Məmurların 2016-cı il üçün əsas borcu
14:37 29-12-2015
CƏMİYYƏT
Azərbaycanı düşdüyü problemdən xilas etməyin bir yolu var
Ötməkdə olan 2015-ci il Azərbaycanda Böyük Devalvasiya ili kimi yadda qaldı. İlin əvvəli ilə müqayisədə iki mərhələdə 99% devalvasiyaya uğramış manat azərbaycanlıları 20 il əvvəlin narahat günlərinə qaytardı. ABŞ dollarının yanvarda 78 qəpiyə bərabər olmuş rəsmi məzənnəsi dekabrda 1,56 qəpiyə çatdı.
Hər şey ilin əvvəlindən başladı. Ölkədə həm yüksək çinli məmurlar, həm də ekspertlər səviyyəsində manatın devalvasiyasından danışılmağa başlanmışdı. Adətən, hansısa ekspert manatın devalvasiyasının vacibliyindən bəhs edirdi. Daha sonra hansısa yüksək çinli məmur çıxaraq bunu təkzib edir, Azərbaycan manatının çox güclü olduğunu bildirirdi və s.
Ekspertləri bu cür danışmağa vadar edən Azərbaycan Mərkəzi Bankının strateji valyuta ehtiytlarının azalması idi. Məsələ bunda idi ki, son illərdə ilk dəfə olaraq 2014-cü ilin dekabrında AMB-nin ehtiyatları azalmağa başlamışdı. AMB-nin strateji valyuta ehtiyatları 2014-cü ilin dekabrında 1,2 milyard dollar və 2015-ci ilin yanvarında orta hesabla hər ay 1,1 milyard dollar azalaraq 12,7 milyard dollara düşdü. Fevralda manata təzyiq daha da artdı və sonradan məlum oldu ki, 28 günlük bu kiçik ayda AMB-nin ehtiyatları 1,7 milyard dollara qədər azalıb və martın əvvəlində AMB-nin ehtiyatları cəmi 11 milyard dollar qalıb.
Beləliklə, AMB 2015-ci il fevralın 21-də manatın dollar qarşılığında məzənnəsinin ucuzlaşdırılmasına qərar verdi. Martın 20-də rəsmi məzənnəsi 0,78 manata bərabər olan dollar AMB-nin qərarı ilə fevralın 21-dən 1,05 manata satılmağa başladı. Bu, faktiki olaraq 34,5%-lik devalvasiya demək idi. Uyğun olaraq, həmin gün məzənnəsi 0,89 manata bərabər olan avro da kəskin bahalaşaraq 1,19 manata satılmağa başladı.
Təbii ki, bu bazarlara təsir elədi. İlkin təsir altında dükan və mağazalarda, əmlak bazarında manat ifadəsi ilə qiymətlər qalxdı.Lakin həm inzibati amillər, həm də potensial alıcı kütləsində müşahidə edilən ehtiyat tələbi azaltdı. Əhali vəsaitə qənaət etməyə üstünük verdi. Bu kütləvi istehlak malları bazarında inflyasiyanı cilovlamaqla yanaşı, əmlak bazarında ucuzlaşma ilə nəticələndi.
Avqust ayından başlayaraq dünya bazarında neft ucuzlaşmağa başladı və sentyabrın sonlarına yaxın 40 dollara yaxınlaşdı. Bu, neft qiymətlərinin qalxacağına Azərbaycanda olan inamı yox etdi. Nəticədə, əhali və iş adamları yenidən manatı dollara çevirməyə başladı. Avqustda AMB-nin strateji ehtiyatları 1,2 milyard dollar azalaraq sentyabrın əvvəlinə 7,3 milyard dollara düşdü.
Oktyabrın 17-də ölkə başçısının əmri ilə işdən azad edilmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsini devalvasiya ilə bağlı itirməsi barədə də söz-söhbətlər yayılmağa başladı. Onun qudası, Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri, mart ayında vəzifəsindən istefa vermiş Cahangir Hacıyevlə birlikdə 10 milyarda yaxın manatı dollara çevirərək ölkədən çıxarması barədə söhbətlər yayılmağa başladı. İş adamlarına girov təminatı olmadan milyardlarla manat kredit vermiş bankir dekabrın əvvəlində dələduzluq ittihamı ilə həbs edildi. 2015-ci ilin ortalarında mütəmadi olaraq MTN-ə çağrılan iş adamları sonradan onlara işgəncələr verilməsindən, onlardan külli miqdarda rüşvət tələb edilməsindən şikayət etməyə başladılar.
