Qızılın dünya bazar qiymətində bahalaşma davam etməkdədir. Son 2 ilin rekorduna imza atan qiymətli metalda axırıncı 1 ildə 17, son 6 ayda isə 24 faiz qiymət artımı qeydə alınıb.
Unikal.org azvision.az-a istinadən bildirir ki, bu barədə iqtisadçı Vüqar Bayramov məlumat paylaşıb. Ekspert bildirib ki, qızıl son bir ayı 7 faiz artımla başa vurub:
"Artıq qızılın 1 qramı 44 dollara təklif edilməkdədir. Bir müddət öncə, ABŞ-ın aparıcı milyarderlərindən olan Corc Sorusun qızıl bazarına böyük məbləğdə sərmayə yönəltdiyini qeyd etmişdik. Elə o zaman qızılın qiymətinin yüksələcəyini proqnozlaşdırmışdıq. Bu artımlar artıq müşahidə edilməkdədir. Qızıl bazarına yönəldilən sərmayələr qiymətli metala tələbi artırıb. Eyni zamanda, qlobal neft və valyuta bazarlarındakı qeyri-müəyyənlik investorların qızıla marağının artmasına səbəb olub. Nəticədə bu özünü dünya bazarında qızılın qiymətində artımlarda göstərməkdədir. Təbii ki, milyarder Corc Sorusun sözügedən bazara geniş məbləğdə sərmayə etdiyindən spekulyativ davranışların olması da istisna edilmir".
V.Bayramov qeyd edib ki, Azərbaycanın qızıl bazarına qlobal qiymət artımları təsir göstərməkdədir: "Eyni zamanda güman olunur ki, növbəti dövrdə qiymət artımları daha çox hiss ediləcək. Bir tərəfdən Ramazan ayı başa çatdığı üçün yerli bazarda qızıla tələb yüksəlib, digət tərəfdən isə idxal edilən xam qızılın xərci artıb. Qızıl bazarındakı tələbin əsasən idxal hesabına ödənildiyini nəzərə aldıqda dünya bazarında qiymət artımları davam edəcəyi halda qiymət artımlarının olacağı qaçılmazdır".