Elman Rüstəmova sərt ittihamlar
14:36 29-12-2015
CƏMİYYƏT
"Qara bazar"a görə Mərkəzi Bank rəhbəri günahkar elan olundu
Azərbaycan Mərkəzi Bankının dekabrın 21-də manatın sərbəst məzənnəyə keçməsi haqda elanı bəzi işbazlara yaşıl işıq yandırıb. O işbazlara ki, məzənnənin adının sərbəst buraxıldığını eşidib, valyuta qiymətlərinin də sərbəst olduğu qənaətinə gəliblər. Əgər belə olmasaydı, həmin şəxslər hazırda paytaxtın bəzi ərazilərində sərbəst məzənnə ilə, formalaşdırdıqları qiymətlərlə dollar yaxud başqa valyuta alqı satqısı ilə məşqul olmazdılar.
Hazırda paytaxtda əhalinin sıx olduğu yerlərdə, xüsusən 28 May metrostansiyasının çıxışında və Səməd Vurğun parkının ərazisində bəzi şəxslər məhz 1990-cı illərdə olduğu kimi "qara bazar" adlanan qeyri-qanuni valyuta bazarı formalaşdırıblar. Həmin bazarda vətəndaşların əlində olan yerli valyutanı ucuz qiymətə alır, ABŞ pulunu isə dəyərindən çox baha satırlar.
Həmin şəxslər əhali arasında həyacan yaratmağı da bacarıblar. Belə ki, bu adamlar vətəndaşlara yaxınlaşıb onlardan pul dəyişmək istəyib-istəmədiyini soruşurlar. Dollar almaq istəyən vətəndaşlara isə, özlərinin əllərində ABŞ valyutası olmadığını, olsa belə satmayacaqlarını, dekabrın 31-nə qədər isə 2.30 manata qədər yüksələcəyini deyirlər.
Təbii ki, bu da əhali arasında istər-istəməz həyəcan yaradır. Buna görə də, vətəndaşlar hazırda əllərində "qırmızı yüzlüklərlə" dollar axtarışındadır. Bəzi sakinlər isə təki dollar olsun deyə xarici valyutanı 1.80 -1.85 manatdan belə ala biləcəklərini deyirlər. Axı işbazların dediyi kimi, sabah dollar "iki manat" olacaq.
Artıq Azərbaycanda xarici valyutanın qanunsuz mübadiləsini həyata keçirən 3 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov bildirib ki, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə müşayiət olunan bu cür hərəkətlərin qarşısının alınması sahəsində əlavə tədbirlərə dair xüsusi göstəriş imzalanıb.
Həmin göstərişdə Mərkəzi Bankın İdarə Heyətinin 28 iyun 2006-cı il tarixli Qərarı ilə təsdiq edilmiş "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması qaydaları"nın tələblərini pozmaqla, müvafiq icazəsi olmadan qanunsuz fəaliyyət göstərən mübadilə yerlərinin aşkarlanması məqsədilə aidiyyəti qurumlarla birgə qanunvericiliyə əsasən, operativ tədbirlərin, o cümlədən valyuta tənzimi haqqında mövcud qanunvericiliyi pozmaqla, valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılmasını və ya dəyişdirilməsini həyata keçirən şəxslərin müəyyənləşdirilərək, barələrində İnzibati Xətalar Məcəlləsinin 222.1-ci maddəsinə uyğun olaraq (inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 faizindən 70 faizinədək miqdarda cərimə), müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur: "Artıq göstərişin tələblərinə uyğun olaraq, polis əməkdaşları tərəfindən xarici valyutanın qanunsuz mübadiləsini həyata keçirilməsinə qarşı tədbirlərə başlanılıb və bu işlə məşğul olan 3 nəfər saxlanılıb. Eyni zamanda, vətəndaşların nəzərinə çatdırmaq istərdik ki, göstərilən istiqamətdə tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək".
Ekspert Əkrəm Həsənovun sözlərinə görə isə, mövcud problemlərin əsas günahkarı məhz Mərkəzi Bankdır. O, iki əsas funksiyasını yerinə yetirə bilməyib: "Onun iki funksiyası var: pul siyasəti, yəni qiymətlərin sabitliyinin təminatı və bank nəzarəti. Devalvasiya və tüğyan edən inflyasiya göstərir ki, birinci funksiyasını çox pis həyata keçirir. Bankların özbaşınalığı, Beynəlxalq Bankdakı biabırçılıqlar isə sübut edir ki, Mərkəzi Bank banklara nəzarət vəzifəsini çox bərbad icra edir. İllər boyu müstəqil statusundan sui-istifadə edərək, hətta Hesablama Palatası tərəfindən də yoxlanılmayan Mərkəzi Bankın mövcud rəhbərliyi xalqın gözündən pərdə asaraq, hamını vəzifələrini yaxşı həyata keçirdiyinə inandırmışdı. Bəli, devalvasiya qaçılmaz idi və ilk növbədə dünyada gedən proseslərin nəticəsi idi. Cari ildə əksər ölkələrdə devalvasiya olub. Lakin heç yerdə Azərbaycandakı kimi ağır nəticələrə gətirməyib. Çünki heç yerdə əhalinin və sahibkarların kütləvi şəkildə dollarla kreditləşdirilməsinə yol verilmir. Bizdə buna Elman Rüstəmov imkan yaradıb".
Ekspert dollar kreditlərindən danışaraq, bu mövzuda fikirlərini bölüşüb: "Dollar krediti olmayan ailə tapmaq çətindir. Bunun nəticəsində sosial gərginlik yaranıb. Əhali narazıdır. Narazı vətəndaşlarımız bəlasının əsas baiskarını tanımalıdır. Bu, Elman Rüstəmovdur. Həmin Elman Rüstəmov banklarla əlbir olaraq indi də əhaliyə və sahibkarlara faktiki olaraq deyir ki, canınız çıxsın, borcunuzu ödəyin, qanunlar sizin əleyhinizədir, məhkəmələr əleyhinizə qərarlar çıxaracaq. Başqa sözlə, dövlətimizə, onun hakimiyyət qollarına inamsızlıq hissi yaratmağa çalışırlar. İmkanı olan borcunu mütləq ödəməlidir, lakin qanun çərçivəsində. Qanun isə deyir ki, faizlər ildə bir dəfə tutulmalıdır, kredit ödənişindən ilk növbədə cərimə tutula bilməz, vəziyyət əhəmiyyətli dərəcədə dəyişdikdə kredit müqaviləsinə dəyişiklik edilə bilər, o cümlədən kreditin valyutası manata çevrilə bilər. Qanun deyir ki, vətəndaşın imkanı yoxdursa, o, krediti ödəmir, vətəndaşın yaşayış minimumu toxunulmazdır. Lakin banklar bunun əksini deyir və edir. Banklarla problemi olan vətəndaşlar birləşərək məhkəməyə üz tutmalı və qanunvericilik çərçivəsində haqlarını tələb etməlidirlər. Banklar isə əhalini məhkəmələrlə qorxudur. Mən deyirəm ki, məhkəmələr insanlarımızı müdafiə edəcək, banklar isə hamını inandırmağa çalışır ki, qərarlar həmişə bankların xeyrinə olacaq".
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00
2024-11-28 10:09:32
2024-11-28 10:01:59
2024-11-28 09:26:42
2024-11-28 09:17:57
2024-11-28 09:12:42
2024-11-28 08:47:35
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00