Yol infrastrukturunun inkişafı, yeni yolların salınması və asfalt örtüyünün yenilənməsi prosesi Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH)  daim diqqətində olan məsələlərdəndir.

"Unikal" xəbər verir ki, təmirə ehtiyacı olan bütün şəhərdaxili yolların siyahısı müəyyənləşdirilib və onların əsaslı təmiri büdcədən ayrılan vəsaitə uyğun olaraq növbəlilik əsasında həyata keçirilir.

Qeyd edək ki, yeni asfalt örtüyü nəqliyyat vasitələrinin hərəkətini asanlaşdırır, qəzaların qarşısını almağa kömək edir, şəhərin ümumi görünüşünü və estetik dəyərini artırır, eləcə də yolun uzunömürlülüyünü təmin edir.

Lənkəran şəhərində də cari ildə 8 küçənin asfraltlanması nəzərdə tutulur ki, bunlar Kamil Kazımov, Vaqif küçəsi dalan 1, H.Z.Tağıyev, Molla Baba Axund, Mirzə Məhəmmədhüseyn Axund, Koroğlu, Şəkər Aslan və Füzuli dalan 3 küçələridir və artıq bu istiqamətdə işlərə başlanılıb. 

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov da sentyabrın 3-də hazırda asfaltlanması həyata keçirilən və asfaltlanmaya hazır vəziyyətə gətirilən 3 küçədə - H.Z.Tağıyev, Kamil Kazımov və Molla Baba Axund küçələrində aparılan asfaltlanma və hazırlıq işləri ilə yerində tanış olub, işin gedişatı ilə maraqlanıb.

 Qeyd edək ki, digər 5 küçədə asfaltlanmanın aparılmasına hazırlıq işlərinə başlanılıb, yaxın günlərdə sözügedən küçələrin də asfaltlanması həyata keçiriləcək.

Küçələrə yeni asfalt örtüyünün döşənməsi işləri Lənkəran sakinləri tərəfindən məmnuniyyətlə qarşılanır, yerli sakinlər rayonumuza göstərilən xüsusi diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.