"Yarımçıq 4 kitabım var

- Bayaq bura gəlməmiş internetdə belə bir xəbərlə rastlaşdım: Səhv etmirəmsə Kanada alimlərinin çıxardığı nəticəydi. 50 yaşında insanlar özlərini 25 yaşındakılardan daha qıvraq və daha razı hiss edirlər. Sizdə necədir?
- Düzü, yaşın 50 olduğunu hiss eləmirəm. Əksinə, hesab edirəm ki, enerjimin ən yüksək dövründəyəm. Yəqin bilirsiz, Azərbaycanda 50 yaşla bağlı bir "Məşədi İbad sindromu var. (Gülür). Mən o fərqi hiss etmirəm ki, 50 yaşına çatmışam və artıq yaşlanmışam. Nə işimdə, nə həyatımda, nə psixologiyamda, nə düşüncəmdə. Şükürlər olsun! Sadəcə o rəqəmin özü diskomfort yaradır. 50 yaşa çatanda çox vaxt ömrün yarısı getdi deyirlər. Rəqəmin özünün yaratdığı asossiayasadan başqa bu 50 yaşın özü də artıq nəsə deməkdir. Yoxsa, başqa bir diskomfort durum yoxdur. Sadəcə, bura necə gəlib çıxdım, o mənim üçün qəribədir. Çox sürətlə oldu. Bilmədən, duymadan, hiss etmədən, biz də gördük ki, yarım əsr yaşamışıq və artıq 50 ili yekunlaşdırmışıq.

- Sovet vaxtı belə bir şüar var idi: "Lenin deyiləndə partiya, partiya deyiləndə Lenin yada düşür. "Yeni Müsavat deyəndə Rauf Arifoğlu, Rauf Arifoğlu da deyəndə "Yeni Müsavat yada düşür. Bu imicin nə vaxtsa zədələnməsi qorxusu varmı sizdə?
- Qorxu yox, düzünü desəm, arzudur mənim üçün. Çoxlu materiallar toplanıb qalıb. Yarımçıq dörd kitabım var. Onları ərsəyə gətirmək üçün mən gündəlik işdən, xəbər axınından kənarda olmalıyam. Oturub rahat bir yerdə onları tamamlamalıyam.
- Onlar avtobioqrafik kitablardır?
- Yaxın tariximizə aid sənədli, həm də avtobioqrafik xarakterli kitablardır. Biri həbsxanada yazdığım gündəliklərdir. Onu tamamlamalı, yekunlaşdırmalıyam. Haqqında danışdığım kitablar isə 1988-ci ildən bəri "Yeni Müsavatın tarixi və onunla paralel cərəyan edən hadisələrdən bəhs edir. Kitablardan biri də bədii əsərdir.



- Mənim yadıma gəlir ki, o vaxtlar siz hər gün - bəlkə elə indi də- köməkçinizə "Yeni Müsavat qəzetinin gündəlik saylarının bəzi hissələrinin sürətini çıxardırdız. Həmişə maraqlı gəlirdi, neynirdiz bunları?
- O materiallar təkcə mənə görə yox, gerçəklikləri, həqiqəti bilmək üçün bu nəslə vacibdir. Gələcək alimlərə, tədqiqatçılara lazımdır: tədqiq edəcəklər bu dövrü. Eləcə də jurnalistlərə, tarixçilərə.
- Bezməmisiz bəy. Nə vaxtsa, "lənətə gəlsin bu işi dediyiniz olubmu?
- Yox, yox. Əvvəla o kritik, çətin anlarda, həbsxana dövründə belə qəzetin vacibliyini daha çox anlamışam. Onun yaşamını davam etdirməsi üçün mümkün olan hər şeyi etmişəm. Media qurucusu olmağın Azərbaycanda da, dünyada da çox çətin olduğunu gördüm, yaşadım. Ümumiyyətlə, qurucu olmaq, kiçik bir işin başında olmaq belə çətindir. "Yeni Müsavatı, adında da siyasi ideologiya olan qəzeti isə Azərbaycan oxucusu sırasında, informasiya bazarında öncül yerə gətirmək son dərəcə ağır bir işdir. Qəzeti tək bir adam çıxartmır. Qəzet kollektiv əməyin məhsuludur. Amma həmişə onun məsuliyyətini bir adam daşıyır. Bu qəzetin də başında mən olmuşam. O cür anlarda belə heç vaxt peşman olmamışam. "Yeni Müsavat mənim həyat tərzim olub, o cür yaşamışam.

