Ağsuda qəsdən yanğın törədən şəxs müəyyən edilib.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Ağsu rayonunun Nəvahi kəndi ərazisində yanğın baş verməsi və ətraf üçün təhlükənin yaranması barədə məlumat daxil olub.

FHN-in yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı əkin sahəsinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub.

Belə ki, Xidmət tərəfindən həyata keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin Ağsu rayonunun Nəvahi kənd sakini 1951-ci il təvəllüdlü Mahir Rəhim oğlu Qaniyev tərəfindən törədildiyi müəyyən olunub və vətəndaş törətdiyi əməli etiraf edib.

Faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.