuna da gülürəm. İndi də yazıblar ki, "Nazənin ərinin külli miqdarda borcu var". İlk əvvəl onu demək istəyirəm ki, bu xəbər yalandır. Jurnalist dostlarımızdan xahiş edirəm ki, barəmdə xəbəri yazmadan öncə məlumatı məndən dəqiqləşdirsinlər. Güman edirəm ki, bu xəbər məni həzm edə bilməyənlərin mənə qarşı qurduğu qara piyarıdır. Borca gəldikdə isə, həyat yoldaşımın heç kimə borcu yoxdur. Heç kim deyə bilməz ki, Məhəbbət bəyin bizə borcu var. Əksinə, bizə borclu olan şəxslər var".
Allah daha da artıq eləsin. Amma soruşsan ki, axırıncı dəfə hansı yetimin əlindən tutmusan, cavab almaq qəliz olacaq. Qulpqoyan dayı da yanımda oturub, hamınıza salamı var. Deyir, soruş gör Nazənin Təranəylə barışıbmı? Özünün xəbəri olmasın, bu cümləni xəlvət yazıram. Bu sualı əllərini bir-birinə sürtərək yaman çoxbilmiş baxışlarla verdi. Olmaya kişinin bildiyi bir şeylər var.
Bir adam sizin dilinizə düşməsin də, düşdüsə, müflis eləməmiş əl çəkmirsiniz. Könül Kərimova şəhərdə yerləşən villasını satışa çıxarıb. Özünün dediyinə görə, səs-küydən əziyyət çəkirlər. Amma nəsə mənə inandırıcı gəlmədi. Bəs indiyə qədər neçə illərdi əziyyət çəkdiyini hiss etmirdimi?
Cavan sənətçilərdən biri müsahibəsində deyib ki, filan qiymətə lüt soyunaram. Şəxsən mən o sənətçini, demək olar ki, lüt görmüşəm... Bax o dəqiqə hərəniz bir yerə yozdunuz, eləmi? Özü fotolarını paylaşırdı, mən də görmüşəm də.
Sevda Yəhyayeva ola bilsin ki, yaxın vaxtlarda ailə qurdu. Barmağında nişan üzüyü görən olub. Təklik pis şeydi, Allah xobəxt eləsin. Neçə illərdi bir igidə könül vermədi, birinin əlindən yapışmadı, elə hey tək gəzdi. Fikir verirəm, təklikdən sınıxıb. Yaş da az deyil - 31. Elə indi tərpənsə, 35 yaşında ailə, uşağı da olar.
Bu xəbərə şəxsən mən çox üzüldüm. İnanıram ki, siz də eyni hissləri yaşayacaqsınız. İyunun 29-da mərhum repçi Hüseyn Dəryanın doğum günü idi. Yaşasaydı, 41 yaşı tamam olacaqdı. Amma demək olar ki, heç yerdə heç bir həmkarının onun haqqında bir cümləsinə rast gəlmədim... Oğlu Cahangirin sosial şəbəkədəki statuslarından savayı. Torpağın üzü soyuqdur... Allah sənə rəhmət eləsin, Hüseyn!
Əməkdar artist Lalə Məmmədova "Çıx yollarıma" adlı mahnısına klip çəkdirib. Mahnıda yol sözü olsa da, klip hovuzda çəkilib. Su da aydınlıqdır. İnanıram ki, yaxşı bir iş alınıb. Lalə xanım elə-belə işə qol qoymaz.
Bu soxhasoxda Rəhim Rəhimli də sevgilisindən ayrılıb. Allah qızın ürəyinə rəhm salsın, nənəm demişkən, yazıq oğlan əriyib çöpə dönəcək.