- "Yeni Müsavat brenddir?
- Yəqin ki elədir...
- "Yeni Müsavat adında qəzet və sayt var. Amma televiziyası yoxdur. Başqa nələr edə bilərdiniz "Yeni Müsavat adına?
- Çox şeylər edə bilərdim. Holdinq açardım. Ancaq adı "Yeni Müsavat olmadan. Çünki adında partiyanın, bir ideoloji sistemin nişanəsi var. Zamanında televiziya və radionu da düşünmüşdüm. Sadəcə, Azərbaycanda siyasi ortam buna imkan vermədi. Üstündən zaman keçdikdən sonra isə əldə qalanı qorumağı düşündüm. Media tarixini araşdıranlar bilir ki, mən bir neçə dəfə media quruluşçu olmuşam. Həm rus dilində, həm də Azərbaycan dilində "Dünya jurnalı, "Yeni Turan, "Cümhuriyyət qəzetlərinin əsasını qoymuşam. Bundan başqa da bir neçə yerdə çalışmışam. Bunların hamısını saxlamaq çətin idi. Bir neçə vaxt keçəndən sonra hansı adı qoruyum, hansını saxlayım deyə düşündüm. Və "Yeni Müsavatla davam elədim. Peşman da deyiləm.

- Bir dəfə biri dedyi ki, Rauf Arifoğlu "Yeni Müsavatı kənara qoyub, məsələn, «alışqan»adlı qəzet də çıxarsa qısa zamanda azı 5 min tirajı yığacaq.
- Sizə bir maraqlı məqamı deyim. Biz bir minval.az saytı yaratdıq, rus dilində. Cəmi 4 nəfər işləyir o saytı. Rusdilli oxucu mühitində babat oxucu kütləsi var. 20 mindən artıq unikal İP-si var. Bu layihəmiz, hesab edirəm ki, uğurlu alındı. Ancaq yeni bir media qurumu yaradıb ona yüksək tiraj vermək işin ən elementar tərəfidir. Artqı dünya çapında bir media qurumu yaratmaq lazımdır. Azərbaycan elə yerdir ki, burda yayın edən mətbu orqanlar daha artıq tirajla çap oluna bilər. Niyə? Güney Azərbaycan var. Bizim oxucunun potensialı düşündüyümüzdən də qat-qat çoxdur. 10 milyon quzeyli, güneyli azərbaycanlı mühacirətdədir. Onların öz Bakısı, Təbrizi, Zəncanı, Ərdəbili haqqında məlumat əldə etmək ehtiyacı var. Həm də Azərbaycandakı yayın orqanlarının rus dili mühitə təsir etmək imkanları son dərəcədə genişdir. Bütün bunların həll olunması üçün böyük sərmayə lazımdır. Biz müəyyən istedad və maddi ehtiyatla bura qədər öz gücümüzlə gəlib çıxa bilmişik. Yeni və böyük layihələr üçün böyük maliyyə lazımdır. Biz düşünmüşdük ki, reklam bazarı olacaq və bizə də o reklam bazarından ən böyük pay düşəcək. Ancaq təəssüf ki, Azərbaycanda reklam bazarı yoxdur.



- Qəzetin 9-cu səhifəsi üçün darıxmırsınız ki? Mütəmadi yazırdınız...

