Sığorta hadisəsi baş vermiş "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödəmək üçün Əmanətlərin Sığortalanması Fondu Mərkəzi Bankdan kredit götürəcək.

Unikal.org APA-ya istinadən bildirir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bağlanan 4 bank üzrə ümumilikdə kompensasiya olunan əmanətlər 126 mln. 956 min manat təşkil edir: "Bizim hazırda 26 milyon manata yaxın vəsaitimiz var. Bizə bağlanan banklarda əmanətçilərə kompensasiya vermək üçün 100 milyon manata ehtiyacımız var. Biz bununla bağlı Mərkəzi Banka müraciət edəcəyik".

A.Cavadov əlavə edib ki, banklarda əmanətlərin təqribən 80%-i xarici valyutada, 20%-i milli valyutadadır.

Qeyd edək ki, adıçəkilən 4 bankın lisenziyasının ləğv olunması ilə bağlı
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin bank lisenziyaları ləğv olunub.

Palata bu qərarını həmin bankların aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirmədiklərinə, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmadıqlarına, məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiklərinə, təhrif edilmiş hesabatları təqdim etdiklərinə, bütövlükdə cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etmədiklərinə, eləcə də nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirmədiklərinə görə qəbul edib.

Maraqlıdır ki, palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirdiyi mətbuat konfransında deyib ki, lisenziyası ləğv olunan banklarda ümumilikdə 140 mln. 300 min manat məbləğində qorunan əmanət var.