Xəbər verdiyimiz kimi, 
Türkiyə Hərbi Hava Qüvvələrinin sabiq komandanı Akın Öztürk hərbi çevrilişə cəhddə günahlandırılaraq həbs olunub.

Unikal.org sabiq komandanın Azərbaycana səfəri ilə bağlı bir sıra məqamları ortalığa çıxarıb. 
Belə ki,  Akın Öztürk Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı olduğu dövürlərdən indiyənədək bir dəfə Azərbaycanda səfərdə olub. Onun səfəri ötən ilin mart ayının 4-də reallaşıb. 

Səfər zamanı  Akın Öztürk Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşüb. 

Ordu generalı A.Öztürk də dövlətlərimizin əlaqələrinin qədim tarixi köklərə, mehriban dostluq münasibətlərinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.

Sonra Azərbaycan-Türkiyə hərbi əlaqələri və qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


Türkiyə Respublikası Hərbi Hava Qüvvələri Komandanı, ordu generalı Akın Öztürk ölkəmizə səfəri çərçivəsində Azərbaycanın hərbi aerodromlarında olub. Qonağı Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov qarşılayıb. 

Qonağa hərbi obyektlərdə aviasiya vasitələrinin istifadə imkanları və tapşırıqları, aerodromların texniki təminatı və ümumi vəziyyəti, o cümlədən ərazidəki infrastruktura dair məlumat verilib.

Azərbaycan Hərbi Hava Qüvvələri ilə yaxından tanış olan ordu generalı A.Öztürk uçuş və texniki heyətin təlim-döyüş hazırlığını və bacarığını yüksək qiymətləndirib.

O, Azərbaycanlı həmkarı Ramiz Tahirovla Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin Konyada keçirilən "TurAz Şahini 2015 birgə təlimlərini də izləyib.