Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən dövlət informasiya ehtiyatlarının kibertəhdidlərdən mütəmadi və kompleks şəkildə qorunması istiqamətində fəaliyyət ardıcıl olaraq davam etdirilir.

Dövlət Xidmətindən "Unikal"a verilən məlumata görə, cari ilin avqust ayı ərzində XRİTDX tərəfindən aparılan monitorinq və analizlər nəticəsində 39 kiberhücum indikatoru müəyyən edilib.

Bildirilib ki, sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusi hədəflənmiş APT (“Advanced Persistent Threat”) kiberhücumların qarşısı alınıb.

Avqust ayı ərzində XRİTDX tərəfindən görülmüş tədbirlər nəticəsində “AzStateNet” şəbəkəsi üzrə 31,759,074 zərərli keçid, "Sandbox" mühafizə sistemi vasitəsilə 8,408 zərərverici tərkibli elektron sənəd, həmçinin dövlət qurumlarının son istifadəçilərinin qoşulduğu mərkəzləşdirilmiş təhlükəsizlik həlli üzrə 2,850,500zərərli fəaliyyət bloklanıb.

Bununla yanaşı kiberkəşfiyyat imkanlarından istifadə etməklə avqust ayı ərzində dövlət qurumlarının domenlərinə bənzədilmiş 2 saxta domen aşkarlanaraq bloklanması həyata keçirilib.

Qeyd edilib ki, XRİTDX informasiya təhlükəsizliyi sahəsində davamlı və qabaqlayıcı tədbirlər həyata keçirməklə dövlət qurumlarının rəqəmsal mühitdə fasiləsiz və təhlükəsiz fəaliyyətini etibarlı şəkildə təmin etmək istiqamətində işləri davam etdirir.