Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti qəbul keçirib.
"Unikal" xəbər verir ki, rayon sakinlərinin iştirak etdiyi səyyar qəbul 3 sentyabr 2025-ci il tarixdə 186 nömrəli tam orta məktəbdə baş tutub.
Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər. Vasif İmanov görüş iştirakçılarını salamlayaraq qeyd edib ki, vətəndaşların qəbulu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhali ilə daha sıx təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirilir və əsas məqsəd insanların problemlərini dinləmək və operativ şəkildə həll etməkdir. Sonra RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verdi. Natiq bildirdi ki, ölkəmizin nüfuzu dünyada günü-gündən artır.
Qeyd edilib ki, Prezident İlham Əliyevin dünyada gedən geosiyasi və geoiqtisadi proseslərə böyük uzaqgörənliklə yanaşması, hadisələri düzgün qiymətləndirmək qabiliyyəti həyata keçirilən xarici siyasətin uğurlarını şərtləndirən əsas faktorlardan biridir. Qeyd edilib ki, ölkəmiz Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Ard-arda dövlət başçımızın xaricə səfərləri, səfərlər çərçivəsində imzalanan sazişlər, ölkəmizə gələn xarici qonaqlar və baş tutan nüfuzlu beynəlxalq konfranslar bunun bariz nümunəsidir. Sonda vətəndaşların müraciətləri dinlənildi.
Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən işlə təmin olunma, abadlıq-quruculuq işləri və s. məsələlər ilə bağlı müraciət ediblər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alınıb və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.