Sosial şəbəkələrdə özünü şairə kimi təqdim edən İlhamə Əskərovanın (Elşadqızı) cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə İlhamə Əskərovanın mənzilindəki yoxlama zamanı iştirak edən polis əməkdaşlarından növbəti bir nəfəri şahid kimi sərbəst ifadə verib.

Əməliyyatçı təqsirləndirilənin çantasından narkotik maddənin aşkar olunduğunu, İlhamə Əskərovanın da həmin maddənin şəxsi istifadəsi üçün olduğunu onlara bildirib. İ.Əskərova isə ifadə verən şəxsə etiraz edib.

Müdafiə tərəfi müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı yenidən məhkəməyə vəsatət təqdim edib.

Müşavirədən sonra vəsatətin əsassız olduğu bildirilərək təmin edilməyib.

Vəkilin növbəti vəsatəti isə İlhamə Əskərovanın anası Almaz Əskərovanın əlavə şahid kimi prosesdə dindirilməsi ilə bağlı olub. Dövlət ittihamçısı buna etiraz etsə də, təqsirləndirilənin anasının prosesdə ifadə verməsi təmin olunub.

Almaz Əskərova ifadəsində bildirib: "Biz səhər evdəydik, birdən qapı döyüldü. Qapını açanda 5-6 nəfər içəri girdi. Dərhal İlhaməni yoxlamağa başladılar. Məni çıxartdılar çölə. Evi yoxladılar. Mən də pəncərədən görürdüm. Sonra gördüm ki, qızımın əlləri qandallıdır".

Növbəti iclas sentyabrın 17-nə təyin olunub.

Qeyd edək ki, “TikTok” əməliyyatları çərçivəsində aparıcı Azər Zahid , Abdullayev Emin və Rəşad qardaşları və digərləri saxlanılıb. Onların barəsində həbs qərarı çıxarılıb. İlhamə Elşadqızı aparıcı Azər Zahid tərəfindən "TikToker"lərin iştirakı ilə təşkil olunan yarışmalarda iştirakçı olub.

Seymur Əli