"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə təşkil etdiyi "Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı" layihəsinin icrasına başlanılıb.

"Unikal" xəbər verir ki, layihə çərçivəsində 1 sentyabr tarixində Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin Şəhid Yaxınları və Qazilər Baş İdarəsinin təmsilçiləri və şəhid ailələri üzvlərindən ibarət 20 nəfərlik heyətin ölkəmizə səfəri başlayıb.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanan heyət öncəliklə Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüblər. Şəhidlər xiyabanı və "Türk şəhidliyi" abidəsini də ziyarət edən nümayəndə heyəti Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizi dərin ehtiramla yad ediblər. Daha sonra qonaqlar Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisini ziyarət edərək Agentlik rəhbərliyi ilə görüşdə iştirak ediblər. Agentliyin İcraçı direktoru Aygün Əliyeva Türkiyə şəhid ailələrini ölkəmizdə görməkdən qürur duyduqlarını bildirib və bu layihənin iki qardaş ölkənin ortaq milli-mədəni dəyərlərinin təbliği baxımından mühüm əhəmiyyətə sahib olduğunu vurğulayıb.

Günün sonunda Türkiyə nümayəndə heyəti üçün Bakı şəhərinin mərkəzinə gəzinti təşkil olunub. Gəzinti zamanı qonaqlar Dənizkənarı Bulvar, Dağüstü park və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət ediblər. 2 sentyabr tarixində ölkəmizə səfər edən qonaqlar üçün Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər təşkil edilib. Səfər çərçivəsində iştirakçılar əvvəlcə Xocalı şəhər 1 nömrəli tam orta məktəbi ziyarət edib, daha sonra isə Qarabağ Universitetinə baş çəkərək ali təhsil müəssisəsinin fəaliyyəti və inkişaf perspektivləri barədə ətraflı məlumat alıblar. Günün davamında qonaqlar Şuşa qalası, Cıdır düzü, Yuxarı Gövhər Ağa Məscidi və Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhərindəki Xüsusi Nümayəndəliyində olublar və onlara şəhərin tarixi, mədəni və strateji əhəmiyyəti barədə məlumat verilib.