“Şərur” Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundovun milyonluq avtomobillərinə həbs qoyulub.

"Unikal" "Qaynarinfo"ya istinadən xəbər verir ki, iş adamına məxsus 9 avtomobilə Bakı şəhəri, Nərimanov rayon İcra Şöbəsinin icra məmuru tərəfindən həbs qoyulub.

İsfəndiyar Axundovun avtomobillərinə həbs qoyulmasına səbəb isə 482.000 ABŞ dolları borcunun olmasıdır.

“Şərur” Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundov milyonluq avtomobillərinə həbs qoyulduğu üçün Nərimanov Rayon Məhkəməsinə üz tutmalı olub.

Məhkəmədə İ.Axundovun nümayəndəsi iddia qaldırıb ki, icra sənədi üzrə borcun məbləği 482.000 ABŞ dolları olduğu halda, avtomobillərin ümumi dəyəri həmin borcun məbləğindən dəfələrlə artıqdır.

Üzərinə həbs qoyulmuş avtomobillərdən birinin təxmini satış qiyməti 142.000 ABŞ dolları, təkcə “Lamborghini Plug-İn Hibrid” hibrid minik markalı 10-P0-200 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qiyməti 550.000 ABŞ dolları təşkil edib.

Aşağıdakı avtomobillərə də həbs qoyulub:

- “Lx 600” MİNİK markalı, “AA” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;

- “Lamborghini” markalı “YA” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;

- “Toyota Hilux minik” markalı, “PZ” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;

- “Jiusheng Js-Hqcd25t056 Xüsusi.Təy” markalı, "JN” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi,

- “Kia Rio minik” markalı, “PF” və "PZ” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi,

- “Kia Carnival” markalı, "AT” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi.

Məhkəmədə İ.Axundovun nümayəndəsi bildirib ki, üzərinə həbs qoyulmuş yalnız iki avtomobilin qiyməti belə borcun məbləğindən yüksəkdir:

“Faktiki olaraq aktiv istifadəsində olan 9 avtomobilin üzərinə icra məmuru tərəfindən əsassız olaraq həbs qoyulması “Şərur” MTK-nın iş fəaliyyətinə mane olur”.

İ.Axundovun nümayəndəsi onu da deyib ki, avtomobillərə məhkəmə tərəfindən deyil, icra məmuru tərəfindən həbs qoyulması qanunsuz hesab edilməlidir.

Məhkəmə “Şərur” MTK-nın balansında olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərarı qanunsuz hesab edərək ləğv edib. Nərimanov Rayon İcra Şöbəsi tərəfindən yenidən məhkəməyə üz tutulacağı istisna edilməyib.

“Şərur” Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundov açıqlamasında avtomobillərinə həbs qoyulması ilə bağlı məlumata belə şərh verib: “Yalandır, əlimdə məhkəmə qərarı var”.