Noyabrın 12-də eyni hadisələr fonunda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov da vəzifəsini itirdi. Nazirin işdən çıxarılması Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir neçə yüksək vəzifəli məmurunun MTN işi ilə bağlı həbs edilməsindən sonra başladı. Tutulanlar arasında Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynov, Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin (BƏHM) direktoru Cəlil Cəfərov, "Azərpoçt" MMC-nin baş direktoru Qəmbər Bəybalayev, Mühafizə İdarəsinin rəis müavini Vəli Mahmudov, "Aztelekom" İstehsalat Birliyinin baş mühasibi Oqtay Rüstəmov və s. vardı. Rabitə Nazirliyinin yüksək çinli məmurları MTN-in gizli dinləmələrə məsul Monitorinq Mərkəzinin sabiq rəisi general-mayor Teymur Quliyevin həbsindən sonra tutuldular. Onlar iş adamlarını və siyasətçiləri qanundan kənar dinləməkdə günahlandırılırdılar.
Buna paralel olaraq dünya bazarında neftin qiyməti ucuzlaşmaqda davam edirdi. Dekabrın əvvəlində Brent neftin qiyməti 2008-ci ildən bu yana ilk dəfə olaraq 38 dollarlıq baryerdən aşağı düşdü. Neft daha sonra da ucuzlaşmağa başladı və dekabrın 12-də 36,12 dollar/barrel səviyyəsinə endi. Bu vəziyyət OPEK-in hasilatı azaltmaqdan vaz keçməsi və ABŞ-ın xaricə neft ixracına qadağanı götürməsi nəticəsində baş verdi.
Bu xəbərlərin fonunda əhali manatı dollara çevirməyi davam etdirdi. Nəticədə, AMB-nin strateji valyuta ehtiyatları getdikcə azaldı və dekabrın əvvəlinə 6,2 milyard dollara düşdü. Rusiyada rublun yenidən ucuzlaşması manata təzyiqləri daha da artırdı və dekabrda Azərbaycanın valyutadəyişmə məntəqələrində yeni dollar ajiotajı başladı.
Artıq vəziyyyət hər kəsə aydın idi. Buna görə də, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul etməsi elə də təşviş doğurmadı. Həmin gün ABŞ dollarının məzənnəsi kəskin - 50 qəpik və yaxud 47,63% bahalaşaraq 1,5500 manata qalxdı. Avro isə 0,55 manat yaxud 47,88% bahalaşaraq 1,6850 manat oldu.
İndi Azərbaycanda hər kəs təkrar devalvasiya gözləyir. Çünki neftin barrelinin 20 dollara qədər ucuzlaşacağı barədə proqnozlar var. Yaranmış durum manata təzyiqin bundan sonra da davam edəcəyini, əhalinin bərayi-ehtiyat hətta aldığı maaşı belə dərhal dollara çevirərək saxlayacağı güman edilir.
Azərbaycanı bu problemdən xilas etməyin bir yolu var - milyardlıq sərmayələri elə də güclü ehtiyacın duyulmadığı körpü-keçid, yol-park layihələrinə yatırıb ölü kapitala çevirməkdənsə, manipulyativ effekt verən və yatırılmış pulları geri qaytaran kənd təsərrüfatı, toxuculuq və yeyinti sənayelərinə yönəltmək daha məsləhət olardı. Bu, həm yüz minlərlə iş yeri açmaqla yanaşı, idxalı əvəz edən məhsul istehsalına da təkan verərdi. Nəticədə, manata təzyiqlər azalardı və Azərbaycan xalqı devalvasiya təşvişi içində vurnuxmazdı. Vəssalam...
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00
2024-11-28 10:09:32
2024-11-28 10:01:59
2024-11-28 09:26:42
2024-11-28 09:17:57
2024-11-28 09:12:42
2024-11-28 08:47:35
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00