- Vaxtı ilə mətbuata yazaraq xidmət göstərirdim, indi isə yazmayaraq. Bu mənim köşə istiqamətində cavabım. Ancaq ümumi yazmaq məsələsinə qalanda, əvvələ nisbətən, indi daha çox yazıb, daha çox işləyirəm. Köşə adamı məşhur edir, mən dediyim menecerlik və baş redaktorluq mövqeyi isə qəzeti məşhurlaşdırır. Demək istədiyim odur ki, 3 manşetdən birində mənim xidmətim var. Gün ərzində də saytda 10-12 manşet gedir.
- Bu güc hardan gəlir? İnersiyadır?
- 27 ildir mətbuatdayıq. Əslində, bu zamandan, təcrübədən gələn bir şeydir. Bir təcrübəni bölüşüm. 1999-cu ildə bizi NATO kurslarına aparmışdılar. Orda bizə bilirsiniz nə öyrədirdilər? Fövqəladə vəziyyətlərdə qəzet çıxartmaq. Mən dedim ki, uşaqlar, elə hesab edin ki, bu gün biz bu kursu bitirmişik, çünki biz bunun mütəxəssisiyik. Heç kim bizə burda bir şey öyrədə bilməz. Əksinə biz NATO-nun təhsil bazasına nələrsə verə bilərik, biz nələrsə öyrədə bilərik bunlara. Ekstremal vəziyyətdə qəzet necə buraxılır biz bilirik. Sovet vaxtı KQB-nin nəzarət etdiyi bir vaxtda Azərbaycanda milli qəzet buraxa bilmişik. Bizim kurslara getmək, öyrənmək dövrümüz deyil artıq. Bizdən öyrənmə və oxuma dövrüdür. Bunu da biz keçdiyimiz zamana borcluyuq. Əziyyət çəkib işləmişik, səhvlərimizdən acı nəticələr çıxarıb öyrənmişik.

- Sırf peşəkar kimi sizin özünüz qəzetdən razısınız?
- Qəzetdən də, saytdan da gileylənirlər, ancaq oxuyurlar. Bu bizim uğurumuzdur. Ölkədə yeganə redaktoram ki, haqqımda bu qədər danışılır. Nə eləsəm, danışırlar. Bu çox yaxşı bir şeydir. Əvvəla mənim buna immunitetim var, ikincisi də mən bunu istəyirəm. Məni həm öymək, həm söymək rəhbərlik etdiyim media qurumunun tirajına görədir. O qədər media qurumları, redaktorlar var, ancaq onların nə yazmalarının önəmi yoxdur. Ancaq bizim yazılarımız, davranışlarımız müzakirə olunursa və insanlar bəzən məni, qəzeti müzakirə edə-edə yazılarımızı oxuyursa, oxumaq məcburiyyətində qalırsa, bu bizim uğurumuzdur. Haqqında söz etdirmək özü bir texnikadır. Biz bunu yüksək səviyyədə bacarırıq. Zamanında ən müxtəlif iddialarla tənqid, təhlil olunmuşam. Mənə bir zamanlar müxalifət camiəsi prezidentə "prezident yazdığım üçün amansız tənqid edib. Onlar deyirdi ki, ona prezident yazma. Bir müddət sonra prezidentə "hörmətli prezident yazdığım üçün tənqid olunmuşam. Biz Türkiyədəki "sayın cumhurbaşkanım etiketini gətirmək istəyirdik. Daha sonra isə başqa rəsmi nümayəndələrinin xəbərini verdiyimiz üçün tənqid olunduq. Biri qəzeti oxuyub ruhlanmaq istəyir, başqa birisi tənqid eləməməyimizi istəyir. Bu qəzetçiliyin taleyidir. Bizi Amerikada da, Azərbaycanda da sevmirlər, amma Amerikada daha çox dözürlər, Azərbaycanda daha az. Lakin bizi tənqid edən adamlara təşəkkür edirəm ki, bizi tənqid edirlər, buna zaman ayırırlar. Bəzən yazdıqlarımızı paylaşırlar. Çox sağ olsunlar. Bundan gözəl nə ola bilər ki?

