Xəbər verdiyimiz kimi, Yapon təcavüzünə qarşı Çin Xalq Müqavimət Müharibəsində və İkinci Dünya Müharibəsində qələbənin 80 illiyi şərəfinə Pekində Tiananmen meydanında genişmiqyaslı hərbi parad keçirilib.
"Unikal" xəbər verir ki, bu gün keçirilən paradda 40 minə yaxın hərbçi və 500-dən çox ən son model hərbi texnika keçid edib. Paradı yüzdən çox təyyarə ilə təmsil olunan hava-desant bölməsi başa vurub.
Tiananmen meydanında keçirilən hərbi paradda Çin özünün ən son silah və hərbi texnikasını nümayiş etdirib: gəmi əleyhinə raketlər, döyüş və kəşfiyyat pilotsuz təyyarələri, nüvə başlıqlı ballistik hipersəs raketlər və pilotsuz uçuş aparatları.
Çin ilk dəfə olaraq bu paradda öz nüvə triadasını nümayiş etdirib: Strateji Raket Qüvvələri, dəniz və hava strateji nüvə qüvvələri üçün silahlar.
Qeyd olunub ki, Pekin paradında nümayiş etdirilən bu nüvə raketi Yer kürəsinin istənilən nöqtəsini vura bilir.
Ağarza Elçinoğlu