İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi, itkilərin azaldılması energetiklərin ən mühüm vəzifələrindən biridir. Digər enerji obyektlərində olduğu kimi "Mingəçevir Regional Elektrik Şəbəkəsində (REŞ) də mövsümə hazırlıq məqsədilə müvafiq tədbirlər həyata keçirilir. O cümlədən, tədbirlər planında nəzərdə tutulmuş işlər əsasən yerinə yetirilmiş və yanğın təhlükəsizliyi ilə bağlı bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilmişdir.
"Azərenerji ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Mingəçevir şəhəri, Bərdə, Yevlax, Tərtər, Ağdam, Ucar, Naftalan, Goranboy inzibati ərazilərində yerləşən elektrik verilişi xətlərində (EVX) və yarımstansiyalarında cari ilin son üç ayı ərzində görülmüş cari və əsaslı təmir işləri barəsində Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda belə deyilir.
Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən verilən məlumata görə, həmin bu dövr ərzində "Mingəçevir Regional Elektrik Şəbəkəsinin balans mənsubiyyətinə aid olan 220/110/10 kilovoltluq (kV) "Ağsu yarımstansiyasında 1 saylı 63 MVA gücündə avtotransformator və onun eleqaz açarı təmir edilmişdir. Analoji təmir işləri eyni gərginlikli "Qəbələ, "Ağdaş və digər yarımstansiyalarda da həyata keçirilmişdir. Ümumiyyətlə, bu dövrdə 220 kV-lik 3 ədəd transformator, bir ədəd eleqaz açarı təmir edilmişdir.
"110/35/10 kV-lik "Ağcabədi yarımstansiyasında 35 kV-lik yağ açarı, 3-cü "Ağcabədi hava xəttinin (HX) yağ açarı, 35 kV-lik 1-ci və 2-ci "Ağabəyli HX-lərin eleqaz açarları, 2 saylı transformatorun 10 kV-lik giriş, 10 kV-lik "Təzəkənd və "Rəncbərlər HX-lərinin vakuum açarları da təmir olunmuşdur - deyən mənbə onu da bildirdi ki, həmin bu gövrdə REŞ-in balans mənsubiyyətinə aid olan 110/35/10 kV-lik "Ucar, "Bərdə, "Yevlax, "Şükürbəyli və digər bir neçə yarımstansiyada həyata keçirilmiş təmir işləri çərçivəsində, ümumilikdə 9 transformator, iki yağ açarı, 16 eleqaz açarı təmir edilmişdir.
"Respublikanın enerji sistemi üçün son dərəcə strateji əhəmiyyətə malik olan 1-ci və 2-ci "Abşeron, 1-ci, 2-ci və 6-cı "Mingəçevir və "Qəbələ elektrik verilişi xətləri (EVX) xüsusi diqqət mərkəzindədir - deyən mənbə onu da bildirdi ki, bütün bunlarla yanaşı, həmin bu dövrdə REŞ-in xidməti ərazisində 35 kV-lik 20-dən artıq yağ açarı, yeddi ədəd eleqaz açarı, 10 kV-lik 40-a yaxın yağ açarı, 6-10 kV-lik 25-ə yaxın vakkum açarları təmir edilərək normal iş rejiminə gətirilmişdir. Bütün bunlarla yanaşı həmin bu dövrdə transformatorlarda yağların səviyyəsinin tənzimlənməsi məqsədilə 2,3 tondan artıq transformator yağı işlənilmişdir.
Digər təmir işlərindən danışan mənbə onu da bildirdi ki, fövqəladə hallar nəzərə alınmazsa, müəssisə avadanlıqların texniki göstəriciləri baxımından iqlim şəraitinə tam hazırdır.
"Bunlardan əlavə, xətlərdə baş verən enerji itkisinin qarşısının alınması məqsədilə də müəyyən tədbirlər həyata keçirilmişdir - deyən mənbə yanğın təhlükəsizliyi tədbirləri barəsində də məlumat verdi və bildirdi ki, havaların istiləşməsi ilə əlaqədar olaraq yanğın təhlükəsizliyi tədbirləri daha da gücləndirilmişdir. Belə ki, EVX-lərin mühafizə zonaları və yarımstansiyaların əraziləri quru otlardan, yağ tutumlu avadanlıqların ətrafı çirkli yağ örtüyündən təmizlənmişdir. Eyni zamanda mühafizə avadanlıqlarının nəzarət və ölçü cihazları təftiş edilmiş və aşkar edilmiş qüsurlar aradan qaldırılmışdır.
Sonda onu da qeyd edək ki, həyata keçirilən və nəzərdə tutulmuş tədbirlər planı müntəzəm xarakter daşıyır və bu kimi tədbirlər ölkə enerjisisteminin stabil və dayanıqlı iş rejiminin təmin edilməsində mühüm amillərdəndir.