- Bu qədər il keçib. "Yeni Müsavatın ən qızıl dövrü hansıdır sizcə?
- İndi.
- Niyə?
- Əvvəla indi lider olmaq çox çətindir. Mən fəxr edirəm ki, yeni nəslin də işləyə biləcəyi bir yer yaratdıq. Ancaq "Yeni Müsavatın Azərbaycan tarixində və oxucusunda dərin izlər buraxdığı illər senzuradan sonrakı illər olub. Bu oxucunun gözündə belədir. Ancaq bir peşəkar və menecer kimi mənim nəzərimdə qızıl dövrü indidir. Əvvəl kağız versiyamız var idi, 30 min oxunurdu. İndi bir yazımızı 50 min, 60 min oxuyan var. Unikal İP-imiz 60-120 min civarındadır. Bu 300-400 min tiraj deməkdir, bu 700 min səhifələnmə deməkdir. Bu Azərbaycan sınırlarından kənara çıxmaq deməkdir. Biz özümüzün xəbəri olmadan çox böyümüşük, kommunikasiya və texnologiya nöqteyi-nəzərindən. Kağız versiyamız artıq o qədər də maraqlı gəlmir bizə. Sadəcə keçmişin nostaljisi kimi qalıb. İndiki dövrü ona görə güclü dövr hesab edirəm ki, bu saat xəbər agentlikləri var, xəbər yarışında zaman məsələsi var və ən əsası ən böyük rəqibimiz olan sosial şəbəkələr var. İndi xəbərdə fərqlənmək çox çətindir. Bu baxımından mən indiki dövrü, Azərbaycan miqyasında qızıl dövr hesab edirəm.

- Müstəqillikdən sonrakı mətubatda iki məktəb olub: Nəcəf Nəcəfov və Mehman Cavadoğlu məktəbi. Bəzən 3-cü bir məktəb kimi "Yeni Müsavat məktəbinin də adı çəkilir. Necə deyirlər, üçüncü jurnalistika məktəbi kimi-¦
- Bu məktəbin ən əsas özəlliyi bura gələnlərə yaradıcılıq azadlığının verilməsi olub. Eyni zamanda da çalışmışıq ki, digər qəzetlərdə olmayan güclü və sistemli işləyə bilən redaktor korpusu olsun. Bura gələnlər sadəcə yazıblar və yazmağı öyrəniblər. Bizdəki ritm bura gələnlərin sonrakı həyatına da təsir edib. "Yeni Müsavata qədər Azərbaycanda gündəlik yazmaq ənənəsi olmayıb. Bir insanın hər gün köşə yazması mümkünsüz görünürdü. Bir siyasətçi vardı, onun həm də yazı qabiliyyəti yaxşı idi. Deyirdi ki, ayda maksimum iki yaxşı köşə yazmaq olar. O inanmırdı ki, bu köşələri bir adam yazıb. Biz o ənənəni gətirdik və müxbir kimi, reportyor kimi sınaqlardan keçənlər indi ölkənin ən populyar köşə yazarlarıdır. Mənim fəxr etdiyim tərəf odur ki, burdan çıxanlar Azərbaycan mediasının sütunlarıdır, fərqlənənləridir və hamıdan yaxşı performans göstərirlər. Bunu görüb kənardan məktəb yaratdığımızı deyirlər. Ancaq halbuki elə bir şey yoxdur. Allah qoysa, nə vaxtsa bir tədris proqramı açıb gənc jurnalistləri yetişdirməyə çalışarıq. İndi isə məktəb söhbəti yoxdur. Buraya gələnlər bizim sistemimizə uymaq məcburiyyətindədirlər. Əgər onlar bu sistemə, ritmə uya bilirlərsə, bunu öz həyatlarının ritminə çevirib uğur qazana bilirlər.

