Xəbər verildiyi kimi, Ermənistan prezidenti Serj Sarkisyan orduda yeni yerdəyişmələr həyata keçirib. Bu, aprel döyüşlərindən sonra Ermənistan silahlı qüvvələrində başladılan cəzalandırma və yerdəyişmə kampaniyasının davamıdır. Sarkisyanın sərəncamı ilə Ermənistan silahlı qüvvələrinin beş ordu korpusundan üçünün komandirləri dəyişib. 2-ci ordu korpusunun komandiri, general-mayor Poqos Poqosyan Müdafiə Nazirliyi Silahlanma İdarəsinin rəisi təyin olunub.

S.Sarkisyanın başqa bir sərəncamı ilə 3-cü ordu korpusunun komandiri, general-mayor Onik Qasparyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini təyin olunub. Ermənistan prezidenti 4-cü ordu korpusunun komandiri, general-mayor Andranik Markaryanın da yerini dəyişib. Bundan sonra o, Ermənistan-Rusiya Birləşmiş Hərbi Qrupuna komandanlıq edəcək.

Sərkisyanın əmri ilə həmin ordu korpuslarına yeni komandirlər təyin olunub. Virtualaz.org "Azadlıq" radiosunun erməni xidmətinə istinadən xəbər verir ki, Silahlı Qüvvələrin Baş qərargah rəisi, general-polkovnik Yuri Xaçaturovun oğlu, polkovnik Qriqori Xaçaturov 3-cü ordu korpusunun komandiri təyin edilib.

3-cü ordu korpusunun qərargahı Vanadzor şəhərində yerləşir. Ermənistan ordusunun ən iri birləşməsidir. Tərkibinə 4 motoatıcı polk, tank, rabitə, material-texniki təchizat və kəşfiyyat batalyonları, reaktiv yaylım atəşi və artilleriya divizionları daxildir. Bunlardan 3-cü motoatıcı polk Vanadzor şəhərində, 246-cı motoatıcı polk Azərbaycanla sərhəd İcevan şəhərində, 543-cü motoatıcı polk yenə Azərbaycanla sərhəddə yerləşən Noyemberyanda, 549-cu polk isə Çəmbərəkdə (Azərbaycanın Gədəbəy rayonu ilə sərhəd) dislokasiya olunub.



Sarkisyanın digər sərəncamı ilə polkovnik David Manukyan 2-ci ordu korpusuna komandir təyin edilib. Ermənistan Silahlı Qüvvələrinin 2-ci ordu korpusu Azərbaycanla sərhəd Sünik vilayətinin Karçaxpur bölgəsində dislokasiya olunub. Korpusun tərkibində 555-ci motoatıcı polk, tank və kəşfiyyat batalyonları, artilleriya divizionu yerləşir. 555-ci polk Azərbaycanın işğal altındakı Kəlbəcər rayonuna, Zod aşırımına nəzarət edir.

Ermənistan Silahlı Qüvvələrinin 4-cü ordu korpusunun yeni komandiri polkovnik Valerik Köçəryandır. 4-cü korpus İrəvandan 119 km məsafədə, Yexidnadzorda yerləşir, tərkibində 527-ci motoatıcı polk (Vaikdə dislokasiya olunub), özüyeriyən artilleriya diviziyonu və rabitə batalyonu var.

Xatırladaq ki, aprel döyüşlərindən sonra Sərkisyan Müdafiə Nazirliyinin 4 generalını işdən qovub onlardan ikisi həbs olunub. Habelə qondarma "DQR"in silahlı birləşmələrinin Ağdərədə, Mataqisdə dislokasiya olunmuş polkunun komandiri, polkovnik Arutyun Əmirxanyan aprel döyüşləri zamanı aradan çıxdığına və ancaq döyüşlər başa çatandan sonra üzə çıxmasına görə vəzifəsindən azad edilib.

Polkovnik Əmirxanyan general Yuri Xaçaturovun qohumudur. Ermənistan mətbuatı baş qərargah rəisinin özünün də cəzalandırılacağını yazırdı. Bildirilirdi ki, döyüşlər başlayanda Xaçaturov İrəvandakı istirahət mərkəzlərindən birində bilyard oynayırmış. Digər məlumata görə, Xaçaturovun Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyu cəmləşdirilməsindən xəbəri olub, ancaq Sərkisyanı bu barədə xəbərdar etməyib.

Bununla belə general Xaçaturovun oğlunun Ermənistan ordusunun Azərbaycanın Qazax, Tovuz, Gədəbəy istiqamətlərinə cavabdeh olan ən iri korpusuna komandir təyin edilməsi baş qərargah rəisinin işdən azad ediləcəyi haqda gözləntilərin özünü doğrultmadığını göstərir. Xaçaturov Moskvanın adamı hesab edilir və Sərkisyan onu icazəsiz işdən azad edə bilməzdi...