Bir müddət öncə övladının müalicəsi üçün Almaniyaya gedən Azərbaycan vətəndaşı Cavadov Rəşad Mirəbülfəz oğlu problemlə üzləşib. 

O, bu barədə "Unikal"a açıqlamasında Azərbaycan səfirliyinə müraciət etdiyini bildirib. 

Məlum olub ki, 1982-ci il təvəllüdlü R.Cavadov 15 yaşlı skolioz xəstəsi olan qızı Səhadət Cavadovanı müalicə edə bilmək üçün Almaniyaya aparıb. Burada qızının əməliyyatı alınmayıb, daha sonra ata özü də xəstələnib. O, xəstəxanada olduğu müddətdə övladına baxılması üçün "Das Jugendamt" adlı mərkəzə həvalə edib. Problem isə bundan sonra yaranıb. 

"Onlara dedim ki, müalicə olunmaq üçün xəstəxanaya gedirəm. Uşaq baxımsız qalmasın deyə, sizə həvalə edirəm. Onlar da razılaşdılar. Xəstəxanadan çıxandan sonra, yəni bu ilin aprel ayından bəri onlar övladımı mənə vermir. Səbəb kimi mənim xəstəliyimi göstərirlər, guya ki, mən uşağa baxa bilmərəm. Uşağı da nə əməliyyat edirlər, nə də geri qaytarırlar",  - deyə R.Cavadov qeyd edib. 

O, Almaniyaya mühacir kimi getdiyini, lakin peşman olduğunu da deyib: "Mühacirət etmişdim, amma indi istəyirəm ki, Azərbaycana geri qayıdım. Uşağa görə qayıda bilmirəm. Elə təhlükəli bir xəstə də deyiləm, psixoloji narahatlığım var. Qızımla dəfələrlə görüşmüşəm, təhlükəli olsaydım, görüşə icazə verməzdilər. Çox böyük səhv edib bura gəldim, ən gözəli Azərbaycandır. Burada heç nə yoxdur". 

Ağarza Elçinoğlu