- "Yeni Müsavatdan onlarla işçi çıxıb. Hansısa bir işçinizin geri qayıtmağını istəmisiniz?
- Geri qayıtmağını istədiyim çox olub, keşkə gələydi və birgə olaydıq yenə də.
- İstəməzsiniz, ayın 22-si, mətubat günündə köhnə işçilərinizi yığıb deyəsiniz ki, qəzeti çıxarın?
- Mən ayın 24-də bütün köhnə işçilərimi dəvət edəcəm yubileyimə, ad günümə. Bu həm də onların tədbiridir. Gəlsinlər, istedadlarını orda göstərsinlər.

- Amma qəzeti verməzsiniz...
- Əslində çox yaxşı ideyadır. Təkcə həmin sayda gedəcək fotolar belə tarixi əhəmiyyətli olardı.
- Qızınız Aytən də jurnalistdir...
- Uşaqlarımın ikisində hiss etdim ki, yazarlıq qabiliyyəti var, oğlum Ərhunda və qızım Aytəndə. Aytən mənə həbsxanada olanda məktublar yazırdı. Mənə yazdığı məktublardan Aytəni kəşf etmişəm. O zamandan bildim ki. bu jurnalist olacaq. Daha doğrusu, o zamandan hiss elədim ki, yazıçı olacaq. APA Holdingdə işləyən Aytənin indi cari işi fotorepartyorluqdur, xəbərin, olayın içində olmaqdır. Çırpınır ki, səs gətirən reportajlar işləsin. Amma ona Allahın verdiyi istedad yazıçılıq, ssenaristlikdir. O, beynində istənilən hadisənin süjetini qura bilir, yaşı gənc olsa da. Türkiyədə ssenari müsabiqəsində iştirak etmişdi. Təqdim etdiyi üç ssenarini oxumuşdum. Yarışmaya qatılanda 19 yaşı vardı. 300 ssenarist arasında bir neçə mərhələni keçdi, 29 ya da 30-cu yer oldu. O zaman da hissiyyatımın doğru olduğunu görmüşdüm. Ərhun da həmçinin. Onun da multimedia istiqamətində maraqları var. Video filmlər hazırlayır, montajı rahatca edir. Onun da televiziyaçı olmasını çox istərdim. Onların qabiliyyətləri budur. Amma heç zaman istəmərəm ki, mənlə bir yerdə işləsinlər.

- "Yeni Müsavat etibarlı əllərə vermək istəmirsiz?
- Qəzetçinin ömrü uzun olur, ölənə qədər qəzetçi olur. Onda istefa yoxdur, 70 yaşında da, 80 yaşında da qəzet yönəltmək gərəkir. Bu baxımından Azər Ayxan var, onlardan öncə. Mənim ən böyük varisim Azər Ayxandır. İstəyərdim ki, Aytən Türkiyədə qəzetçilik fəaliyyəti göstərsin. Doğrudur, bura gəlmədən əvvəl, onun "Hüriyyətdə işləmək imkanı var idi, iş təklifi etmişdilər. Mən isə "Hüriyyətdənsə APA-nı tərcih elədim. Niyə? Açığı, bir ata kimi seçim elədim. Çünki orda vəziyyət çətin idi. Mən Türkiyənin hara getdiyini görürdüm, indi də görürəm. Amma bilin, yaxın dövrdə dünyanın ən sabit nöqtəsi Azərbaycan olacaq. O nöqtə Türkiyə olmayacaq, təəssüf ki. Bunu ürəyim ağrıya-ağrıya deyirəm. Bir dəfə qızımın iki gün əvvəl getdiyi yerdə, Sultan Əhmədin qarşısında terror oldu. Düşündüm ki, ya iki gün əvvəl olaydı bu. Ondan sonra qərar verdim ki, gəl burda APA-da işlə. İşə yeni başlayan övladımı terrora qurban vermək istəmirəm.
- Nə vaxt çəkilmək istəyirsiniz mətbuatdan?
- Elə indi, həmən. Keşkə Azər Ayxan, redaktorlar deyə ki, get bir il, iki il istirahət elə. Böyük məmnuniyyətlə gedərdim. Bir yerdə oturub yaradıcılıq işlərini başa vurmaq istəyərdim.