Xəbər verdiyimiz kimi, Elgün Səmədov səhiyyə naziri Teymur Musayevin müşaviri vəzifəsinə təyin edilib.
"Unikal"ın məlumatına görə, nazirin müşaviri təyin olunan 42 yaşlı E.Səmədov ümumi cərrahdır. O, 2006-cı ildə Hərbi Tibb Fakültəsindən tibb xidməti leytenantı kimi məzun olaraq Gədəbəydə yerləşən hərbi hissədə tabor həkimi işləyib.
Daha sonra Müdafiə Nazirliyinin digər hərbi hissələrində müxtəlif vəzifələrdə tibb xidməti mayoru rütbəsinə qədər yüksəlib. Həmçinin, Türkiyənin Gülhanə Hərbi Akademiyasında cərrahiyyə üzrə təkmilləşdirmə kursu keçib.
2016-cı ildə həkimin fotosu sosial şəbəkələrdə geniş paylaşılmışdı. Belə ki, həmin ilin Aprel döyüşlərində ümumi cərrah Elgün Səmədov xeyli sayda uğurlu cərrahiyyə əməliyyatları keçirmişdi.
Qeyd edək ki, öz istəyi ilə hərbi xidmətdən tərxis olduqdan sonra fəaliyyətini Milli Onkologiya Mərkəzində onkoloq cərrah kimi davam etdirib. Son illərdə isə bir neçə tanınmış özəl xəstəxanalarda işləyib.
Seymur Əli